AZ

Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 19 mart, AZƏRTAC

Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinin Sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, martın 20-dək davam edəcək Zirvə görüşündə liderlər Yaxın Şərqdə hərbi gərginliyin artmasını və İrandakı vəziyyəti müzakirə edirlər. Bu çərçivədə, xüsusilə enerji qiymətlərinə və enerji təhlükəsizliyinə təsirlər diqqət mərkəzindədir.

Sammitdə, həmçinin Aİ-nin strateji rəqabət qabiliyyəti, növbəti çoxillik maliyyə çərçivəsi, təhlükəsizlik və müdafiə, eləcə də miqrasiya məsələləri müzakirə olunacaq.

BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq vəziyyətin gərginləşməsi ilə əlaqədar çoxtərəfli əməkdaşlığın qorunması üçün Aİ və tərəfdaşlarının birgə fəaliyyət imkanlarını müzakirə etmək məqsədilə tədbirdə iştirak edir.

Gündəlikdə duran birinci mövzu İran və regiondakı vəziyyət, eləcə də bunun geosiyasi və iqtisadi nəticələrinə qarşı İttifaqın reaksiyası məsələsidir. Bu çərçivədə əsas diqqət enerji qiymətləri və enerji təhlükəsizliyi, Aİ vətəndaşlarının və şirkətlərinin qorunması yolları, gərginliyin azaldılması və regionda sabitliyin artırılması səylərinə yönəldilib. Bu kontekstdə Livanda, Qəzzada və İordan çayının qərb sahilindəki vəziyyət də müzakirə olunur.

Sammitdə, həmçinin mövcud qlobal şəraitdə Avropanın rəqabət qabiliyyətinin, dayanıqlığının və strateji muxtariyyətinin gücləndirilməsi yolları nəzərdən keçiriləcək, “Vahid Avropa, vahid bazar” gündəliyinin qəbulu gözlənilir.

Bundan başqa, Aİ-nin 2028-2034-cü illər üçün büdcəsi, Ukrayna böhranı, Avropanın müdafiəsi və təhlükəsizliyi, eləcə də miqrasiya məsələləri də müzakirə ediləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
azertag.az

2Mənbələr