Riyada zərbələrə qarşı hərbi cavab hüququmuzu saxlayırıq.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud bildirib.
Riyadda keçirilən ərəb və islam ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısından sonra çıxış edən nazir, paytaxt Riyada endirilən raket zərbələrini kəskin pisləyib.
O bildirib ki, İran tərəfindən mülki infrastruktura və enerji obyektlərinə edilən hücumlar qəbuledilməzdir:
“Krallığın rəhbərliyi vaxtı çatanda lazımi qərarlar qəbul edəcək. İran anlamalıdır ki, bu hərəkətlərin nəticələri olacaq”.
Məlumata görə, son 24 saat ərzində Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri paytaxt Riyad üzərində 4 ballistik raketi zərərsizləşdirib.
Zərbələr nəticəsində mülki şəxslər arasında xəsarət alanların olduğu və bəzi obyektlərə ziyan dəydiyi bildirilir.
Feysəl bin Fərhan əlavə edib ki, rəsmi Riyad hərbi cavab hüququnu qoruyub saxlamaqla yanaşı, diplomatik və iqtisadi təzyiq rıçaqlarından da istifadə edəcək.
Xuraman Etibarlı
İnterpress.az