Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“İran məsələsində ABŞ-ın bir neçə maraq və məqsədi var. Bunlardan birincisi İranı öz iradəsinə tabe etdirmək və anti-Amerika siyasətinin qarşısını almaqdır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu bildirib ki, İran Yaxın Şərqdə ABŞ maraqlarına zərbə vurmaq üçün proksi qüvvələr yaradıb. Eləcə də Rusiya və Çini dəstəkləyir, habelə özü yeni kütləvi qırğın silahı əldə etməklə dünyada yeni bir güc mərkəzi yaratmağa çalışır. Bütün bunlar faktiki olaraq ABŞ-a qarşı fəaliyyətdir.
Amerikanın İrana qarşı ikinci məqsədinə gəldikdə, S. Cəlaloğlu qeyd edib ki, bu, Rusiya-Ukrayna müharibəsində Moskvanın müttəfiqi olan Tehranı sıradan çıxarmaq, habelə Rusiyadan müəyyən güzəştlər əldə etməkdir: “Üçüncü məqsədi isə imkan yaranarsa, indiki İran rejimini dəyişdirmək, orada “oyuncaq” bir rejim qurmaqdır”.
ABŞ-ın dünyada beş strateji və geosiyasi ərazi müəyyən etdiyini deyən ADP sədri bunları ardıcıllıqla sadalayıb:
“Koreya, Ukrayna, Türkiyə, İran və Azərbaycan. Azərbaycan və Türkiyə ABŞ-la faktiki strateji müttəfiqlik münsibətlərinə malikdir. Koreya yarımadasında həm ABŞ-a yaxın, həm də ABŞ-a qarşı olan qüvvələr müəyyən möve əldə ediblər. Elə bu səbəbdən də Koreya parçalanıb. Ortada Ukrayna və İran qalıb. İndiki halda Ukrayna uğrunda müharibə gedir. Eləcə də İran uğrunda savaş davam edir. Görünən odur ki, bu əraziləri ələ almaq və saxlamaq məsələsi olduqca prinsipialdır”.
S. Cəlaloğlunun fikrincə, indiki halda ABŞ-ın İranla bağlı siyasəti iki mümkün nəticəyə hesablanıb: “Əgər mümkünsə, İrandakı hakimiyyəti dəyişmək, İranı təslim etmək, əgər bu mümkün olmayacaqsa, İranı tarixi inkişafdan saxlamaq, 50-100 il geri atmaq. Əgər bunların heç biri olmayacaqsa, o zaman ən azı İranda müəyyən güzəştlərə getməklə paralel olaraq Ukraynada Rusiyanın güzəştə getməsinə nail olmaqdır”.
Müsahibimizin sözlərinə görə, indi hadisələr göstərir ki, ABŞ hələlik İranda ən vacib məqsədlərinə çata bilməyib. Odur ki, müharibə ən azı qarşıya qoyulan məqsədlərdən birinə çatana qədər davam edəcək.
S. Cəlaloğlu bildirib ki, bu prosesdə İsrail ABŞ-ın sözçüsü kimi çıxış edir və birmənalı olaraq İranda rejimin dəyişdirilməsini istəyir: “Bu, İsrailin proritetidir. Artıq nüvə bombası, zənginləşdirilmiş uran və neft ikinci dərəcəlidir. İsrailin yeganə məqsədi İranda rejimi dəyişdirməkdir”.
Partiya sədri sonda əlavə edib ki, bəzən İsrailin sanki ABŞ-ın nəzarətindən çıxdığı görünsə də, bu, belə deyil: “Bəzi məqamlarda ABŞ İsraili önə verir. Bu da belə təəssürat yaradır ki, İsrail ABŞ-ın sözünə baxmır, tam müstəqil siyasət aparır və s. Amma mən belə hesab etmirəm”.
Nemət ORUCOV
Reyting.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.