AZ

"Müəllimlərə qarşı bu düşmənçilik niyə var?" -Səbinə Babayeva

Milli Məclisin deputatı Vüqar Bayramov təklif edib ki, sertifikasiya imtahanlarında 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayan müəllimlərin maaşları 35 faiz artırılsın. 

Dünən isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı bildirib ki, sertifikasiya imtahanından 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllim arasında əməkhaqqı fərqinin cəmi 10 faiz olması müəyyən mənada ədalət prinsipini tam təmin etmir.

İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, təhsil sahəsində inkişaf müəllimlərin dəstəklənməsi ilə mümkündür:

"Bu dəstəyin də hazırkı dövr üçün ən bariz nümunəsi sertifikasiya imtahanı olaraq nəzərdə tutulub. Sertifikasiya təhsilin keyfiyyətini artırmaq məqsədi daşısa da, icra prosesində boşluqlar, natamamlıqlar olduğundan narazılıqlara əsas verib. 30-31, 50-51, 70-71 sərhəd balları ciddi problemlərə təkan verir. Son günlər niyəsə müəllimlər cəmiyyəti narahat etməyə başlayıb və sertifikasiya imtahanı, eləcə də faiz artımı aktuallaşıb. Bu barədə müxtəlif fikir və təkliflər irəli sürülüb. Deyilir ki, sertifikasiya imtahanı ildə iki dəfə həyata keçirilsin, 71 faizi keçən müəllimlər yox, 80 faizi keçənlər 35 faiz artım alsın və s. Belə bir sual ortaya çıxır: Müəllimlərə qarşı bu düşmənçilik niyə var? Niyə müəllimin aldığı məvacib cəmiyyəti bu qədər narahat edir? Bu məvacib o təklifi verənlərin əmək haqqından çoxdurmu? Yoxsa müəllimin gördüyü iş, bu təklifi verənlərin görmədiyi işdən əziyyətsizdirmi? Nə qədər götür-qoy etsəm də, müəllimə qarşı yaranmış bu cəbhələşməni anlaya bilmirəm".

Həmsöhbətimiz vurğuladı ki, sertifikasiya ilə qiymətləndirməyə öncədən müsbət yanaşmayıb:

"Dövlət ali məktəbdə verdiyi təhsildən əmin olmalı və təsdiqləmə sənədinə (diplom) etibar etməlidir. Yəni məsələni kökündə həll etmək lazımdır, tikilmiş evin sonrakı bəzəyi ancaq çölündən ola bilər. Bünövrəni tökəndə hər şeyi yerli-yataqlı ölçüb-biçmək zəruri haldır. Yoxsa indiki halda bu imtahanlar psixoloji və peşəkar gərginlik yaradır, müəllim mənfəətcil şəkildə enerjisini şagirdə yox, özünə yönəldir. Davamlı stres halı müəllimi təhsilin mahiyyətindən uzaq qoyur. Dava yorğan davasına dönür. Qısacası, təhsil sistemində qərarlar qəbul edilərkən müəllimlərin real şəraiti, əməyinin dəyəri və motivasiya amilləri nəzərə alınmalıdır. Əks halda, bu cür yanaşmalar nə təhsilin keyfiyyətinə, nə də müəllimin nüfuzunun yüksəlməsinə xidmət edəcəkdir. Müəllimin işini çətinə salmaqla, onu tədrisdən uzaqlaşdırmaqla olan sizin övladlarınıza olur".

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr