AZ

Göbələklər yaddaşı gücləndirə bilər - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, göbələklərlə zəngin qidalanma orta və yaşlı insanlarda yaddaşın yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Tədqiqat Yaponiya Milli Geriatriya və Gerontologiya Mərkəzi tərəfindən aparılıb. Alimlər uzunmüddətli NILS-LSA layihəsi çərçivəsində 3,1 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. İştirakçıların sağlamlıq vəziyyəti və həyat tərzi orta hesabla 10,5 il ərzində izlənilib.

Araşdırmanın əvvəlində mütəxəssislər iştirakçıların gündəlik nə qədər göbələk istehlak etdiyini müəyyənləşdiriblər. Daha sonra bu göstəricilər yaddaş və düşünmə qabiliyyətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə olunub. Xüsusilə, qısa müddətli və işçi yaddaşı qiymətləndirmək üçün rəqəmlərin təkrarlanması testi tətbiq edilib. Nəticələr göstərib ki, daha çox göbələk yeyən şəxslər bu testlərdə daha yaxşı nəticələr əldə ediblər. Bununla yanaşı, təsirin xətti olmadığı müəyyən edilib: ən yaxşı nəticələr minimal deyil, orta və yüksək səviyyədə göbələk istehlakı zamanı müşahidə olunub.

Alimlər hesab edirlər ki, bu təsir göbələklərin tərkibində olan bioloji aktiv maddələrlə bağlıdır. Bu maddələr arasında erqotionein və beta-qlükanlar kimi birləşmələr yer alır ki, əvvəlki tədqiqatlarda onların sinir sistemini qoruduğu və iltihabı azaltdığı qeyd olunub. Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Buna baxmayaraq, nəticələr göbələklərin yaş artdıqca koqnitiv sağlamlığın qorunmasına töhfə verə biləcək qida komponentlərindən biri olduğunu göstərir.

Nuriyyə NATİQQIZI

Seçilən
122
1
redaktor.az

2Mənbələr