Adaptiv işıqforların ənənəvi işıqforlardan fərqi "Adaptiv işıqforların ənənəvi işıqforlardan fərqinə gəlincə, “Ağıllı işıqforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür" - deyə NİİM rəsmisi əlavə edib: "Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə işıqforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi işıqforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır. Məlumatda yeni sistemin nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında verdiyi reaksiyaya da aydınlıq gətirilib. Vurğulanıb ki, pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi işıqforlar bunu nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır". Dərhal analiz, istiqamətlərin prioritetini dəyməsi O, bildirib ki, qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır. "Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda işıqforların yaşıl işığı daimi yanmaqla vaxt itkisinin qarşısı alınmış olacaq. Bundan başqa, xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15–30 faiz azaldır. Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı işıqforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur. Dəyişikliyə gəldikdə isə hazırda svetoforlar sınaq müddətində işləyirlər və bu vaxta qədər hər hansısa problem aşkar edilməyib. Məsələ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır". Artan sürət NİİM rəsmisi deyib ki, ilkin müşahidələrə əsasən ağıllı işıqforların quraşdırıldığı kəsişmələrdə nəqliyyat vasitələrinin hərəkət sürəti 5-10 km/saat artıb. “Müşahidələr və təhlillər davam etdirilir”.