AZ

Ətin qiyməti o qədər bahalaşacaq ki… – AÇIQLAMA

Dana ətinin qiymətində artım müşahidə olunur. Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır. Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.

KONKRET.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, ətin qiyməti bazar tərəfindən tənzimlənir:

“Tələbat yüksək olarsa və vətəndaşlar məhsulu 18 manata almağa davam edərlərsə, bayramdan sonra qiymətlər düşməyəcək. Yəni bu, alışların həcmindən asılıdır. Zatən tələbat yüksəkdir və qiymətlərin bahalaşması təkcə xərc amili ilə deyil, həm də tələbatın yüksək qalması ilə bağlıdır. Qiymətlər artsa da, alıcılar eyni həcmdə alış etməyə davam edirlər və bu da bahalaşmanın davam etməsinə səbəb olur. Bu proses vətəndaşların qiymətə reaksiyasından asılı olacaq. Əgər qiymətlər artdıqca alışlar azalsa, o zaman qiymətlər düşə bilər. Bu, qısamüddətli bir və ya iki həftəlik dövr üçün keçərlidir. Ümumilikdə isə ətin ucuzlaşmasından söhbət getmir. Ət qiymətləri orta və uzun müddətli dövrdə artmağa davam edəcək. Bu artım o vaxta qədər davam edəcək ki, ya əhali ət almaqda çətinlik çəksin, ya da bu sahə o qədər gəlirli olsun ki, insanlar başqa sahələrdən, məsələn, Bakıda jurnalistika kimi işlərdən imtina edib heyvandarlıqla məşğul olmağa üstünlük versinlər”.

O bildirib ki, yəni heyvandarlıq yüksək gəlirli biznes sahəsinə çevrildikdə, insanlar bu sahəyə yönələcək:

“İnsanlar heyvandarlığı gəlirli sahə kimi qəbul edib bu fəaliyyətlə daha çox məşğul olduqda, məhsuldarlıq artacaq və bu zaman qiymətlərin stabilləşməsi mümkün ola bilər. Əks halda, əgər bölgələrdə insanlar heyvandarlıqla məşğul olmaq istəməyib, kənddə qalmaq əvəzinə Bakıda tikinti sahəsində işləməyi üstün tuturlarsa, təklif artmayacaq və nəticədə qiymətlər yüksəlməyə davam edəcək. Beləliklə, orta və uzun müddətli dövrdə ət qiymətlərinin artacağı gözlənilir. Qısamüddətli dövrdə isə həftəlik dəyişikliklər baxımından  qiymətlər bazarda alıcıların davranışından asılı olacaq”.

Seçilən
83
1
konkret.az

2Mənbələr