“Bu itkilər məni çox soyuqqanlı etdi”
“Hamı özünü təbii adlandırır, amma botoksdan qaşları qalxmır”
Zülfiyyə Qurbanova tamaşaçıların yaddaşında ilk növbədə cəsarətli obrazları ilə qalan aktrisalardandır. Xüsusilə Taleh Yüzbəyovun çəkdiyi “Zəhər tuluğu” vayn-filmindəki qalmaqallı fahişə (seks işçisi) rolu illər əvvəl geniş müzakirə olunmuş, aktrisa bu obrazla uzun müddət gündəmdə qalmışdı.
Daha sonra “Əqrəb mövsümü” serialında xəyanət edən qadın obrazını canlandıran Z.Qurbanova son illərdə “Bu şəhərdə kimsə yoxdur?”, “Vətəndaş A” və “Səkkiz” seriallarında da yaddaqalan rolları ilə diqqət çəkib.
42 yaşlı akrtisa “Yeni Sabah”a müsahibəsində həm tənqidlərə münasibətindən, həm də seçdiyi cəsarətli rollardan danışıb. Onunla müsahibəni təqdim edirik:
- Hazırda hansı layihələr üzərində işləyirsiniz?
- Teatrımızda 3 əsər səhnəyə qoyulacaq, yəqin ki, onların hamısında mənim də rolum olacaq. Planda yeni seriallar da var. Ən son Hikmət Rəhimovun “Səkkiz” və Elnur Rüstəmzadənin “Qırmızı zona” seriallarında çəkildim. İndi Sevinc Əliyevanın layihəsi və Qulu Əsgərovun rejissoru olduğu “Mikrorayon” və rejissor Kənan Mahmudovun da yeni serialında rol alacam. Oynadığım hər obrazı ürəklə canlandırıram. Ssenari, rol xoşuma gəlməlidir və rejissorun mənə nələrsə verəcəyinə inanmalıyam.
- Rejissorla aranızda fikir ayrılıqları yaranır?
- Mən elə çətin adam deyiləm. Aktyorların adətən rejissorlarla problemləri olur, amma məndə demək olar ki, belə hal baş vermir. Hər zaman qarşıma yaxşı, peşəkar rejissorlar çıxıb. Ona görə də fikirlərimiz çox vaxt üst-üstə düşüb.
- Adətən, deyirlər ki, indi teatrda rejissor yoxdur…
- Bu fikirlə razı deyləm. Teatr və kino sahəsində həm gənc, həm də yaşlı nəsillər arasında yaxşı rejissorlarımız var. O demək deyil ki, dövr dəyişdikcə istedadlı adamlar da yoxa çıxır.
- Bəs siz də serial, teatr, kino yoxdur deyənlərdənsiniz?
- Mən indi desəm ki, Azərbaycanda həkim yoxdur, bu, düzgün yanaşma olmaz. Bir həkim sizi yalnış müalicə edirsə, o demək deyil ki, bizdə yaxşı həkim yoxdur. Hansısa tamaşaçı yaxşı aktyor görməyibsə, bu, “bizdə kino yoxdur” anlamına gəlmir. Aşağı ödənişlə ucuz işçi qüvvəsinin ekranlara çıxması da, yaxşı aktyorların olmamasının göstəricisi sayıla bilməz. Lakin 30 il bu səhədə olub heç dəyişməyən aktyorlar da var. Onlar illər keçsə də dəyişməyəcək...
- Belə çıxır ki, həmin aktyorlar özünü görməyi bacarmır?
- Burada məsələ qarşılıqlı olmalıdır. Həm aktyor özünü görməlidir, həm də rejissor onu görməyi bacarmalıdır. Bu, bir az da istedaddan asılıdır. Burada səs tonunun da rolu önəmlidir. Elə aktyor və aktrisalar var ki, onların səsi ilə görüntüsü üst-üstə düşmür.
- Məncə, teatrda da, kinoda da, serialda da improvizasiya olanda daha maraqlı kadrlar alınır, nəinki standart mətnlər…
- İmprovizasiyalar təbii ki, rola rəng qatır. Aktyor rolunu ifa edərkən ürəyini işlətməlidir. Özünü eşitməyi bacarmalıdır, əks halda süni obrazlar ortaya çıxır.
- Zülfiyyə xanım, teatrda da “day-day” hesabına qəbul olunan aktyor və aktrisalar var?
- Bizdə yoxdur. Düşünmürəm ki, digər teatrlarda da olsun. Seriallarda, filmlərdə ola bilər, amma burada istedadsız adam yoxdur. O tapşırılanlar da ucuz büdcə hesabına filmə çəkilənlərdir. Çünki keyfiyyətli iş üçün pul lazımdır.
- Standart məişət mövzusunda çəkilən seriallarda sizi görməmişik. Dəvət almırınız, yoxsa sizə bayağı gəldiyi üçün təklifləri rədd edirsiniz?
- Əvvəllər belə təkliflər almışam. Lakin indi mənə gələn bütün rollar keyfiyyətlidir. Özümə uyğun görmədiyim, sənətə xitab etməyən rollara çəkilmirəm.
- Kişi tərəfmüqabili ilə qucaqlaşma, öpüşmə səhnələrinə çəkilməyi qəbul etməməyinizin səbəbi nədir? Şəxsi düşüncə, yoxsa el qınağı?
- Yox, bu el qınağı ilə bağlı məsələ deyil. Özümüzün müəyyən formalaşma səviyyəmiz var. Mən Amerikada, Almaniyada dünyaya gəlsəydim, başqa mental düşüncə ilə böyüyəcəkdim. Bizim üçün çəkilən düz adlandırdığımız yoldan çıxmaq istəmirəm. Həm də düşünürəm ki, ifadə etmək istədiyin hissi təmassız da insanlara çatdıra bilərsən. Zərurət yoxdursa, buna nə ehtiyac var axı? Sözlə və baxışla hər şeyi ifadə etmək olur. Hərəkət və səhnə çılpaqlığına ehtiyac yoxdur.
- Bundan başqa “qırmızı xətt”iniz varmı?
- Yox. 1-2 obraz var, onları canlandırmaq istəmirəm. Çoxu da çeynənilmiş rollardır. Düşünürəm ki, bu ifalar mənim yaradıcılığıma heç bir şey qazandırmayacaq. Eyni rolu 3-4 dəfə təkrar oynamağı da sevmirəm. Elə aktyorlar var ki, ancaq mənfi rollarda çıxış edir. Məncə aktyor universal olmağı bacarmalıdır. Aktrisalarımız isə ütülü görünməyi sevirlər. Hamı özünü təbii adlandırır, amma botoksdan qaşları qalxmır. Qaş əgər qalxmırsa, sənin davranışın da süni görünür. Biz sahəmizlə ayaqlaşmağı bacarmalıyıq. Rolumuz bizə yox, biz ona tabe olmalıyıq. Mən hər zaman düşünürəm ki, özümü yox, oynadığım rolu satıram. Rejissor ona görə də aktyor seçəndə nəzərə almalıdır ki, o, tapşırılan rolu oynaya biləcək, ya yox.
- Bəs oynadığınız rolların təsirindən tez çıxa bilirsinizmi, ya bir az vaxt alır?
- Əlbəttə, təsirlər qalır. Orada yaşadıqlarını şəxsi həyatda tətbiq etməsən də, təsirindən çıxmaq bir az çətin olur. “Səkkiz” serialının bir ağır səhnəsində çəkildim. Övladını itirən valideyn rolunda oynayırdım. Ananın o çığırış səhnəsini bir-iki dubla çəkdik. Aktyor üçün çox ağır səhnə idi. Belə kənarda hiss etdirməsəm də, təsiri bir neçə gün mənimlə qaldı. İstər-istəməz insanıq və yaddaşımızda bir müddət izləri qalır.
- Oxuduğumuz kitablar kimi…
- Elədir. Mən də bəzi kitabları oxuyanda təsirindən çıxa bilmirəm. Ədəbiyyata qarşı çox həssasam. Ədəbiyyat çılpaq materialdır, yəni hələ səhnələşdirilməmiş bir şeydir. Ona görə də insan, obrazların yerində özünü təsəvvür edir. Kitabla səhnəni paralel olaraq canlandıranda daha keyfiyyətli iş ortaya çıxır.
- Bəs arzusunda olduğunuz bir rol varmı?
- Arzusunda olduğum xüsusi bir rol yoxdur, amma polis və ya hərbçi qadın obrazını canlandırmaq istəyərdim.
- Teatr sahəsinə pul ayrılır?
- Mən səmimi deyim ki, bu işlərin bütün detallarına çox da baş qoşmuram. Mənim üçün əsas olan nəticədir, tamaşaçıya nə təqdim olunur və qarşılığında nə əldə edilir. Çəkilişin arxa planında nə baş verir, hansı mərhələlərdən keçilir. Bunları artıq əvvəlki kimi düşünmək istəmirəm. Çünki həm öz həyatım, həm də işim kifayət qədər enerji tələb edir.
- Yerli serialların türk serialları ilə müqayisə olunması sizcə nə dərəcədə ədalətlidir? Tamaşaçının yerli seriallara qarşı bu qədər tələbkar olması keyfiyyət tələbi ilə bağlıdır, yoxsa artıq bir növ stereotip formalaşıb?
- Ümumilikdə müqayisə aparmaq doğru deyil. Biz aktyor ifasından danışmırıq, aktyorlarımız kifayət qədər güclüdür. Amma maddi təminat, büdcə və çəkiliş şəraiti baxımından başqa ölkələrlə fərq çox böyükdür. Bəzən deyirlər ki, bizdə yaxşı serial çəkilmir. Amma çəkilən yaxşı işlər də var. Sadəcə əvvəlcədən bir fikir formalaşıb ki, “biz çəkə bilmirik”. Bu isə düzgün yanaşma deyil. Komediyalarda söyüş məsələsi də tez-tez tənqid olunur. Amma Türkiyədə də, məsələn, Cem Yılmazın çıxışlarında bu elementlər var. Onlar edəndə tamaşaçıya keyfiyyətli görünür, biz edəndə isə yox. Halbuki eyni şeydir.
- Sizcə, tamaşaçı həqiqətən keyfiyyət istəyir, yoxsa sadəcə öyrəşdiyi şeyə baxır və yeniliyi qəbul etməkdə çətinlik çəkir?
- Bir tamaşaçı eyni vaxtda bir neçə serialı izləyib hamısına münasibət bildirir. Əgər 10 serial çəkilirsə, onların içində uğurluları da olacaq. Sadəcə bizdə daha çox neqativ yanaşma var. Əslində isə kifayət qədər yaxşı seriallar çəkilir. Məsələn, “Qırmızı zona”, “Çinar ömrü”, “Mikrorayon” və digər seriallar. Bunlar az büdcə ilə ərsəyə gələn işlərdir. Böyük büdcə olmadan daha yüksək nəticə gözləmək çətindir. Digər tərəfdən, tamaşaçıların da seçimləri fərqlidir. Bəziləri köhnə filmlərin üslubunu daha çox bəyənir, yenilikləri qəbul etməkdə çətinlik çəkir.
- Açıq desək, bu gün Azərbaycanda aktyorluq-aktrisalıq fəaliyyətindən əldə olunan qazancla normal yaşamaq mümkündür?
- Bu, tamamilə fərdi məsələdir. Kimisi daha az, kimisi daha çox qazanır. Bir aktyor üç manata çəkilə bilər, digəri beş manata. Bu hər kəsin öz şərtlərinə və razılaşmasına bağlıdır. Eyni zamanda, həm də təcrübə və istedad məsələsidir. Əgər sən işini bilirsənsə, çətin olmur. Elə aktyor, aktrisa var ki, onu itirmək çox asandır, alternativi tapılır, əvəz olunur. Amma elə aktyor da var ki, onu itirmək çətindir. Bilirlər ki, o, verilən rolun öhdəsindən yüksək səviyyədə gələcək. Elə aktyor var ki, onu heç kim eyni səviyyədə əvəz edə bilməz. Bu çox önəmli məqamdır. Belə olanda rejissor da, prodüser də sənin üçün mübarizə aparır, çalışır ki, səni layihəyə cəlb etsin, həm büdcəyə uyğunlaşdırsın, həm də iş keyfiyyətli alınsın. Nəticədə iş də daha yaxşı olur.
- Bəs təklif aldığınız layihələrdə gəlir məsələsində razılığa gələ bilirsinizmi? Yəni hansı hallarda kompromisə gedirsiniz?
- Mənim kompromisə getdiyim hallar olur, amma tam şəkildə yox. Elə vəziyyət olur ki, nə onların dediyi tam olur, nə də mənim istədiyim. Çünki onların şərtlərinə tam razı olsam, bu artıq mənim prinsiplərimdən geri çəkilməyim deməkdir. Əgər rol həqiqətən yaxşıdırsa və qarşı tərəf düşünürsə ki, məhz mən oynamalıyam, bu zaman onlar da müəyyən kompromislərə gedirlər. Büdcəni artırırlar, şərtləri dəyişirlər ki, razılaşma baş tutsun. Teatrda isə fərqli sistem var. Burada daha çox standart maaş sistemi tətbiq olunur, amma yenə də kateqoriyalar mövcuddur. Yeni gələn aktyor var, aparıcı aktyor var - yəni pillələr teatrda da mövcuddur. Çəkiliş sahəsində isə daha çox qonorar sistemi işləyir. Hansı işdə çəkilirsən, nə qədər çəkilirsənsə, qazancın da buna uyğun dəyişir.
- Reklamlara çəkilirsiniz, sirr deyilsə, bundan nə qədər gəlir əldə edirsiz?
- Reklamlarda qiymətlər çox dəyişir. Bu yaxınlarda bir reklam təklifi aldım, amma razılaşmadıq. Onların büdcəsi ilə uyğun gəlmədik. Onlar da öz büdcələrinə uyğun başqa aktyor tapıb çəkdilər. Bu, normal haldır. Reklamı itirmək mənim üçün problem deyil. Açıq desək, reklam daha çox qazanc mənbəyidir, yaradıcılıq sahəsi deyil. Film və serial isə mənim üçün yaradıcılıqdır. Reklamda çəkilirsən, bir müddət yayımlanır, siman görünür və qonorarını alırsan. Bu baxımdan onu itirmək böyük məsələ deyil. Amma yaxşı layihələri itirmək istəmirəm. Ümumiyyətlə, məsələ itirməkdə deyil. Sual budur ki, biz harada yaşlanacağıq? Evdə, yoxsa kamera qarşısında? Mən illər əvvəl, təxminən, 10 il bundan qabaq bir müsahibədə demişdim ki, arzum odur, kamera qarşısında yaşlanım. Bu gün artıq o arzunu yaşayıram. Yəni yaşım artdıqca bunu kamera qarşısında hiss edirəm. Bu isə o deməkdir ki, mən daim işdəyəm, fəaliyyətdəyəm. Əgər 10 ildən bir işə dəvət alsaydım, əlbəttə ki, bu inkişaf olmazdı.
- Bələdiyyə teatrının özünə aid binası yoxdur. Belə olan halda tamaşaları harda göstərirsiniz?
- Hazırda tamaşalarımızı Akademik Milli Dram Teatrında, həmçinin müxtəlif mədəniyyət mərkəzlərində nümayiş etdiririk. Bundan əlavə, qastrol səfərlərimiz də olur. Təəssüf ki, hələ öz binamız yoxdur. Amma müraciətlər olunur, ümid edirik ki, gələcəkdə bu məsələ həllini tapacaq. Çünki çox gözəl tamaşalarımız var və istəyirik ki, onları daha yaxşı şəraitdə təqdim edək. Hazırda müxtəlif məkanlarda çıxış edirik, amma hər aktyor, aktrisa istəyir ki, öz səhnəsi, öz qrim otağı, öz şəraiti olsun… İnşallah, gələcəkdə öz binamız da olar və daha yaxşı şəraitdə fəaliyyət göstərərik.
- Hələ də subaysınız?
- Bəli, subayam.
- Heç peşman olursunuz? Yəni, təklik sizi yormur?
- Qətiyyən. Açığı iki-üç il öncəyə qədər düşünürdüm ki, bəlkə də müəyyən şeylərə göz yuma bilərdim. Artıq düşünürəm ki, bir şey alınmırsa, demək daha yaxşısı olacaq. Həyatı axarına buraxmışam. Ona görə də çox rahatam. Bu mövzuda xüsusi olaraq düşündüyüm nələrsə yoxdur. Bir də həyat tərzim tamam başqa cür olub. 4 il universitet, 2 il də magistiratura təhsili almışam. Ardınca işləmişəm. Bir də ayıldım ki, illər keçdi. Yaş ötdükcə hər şey daha çətin olur. 18 yaşında çox şeyə göz yuma bilirsən, amma indi yox.
- Bəs ailənizdə ailə qurmanız üçün sizə basqılar etməyiblər?
- Anam bizi anlayan qadın olub. Düzdür, o da istəyib ki, övladı ailə qursun. Lakin heç vaxt tələsdirməyib. Bir az da o arxayınlıq verib mənə. Nə qədər bədbəxt qadınlar görürəm. Təəssüf ki, hələ də döyülən, təhqir olunan, əri tərəfindən təhdid olunan qadınlar var.
- 5 il ərzində həm ananızı, həm də bacınızı itirmisiniz. Bu itkilər həyata baxışınızı necə dəyişdirdi?
- Mənim üçün çox ağır idi. Lakin zamanla bu duyğular insanı “vəhşiləşdirir”. Əvvəl yolda kimisə pis vəziyyətdə görəndə özümə gələ bilmirdim. Bu itkilər məni çox soyuqqanlı etdi. Artıq kimsə dərdini danışanda deyirsən ki, dərd budur? İnsan gedişləri və gəlişləri artıq mənim üçün çox adiləşib. İlk dəfə çəkildiyim filmin kollektivindən ayırlanda günlərlə özümə gələ bilməmişdim. Orada cənubi azərbaycanlı bir operator var idi. Mənə demişdi ki, belə ayrılıqlar zamanla sənin üçün adiləşəcək. Doğrudan da elə oldu. Daha sağlamlıq məsələsi xaric, heç nəyə pis olmuram. İnsanlar itkini görür, lakin onunla necə mübarizə apardığını bilmir. Bir də ondan əminəm ki, ölümün yaşı var. Dünyada ana ölümündən ağır itki yoxdur. Lakin zamanla hansısa doğmanız gənc yaşda vəfat edəndə bunu qəbul etmək daha ağırdır. Anam vəfat edəndə hamı deyirdi ki, Allah başqa dərd verməsin. Düşünürdüm ki, yəni bundan da ağır dərd ola bilər? Zamanla başa düşdüm ki, heç olmasa, o azdan-çoxdan ömür yaşamışdı. Bacımın itkisini isə izah edə bilmərəm. Tək bildiyim odur ki, çox dəyişmişəm və bəzən özüm də özümü tanıya bilmirəm.
- Başqa bacınız ya qardaşınız varmı?
- Bir bacım var idi…
- Bəs boş vaxtlarınızda nə edirsiniz?
- Boş vaxtım demək olar ki, olmur. Bacımın övladlarına baxıram. Uşaqların ataları da yanlarındadır, onlara baxır, işləyir, ailəni saxlayır. Mən də bir ana kimi onların qayğısına qalıram. Amma xalanın funksiyası tamam fərqlidir. Yəni xala bacısı uşaqlarına sadəcə hədiyyə alar, əzizləyər, oxşayar, gəzməyə aparar, amma məndə elə deyil...
Aydan Hacı
Telegram kanalımız