AZ

İri fiqurlar ÖLDÜRÜLDÜ, bəs İranı kimlər idarə edir?

Xəbər verildiyi kimi, Əli Laricaninin öldürülməsi ilə boş qalan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə Səid Cəlili təyin olunub. İranın siyasi dairələrində sərt xətt tərəfdarı kimi tanınan Səid Cəlili əvvəllər müxtəlif yüksək vəzifələrdə çalışıb. O, 2024-cü il prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olub.

Laricaninin yeri cəmi iki gün boş qaldı. ABŞ və İsrailin İrana qarşı hərbi zərbələri başlayan gündən indiyə qədər demək olar ki, əksər yüksək əhəmiyyətli dövlət vəzifələrini tutan şəxslər öldürülüb. Diqqət çəkən məqam odur ki, öldürülən mühüm vəzifəli şəxslərin yerinə dərhal yeni kadr tapılır və təyin edilir.

Bu, nəyin göstəricisidir? İrandakı sistemdən irəli gəlir, yoxsa kadr potensialının, kadr ehtiyatının yüksək səviyyədə formalaşdırılmasının nəticəsidir?

İranşünas siyasi analitiklər hesab edir ki, yüksək vəzifəli şəxslərin qısa müddətdə əvəzlənməsi təsadüfi deyil və bir neçə struktur amilin nəticəsidir. Burada həm sistemin quruluşu, həm də kadr ehtiyatı paralel rol oynayır. İranın təhlükəsizlik və idarəetmə sistemi fərdi şəxslərdən çox, institutlara əsaslanır. İranın Ali Milli Təhlükəsizlik Şurası kimi qurumlarda qərarlar kollegial şəkildə hazırlanır və icra olunur. O deməkdir ki, bir nəfərin aradan çıxarılması qərar mexanizmini iflic etmir, əvvəlcədən müəyyən edilmiş “varislik zənciri” mövcuddur.

İranda

İranda klassik dövlət institutları ilə yanaşı, çox güclü paralel sistem fəaliyyət göstərir, xüsusilə SEPAH. Bu struktur öz daxilində geniş kadr bazasına malikdir, hərbi, təhlükəsizlik və sənaye sahələrində yetişmiş kadrlar hazırlayır. Bu isə zərurət yarananda sürətli rotasiya imkanı verir. 
İran uzun illərdir sanksiyalar və təhdidlər altında yaşadığı üçün “böhran şəraitində idarəetmə” modelini formalaşdırıb, ehtiyat kadr bankı yaradıb, eyni vəzifə üçün bir neçə alternativ namizəd yetişdirir.

İranda yüksək vəzifələrə gələn şəxslər yalnız peşəkar yox, həm də ideoloji baxımdan yoxlanılır. Bu proses sistemə sədaqəti təmin edir, idarəetmədə kadr uyğunluğu yaradır, fövqəladə hallarda sürətli təyinatı asanlaşdırır. Əgər yüksək səviyyəli şəxslər ardıcıl hədəfə alınırsa, bu artıq sistem üçün “adi risk” kimi qəbul olunur. Buna uyğun olaraq alternativ idarəetmə ssenariləri hazırlanır fövqəladə təyinat mexanizmləri işə düşür.

Etibar Seyidağa
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr