AZ

İrana hücum 23 il öncə başladı-Qurban bayramı günü asılan Səddam Hüseyn, Ramazanda isə…

2003-cü ilin 19 mart tarixi hələ də yaddaşlardan silinməyib. Amerika və müttəfiqlərinin İraqa hücumundan 23 il ötür. Bu ölkədə bir milyondan çox insanın ölümünə səbəb olan müharibə İraqda atom silahının olması ittihamı ilə başlamışdı. Sonda isə bu silahın nə izi, nə də tozu tapıldı. Üstəgəl, İraq prezidenti Səddam Hüseyn bəlkə də müsəlman dünyasına “göz dağı olsun” deyə Qurban bayramı günü asıldı...

Bu gün də bir sual hər kəsi düşündürür. Əslində Yaxın Şərq savaşı elə 2003-cü ildənmi geniş şəkil aldı? İrana bu gün edilən hücumdan çıxış etsək, 23 il öncə atılan addımların dalğası bu günə qədər gəlib çatıb?

19 mart 2003-cü il yalnız bir müharibənin başlanğıcı, yoxsa bu gün də davam edən böyük qarşıdurmanın ilk səhifəsi idi?

WhatsApp

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a söylədi ki, 2003-cü il 19 martda İraq müharibəsinin başlanması ilə başlayan hərbi əməliyyatlar təkcə Səddam Hüseyn rejiminin devrilməsi ilə məhdudlaşmadı:

“Bu hadisə Yaxın Şərqin geosiyasi xəritəsinin yenidən formalaşmasına səbəb olan dönüş nöqtəsinə çevrildi deyə bilərik. Rəsmi əsaslandırma kimi irəli sürülən “kütləvi qırğın silahları” iddiası sonradan təsdiqini tapmadıqca, bu müdaxilənin daha geniş strateji məqsədlərə xidmət etdiyi barədə fikirlər də təbii olaraq gücləndi. ABŞ rəhbərliyində qurulan koalisiya bir tərəfdən təhlükəsizlik ritorikasını önə çıxarsa da, digər tərəfdən regionda güc balansını öz xeyrinə dəyişmək niyyətini gizlətmirdi. Səddam Hüseyn rejiminin devrilməsi ilə İraq regionda tarazlaşdırıcı faktor rolunu itirdi. Uzun illər İran qarşısında əks-qüvvə kimi çıxış edən Bağdadın zəifləməsi Tehranın təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Beləliklə, ABŞ-ın müdaxiləsi paradoksal şəkildə İranın regionda mövqelərini gücləndirən amillərdən birinə çevrildi. İraq daxilində formalaşan yeni siyasi sistemdə şiə qüvvələrinin önə çıxması da bu prosesi sürətləndirdi.

İraqın dövlət institutlarının dağılması isə daha dərin və uzunmüddətli nəticələr doğurdu. Ordu və təhlükəsizlik strukturlarının ləğvi ölkədə ciddi hakimiyyət boşluğu yaratdı. Bu boşluq isə radikal qrupların və terror şəbəkələrinin güclənməsi üçün münbit şərait formalaşdırdı. Sonrakı illərdə İŞİD kimi strukturların meydana çıxması məhz bu xaotik mühitin birbaşa nəticəsi idi. Beləliklə, İraq müharibəsi regionda sabitsizliyin artmasına və təhlükəsizlik mühitinin kəskin şəkildə pisləşməsinə yol açdı.

Həqiqətən də bu proseslərin təsiri yalnız İraqla məhdudlaşmadı. Dövlətlərin zəifləməsi və daxili qarşıdurmaların dərinləşməsi regionda geosiyasi rəqabəti daha da kəskinləşdirdi. Dediyiniz Suriya və Liviya kimi ölkələrdə baş verən hadisələr də İraqdan sonra formalaşan “domino effekti”nin davamı kimi qiymətləndirilə bilər”.

Ekspertin sözlərinə görə, İraq müharibəsinin daha geniş strategiyanın bir hissəsi olub-olmaması məsələsinə gəldikdə isə, bu müdaxilə Yaxın Şərqdə siyasi düzənin yenidən qurulmasına yönəlmiş uzunmüddətli planın ilk mərhələsi kimi qiymətləndirilə bilər:

“Bu kontekstdə İran faktorunun ön plana çıxması təsadüfi deyil. ABŞ-ın İraqı işğalı Tehranın regional təsirini artırmaq üçün tarixi imkan yaratdı və bu gün İranla bağlı gərginliyin kökləri də müəyyən mənada həmin dövrə gedib çıxır.

Odur ki, 19 mart 2003-cü il bu günə qədər davam edən geosiyasi proseslərin start nöqtəsi kimi qiymətləndirilə bilər. İraqda baş verənlər regionda güc balansını dəyişdirdi, yeni risklər və qarşıdurma xətləri formalaşdırdı. Bu baxımdan, “İrana gedən yol Bağdaddan keçdimi?” sualı, əslində, ritorik deyil, əksinə, Yaxın Şərqdə bu gün müşahidə olunan mürəkkəb reallığın izahı üçün açar tezislərdən biri olaraq qalır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr