AZ

AMF-nin baş katibi: Çempionatda bəzi oyunların böyükhesablı nəticələrlə başa çatması mənfi məqamdır

Bakı, 19 mart, AZƏRTAC

Ötən mövsümlə müqayisədə bu il yerli çempionatda daha çox komandanın mübarizə aparması müsbət hal kimi dəyərləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov səsləndirib.

O bildirib ki, çempionatda bəzi oyunların böyük hesablı nəticələrlə başa çatması mənfi məqam kimi diqqət çəkib: “Belə hallar müəyyən komandaların çempionat və ümumi rəqabət səviyyəsinə tam hazır olmadığını göstərirdi”.

Baş katib “Sumqayıt” komandasının çıxışını mövsümün sürprizi adlandırıb. Onun sözlərinə görə, komanda tarixində ilk dəfə pley-off mərhələsinə yüksələrək yarımfinala qədər irəliləyib və yalnız “Zirə”yə məğlub olaraq üçüncü yer uğrunda mübarizə aparacaq. “Zirə”nin çıxışına da toxunan O.Hüseynov qeyd edib ki, komanda ötən mövsümlə müqayisədə daha yaxşı təsir bağışlayır: “Onların oyun planı inkişaf edib, həm hücum keçidlərində, həm də sürətli əks-hücumlarda rəqiblərindən üstün görünürlər. Demək olar ki, bütün oyunlarda dominant çıxış edirdilər. Hətta liqa mərhələsini maksimum nəticə ilə başa vuracaqları gözlənilirdi. Lakin son turda “Sumqayıt” hamını təəccübləndirərək bu mövsüm “Zirə”ni məğlub edən yeganə komanda oldu. Yarımfinalda isə “Zirə” bu məğlubiyyətin əvəzini çıxdı”.

O, “Birbaşa” komandasının beşinci dəfə finala yüksəldiyini xatırladıb: “Komanda əvvəlki dörd finalın üçündə “Zirə”yə qalib gəlib. Bu mövsüm də maraqlı final qarşılaşması gözlənilir. Statistik göstəricilərə əsasən “Birbaşa” daha üstün görünsə də, cari mövsümdəki çıxışlara görə “Zirə”ni bir addım öndə hesab edirəm”.

“Aznur” – “Birbaşa” yarımfinal oyunlarına da toxunan federasiya rəsmisi bildirib ki, qarşılaşmalar son dərəcə gərgin keçib: “Komandalar demək olar eyni səviyyədə idi və hər ikisi finala layiq çıxış etdi. Xüsusilə cavab oyununda “Aznur” üstün təsir bağışladı. Lakin təyin olunan penaltidən yararlana bilmədilər. Əgər həmin epizod qol ilə nəticələnsəydi, finalda fərqli mənzərə görə bilərdik. Qeyd edim ki, “Aznur” çempionatın ilk qalibi olan komandadır. O vaxt komanda başqa adla mübarizə aparırdı. Onlar Azərbaycanı ilk dəfə Avropada təmsil ediblər. Potensialı yüksək olan kollektivdir və “Zirə” və “Birbaşa”dan sonra çempionluğa iddialı üçündü komandadır”.

Orxan Hüseynov qarşıdakı finalın əvvəlkilərlə müqayisədə daha gərgin keçəcəyini proqnozlaşdırıb.

Yeniliklərə gəlincə, o bildirib ki, bu barədə qərarlar federasiyasının mövsümöncəsi keçirilən iclaslarında müzakirə olunur: “Çempionatın formatı və yeni qoşulmaq istəyən komandalar dəyərləndirilir. Məqsədimiz rəqabətədavamlı kollektivlərin sayını artırmaqdır. Bu mövsüm Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin komandası debüt edərək pley-offa yüksəldi və layiqli mübarizə apardı.Növbəti daha iddialı heyət quracaqları gözlənilir. İstərdik ki, digər komandalar da onlardan örnək götürsünlər. Həmçinin “Galaxy” komandası da xüsusi qeyd olunmalıdır. Onlar ilk mövsümdən çempionatın daimi iştirakçısıdır və ötən il yarımfinala vəsiqə qazanıblar. Bu uğurun növbəti mövsümdə də davam edəcəyinə inanırıq”.

Qeyd edək ki, minifutbol üzrə final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda oynanılacaq.

Seçilən
27
1
azertag.az

2Mənbələr