AZ

Qlobal Bakı Forumu beynəlxalq gündəliyin müzakirə olunduğu nüfuzlu platforma kimi önə çıxır - ŞƏRH

Bakı, 19 mart, AZƏRTAC

Qlobal Bakı Forumu son illərdə yalnız regional deyil, həm də qlobal gündəmin müzakirə olunduğu əsas platformalardan birinə çevrilib. Xüsusilə İran və Yaxın Şərqdə baş verən gərginliklər və münaqişələr fonunda Forumun Bakı şəhərində keçirilməsi onun siyasi və diplomatik əhəmiyyətini daha da artırır. Bu şəraitdə Azərbaycan kimi neytral və dialoq üçün açıq platformada belə bir forumun təşkili müxtəlif tərəflər arasında fikir mübadiləsini və mümkün kompromislərin axtarışını təşviq edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, Forum, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynayaraq fərqli baxışların qarşıdurma deyil, müzakirə müstəvisinə çıxarıldığı mühüm beynəlxalq platformaya çevrilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, siyasətçiləri, ekspertləri, akademikləri və elm-təhsil sahəsinin nümayəndələrini bir araya gətirir. Bu baxımdan Forum qlobal problemlərin açıq müzakirəsi üçün etibarlı platforma yaradır və müxtəlif siyasi mövqelərin sərbəst ifadəsinə imkan verir. Burada iştirak edən nümayəndələr yalnız rəsmi çıxışlarla kifayətlənmir, eyni zamanda, qlobal və genişmiqyaslı problemlər üzrə alternativ yanaşmalar irəli sürür, praktik həll yolları təklif edirlər.

"Forum çərçivəsində şəhərsalma və iqlim məsələləri də xüsusi diqqət mərkəzində oldu. Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının nüfuzlu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) nəzərə alınaraq bu istiqamətdə panel müzakirələrinin təşkili mühüm əhəmiyyət kəsb edir. Davamlı urbanizasiya, iqlim dəyişikliyi və resursların səmərəli idarə olunması kimi məsələlər, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün aktualdır. Forum isə bu sahədə təcrübə mübadiləsi və ortaq yanaşmaların formalaşdırılması üçün mühüm imkanlar yaradır",- deyə N. Həsənov vurğulayıb.

Deputatın sözlərinə görə, Qlobal Bakı Forumu beynəlxalq miqyasda artan nüfuzu ilə seçilir. Müxtəlif regionlardan yüksəksəviyyəli iştirakçıların cəlb olunması, qlobal gündəmin aktual problemlərinə diqqət yetirilməsi və müzakirələrin praktik nəticələrə yönəldilməsi onun əhəmiyyətini daha da artırır.

Azərbaycan beynəlxalq müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasəti bu kimi qlobal platformalar vasitəsilə ardıcıl şəkildə davam etdirir və ölkələrarası dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir.

Seçilən
37
azertag.az

1Mənbələr