AZ

Azər Əmiraslanov: “Dövlət qulluğu üzrə əmək haqqı sistemində dəyişikliklər institusional islahatların tərkib hissəsidir”

ain.az, Modern.az saytına istinadən bildirir.

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovdur:

Azər müəllim, “Dövlət qulluğu haqqında” qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu üzrə əməkhaqqı sistemində yeniliklərdən xəbər verir. Əməyin ödəyişində dəyişikliklərin xarakteri nədən ibarətdir?

- Bu dəyişikliklər mahiyyətcə əmək haqqı sistemində islahat olaraq dəyərləndirilməlidir. Buna dövlət sektorunda əmək haqqının artımı kimi yanaşılmamlıdır. Çünki dəyişikliklərin əsas məqsədi maaş artımı deyil, əmək haqqı sisteminin təkmilləşdirilməsi, bu sahədə mövcud olan uyğunsuzluqların  aradan qaldırılmasıdır. Hər bir halda, bu dəyişikliklərə həm də institusional islahatların tərkib hissəsi kimi baxmalıyıq. Belə ki, yeni sistem öz-özlüyündə dövlət qulluğunun təkmilləşdirilməsinə xidmət edir. Əmək haqqının yeni konsepsiyası özündə antikorrupsiya elementlərini də birləşdirir.  

- Əmək haqqı sistemində islahatı şərtləndirən amillər nədir?

- Dövlət qulluğu üzrə əmək haqqının mürəkkəb hesablanma sxeminə malik olması, qurumlararası disproporsiyalar, əməkdaşların motivasiya səviyyəsinin aşağı olması, dövlət və özəl sektor üzrə əmək haqqında differensasiyanın dərinləşməsi əməyin ödənişi sistemində köklü dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Həm də bunu bir sıra normativ-hüquqi aktlar, qəbul edilmiş iqtisadi strategiya sənədlərinin müddəaları da tələb edirdi. Məlumat üçün bildirim ki, 2026-cı ilin dövlət büdcəsi zərfində əmək haqqı sisteminin təkmilləşdirilməsi mühüm vəzifə kimi müəyyən edilmişdir.

- Əmək haqqının yeni sxemi dövlət qulluqçularının əmək haqqının əsasən vəzifə maaşına əsaslanmasını nəzərdə tutur. Bunun əsas mahiyyəti və üstünlüyü nədən ibarətdir?

- Vəzifə maaşlarının əməkhaqqında 35-45% paya malik olması əvvəlki sistemin  zəif tərəflərindən biri idi. Yeni sistemə görə bu göstərici orta hesabla 95%-dən çox olmalıdır. Yəni əmək haqqı vəzifə maaşına əsaslanmalıdır. Artıq çoxsaylı əlavələr, mükafat və müavinətlər ləğv edilərək vəzifə maaşına daxil edilir və   vahid vəzifə maaşlarına keçilir. Bu əmək haqqı strukturunun  daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Beləliklə, dövlət qulluqçularının vəzifə maaşları şəffaf sxemdə və vahid  strukturda əks olunacaqdır.

- Dövlət qulluğu üçün yeni sistemin əhəmiyyəti nə olacaq?

- Hər şeydən əvvəl, yeni əmək haqqı sxemi dövlət sektorunun əmək bazarında özəl sektorla rəqabət qabiliyyətini gücləndirəcək. Bu dövlət qulluğunun gənc və peşəkar kadrlar üçün cəlbediciliyini artıracaq. İdarəetmə sistemində ierarxiya prinsipinin gözlənilməsi yeni əmək haqqı modelinin əsas cəhətlərindən biridir. Belə ki, təklif edilən sxem əməyin ödənişi sistemində xüsusilə dövlət orqanlarının kateqoriyalarını və dövlət qulluqçularının təsnifatını nəzərə alacaqdır.

- Dövlət qulluğunda əmək haqqının yeni modeli dövlət xidmətlərinin keyfiyyətinə təsir göstərəcəkmi?

- Hesab edirik ki, dövlət qulluqçularının motivasiyasının artması, peşəkar kadrların dövlət sektoruna cəlb edilməsi dövlət xidmətlərinin səviyyəsini yüksəldəcəkdir. Hər bir halda dövlət qulluğunun, idarəetmə sisteminin səmərəliliyi məmurun vətəndaşa göstərdiyi xidmətin keyfiyyəti ilə müəyyən olunur.  Bunu həm də vəzifələrin məsuliyyəti, qulluq stajı və fəaliyyətin nəticələri əsasında formalaşdırılan yeni sistem şərtləndirir. Onu da nəzərə almalıyıq ki, dövlət qulluğunun keyfiyyətinin yüksəldilməsi həm də dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsindən asılıdır.  Ümid edirik ki, dövlət qulluğunda tətbiq ediləcək yeni əməkhaqqı modeli buna şərait yaradacaqdır.

  - Özəl sektora bu dəyişikliklərin təsiri nədən ibarət olacaq?

- Bəzi dövrlərdə dövlət sektorunda əmək haqqı artımının həyata keçirilməməsi özəl sektorda məvaciblərə yenidən baxılması zərurəti yaratmırdı. Yeni şəraitdə isə əmək haqqı sisteminin təkmilləşdirilməsi qeyri-dövlət sektoru üzrə əmək haqının artım tempinə öz təsirini göstərəcəkdir. Beləliklə, ixtisaslı, hazırlıqlı kadrlara görə hər iki sektor arasında rəqabət daha da güclənəcəkdir.

- Nəzərdə tutulan dəyişikliklər əmək haqqı sistemində mövcud olan problemləri həll edəcəkmi?

- Nəzərə almalıyıq ki, təklif edilən yeni model əsasən dövlət qulluğu sistemini və müəyyən mənada dövlət sektorunu əhatə edir. Ümumiyyətlə, əmək haqqı sadəcə sosial məsələ deyil, o həm də makroiqtisadi kateqoriyadır. Ölkəmizdə əmək haqqı sosial-iqtisadi problem kimi geniş, fundamental təhlil və tədqiq olunmalıdır. Xüsusilə də, əmək haqqının səviyyəsi üzrə sahələrarası, sektorlararası, regionlararası fərqin aradan qaldırılması ilə bağlı davamlı tədbirlər görülməlidir. Əhalinin pul gəlirlərinin strukturunda sabit gəlir mənbəyi kimi əmək haqqının payı yüksəldilməlidir. Əmək haqqı makroiqtisadi kateqoriya kimi əmək məhsuldarlığının səviyyəsi ilə uzlaşdırılmalıdır. Məhsuldarlığın artmaması fonunda əmək haqqı artımları inflyasiya təzyiqi yaratmaqla yanaşı, milli iqtisadiyyatın rəqabətqabiliyyətini   zəiflədə bilər. Bir sözlə, ölkəmizdə əmək haqqı ilə bağlı görüləcək işlər çoxdur. Bu gün islahatlar dövlət qulluğu sistemini əhatə edir və bu sistemdə başlanan əmək haqqı islahatları multiplikativ effekt verərək sosial, iqtisadi və institusional baxımdan müsbət təsirlərə malik olacaqdır.    

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
modern.az

1Mənbələr