Ötən ay Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs edilmişdi. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələblərini pozmaqda ittiham edilən Müşfiq Abbasovun hansı paylaşıma görə həbs edildiyi ictimaiyyətdə də maraqla qarşılanmışdı.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Hüseyn Rüstəmli məhkəmədə izahatında bildirib ki, Müşfiq Abbasov əhalinin qütbləşməsinə, əhali arasında ayrı-seçkiliyin salınmasına, hakimiyyət nümayəndələri barəsində təhrif edilmiş və həqiqətə uyğun olmayan stereotiplərin formalaşdırılmasına yönələn, eləcə də əhalinin müəyyən seqmenti barəsində cəmiyyətdə bərqərar olmuş mənəvi dəyərlərə toxunan böhtan xarakterli məlumatlar yayıb.
Məhkəmə iclası zamanı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşı Müşfiq Abbasovun sosial şəbəkədə “Epşteyn işi” ilə bağlı səsləndirdiyi fikirə görə inzibati məsuliyyətə cəlb edildiyini və çıxışında işlətdiyi “varlı” sözünü “vəzifəli şəxs” sözü ilə ümumiləşdirib vətəndaşlarla vəzifəli şəxslər arasında nifaq yaradaraq cəmiyyəti bölməyə çalışır.
Bununla bağlı prokuror bildirib ki, varlı şəxslərlə vəzifəli şəxslər ayrı-ayrı anlayışlardır, hal-hazırki vəziyyətdə dövlətin verdiyi əmək haqqı ilə heç kim varlana bilməz, vəzifəli şəxs dövlətin verdiyi əmək haqqı ilə yaşayıb dövlətə və millətə xidmət edən şəxslər kateqoriyasıdır. Varlı şəxslər isə biznes xidmət, ictimai iaşə sahəsində və s. sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub müəyyən kapital ehtiyyatına malik olan şəxslərdir.
İş materiallarında olan baxış protokolunda Müşfiq Abbasovun feysbuk hesabında “Dünyada varlılar tərəfindən törədilən cinayətlər daha dəhşətlidir, xüsusilə seksual cinayətlər. Böyük bağ evləri və villarda elə gizli və çirkin şeylər baş verir ki... Amma təəssüf ki, əksəriyyəri heç bilinmir. Bir dostum danışırdı ki, tanıdığı qızlardan birini Dubayda ərəb şeyxləri qorilla meymunu ilə eyni qəfəsə salıblar. Qəfəsdə varlı qaniçənlərin gözləri qarşısında meymun qızı dəfələrlə zorlayıb. Bu mənzərədən həzz alanlar isə hamısı varlılar olub. Qız qəfəsdən çıxandan sonra xəstəxanaya yerləşdirilib. Epişteyn adasında da oxşar şeylər olub. İndi görün ki, dünyanı kimlər idarə edir. Nəzərə alanda ki, bizim də gizli Epişteynlərimiz və meymunları olan manyaklarımız var, adam hər şeyə tüpürüb gedib ucqar bir kənddə çobanlıq etmək istəyir” paylaşımı etdiyi vurğulanıb.