AZ

Sovet qadağasından dövlət bayramına:

Novruz minilliklərin yaddaşından süzülüb gələn, Azərbaycan torpağında baharın ilk nəfəsini, təbiətin oyanışını və insan ruhunun yenilənməsini yaşadan ən qədim bayramlardan biridir. Martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi anda yeni ilin başlanğıcı qarşılanır. Bu an sanki təbiətin özündə bir dönüş nöqtəsi başlayır, qış geri çəkilir, bahar hakimiyyətə gəlir. Novruz bayramında hər şey təzələnir: torpaq, su, od və külək... İnsanlar da bu dəyişimin bir parçası olur - evlər təmizlənir, köhnə əşyalar kənara atılır, qəlblər saflaşır, incikliklər unudulur.Azərbaycanda Novruzun keçirilməsi həm də milli yaddaşın, adət-ənənənin və birlik hissinin canlı təzahürüdür. Bu bayramın bugünkü şənliyinin arxasında isə böyük mübarizələr, qadağalar və bir insanın həyatı bahasına verdiyi xidmət dayanır. Sovet dövründə Novruz uzun illər qadağan olunmuşdu. Bolşeviklər bu bayramı “dini adət” sayaraq tonqalları söndürür, səməniləri məhv edir, evlərə reydlər keçirirdilər. 1929-cu ildən sonra hətta rəsmi şəkildə unudulmuşdu. İnsanlar Novruzu yalnız gizli şəkildə, ailə daxilində yaşatmağa çalışırdı. Lakin 1967-ci ildə isə vəziyyət dəyişdi. Azərbaycan KP MK-nın ideologiya katibi, ədəbiyyatşünas və dramaturq Şıxəli Qurbanov bu ənənəni yenidən ictimai həyata qaytarmaq üçün təşəbbüs göstərdi. Şıxəli Qurbanov 1925-ci ildə Bakıda anadan olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş, filologiya elmləri doktoru olmuş, dövlət vəzifələrində yüksəlmişdi. O, Novruzu “Bahar bayramı” adı altında dövlət səviyyəsində keçirmək üçün böyük riskə getdi. Hətta Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov onu xəbərdar etmişdi ki, bu iş təhlükəlidir. Şıxəli Qurbanov isə cavabında demişdi: “Mən özüm cavab verəcəm”. O, 22 səhifəlik izahat yazaraq sübut etdi ki, Novruz dinlə bağlı deyil, sadəcə təbiətin oyanışıdır. Nəticədə 1967-ci ildə Bakıda, Qız qalasının ətrafında Novruz ilk dəfə dövlət səviyyəsində qeyd olundu. Uzun illərin qadağasından sonra insanlar bayramı açıq şəkildə qarşılamaq üçün meydana axışdı. Həmin gün həm sevinc, həm də ehtiyat hissi bir-birinə qarışmışdı. Təəssüf ki, bu xidmət Şıxəli Qurbanova baha başa gəldi. Bayramdan cəmi iki ay sonra, 1967-ci il mayın 24-də diş müalicəsi zamanı müəmmalı şəkildə vəfat etdi. Onun zəhərləndiyi iddiaları bu gün də müzakirə olunur. Hər halda həqiqət dəyişmir - Şıxəli Qurbanov Novruzu xalqa qaytardı, amma öz həyatını qurban verdi. Novruz dörd çərşənbə ilə başlayır və hər çərşənbə təbiətin bir ünsürünü simvolizə edir. Bu mərhələli hazırlıq bayramın fəlsəfəsini daha da dərinləşdirir. Su çərşənbəsi ilə həyatın başlanğıcı hiss olunur. İnsanlar axar su ilə yuyunur, saflaşmağa çalışır. Od çərşənbəsində tonqallar qalanır, insanlar odun üzərindən atlanaraq köhnə ilin ağırlığını geridə qoyur. Yel çərşənbəsi təbiətdə hərəkətin, nəfəsin artmasını simvolizə edir. Torpaq çərşənbəsində isə torpaq oyanır, həyatın yenidən başladığı hiss olunur. Bayramın əsas rəmzlərindən biri səmənidir. Buğdanın cücərdilməsi həyatın, bolluğun və yenilənmənin ən canlı ifadəsinə çevrilir. Səməni sadəcə dekor deyil, o, torpağın dirçəlişinin evə gətirilmiş bir parçasıdır. Xonçalar bayramın ən gözəl atributlarından sayılır. Şəkərbura, paxlava, qoğal, qoz-fındıq, badam, rəngli yumurtalar süfrəyə düzülür. Hər bir detalın öz mənası var - şirinlik bolluğu, yumurta həyatı, səməni isə dirçəlişi simvolizə edir.Bayram günlərində keçirilən oyunlar da xüsusilə maraqlıdır. Kosa-keçəl səhnələri, yumurta döyüşdürmə, yallı oynamaq həm uşaqları, həm də böyükləri bir araya gətirir. Papaqatdı isə paylaşmanın ən gözəl nümunələrindən biridir - qapıya atılan papaq heç vaxt boş qaytarılmır. Evlər təmizlənir, köhnə əşyalar atılır, küsülülər barışır, qohum-qonşu ziyarət edilir. Bu adətlər sadəcə əyləncə deyil, ailə və cəmiyyət bağlarını möhkəmləndirir. Novruz gecələri qədim bayram olduğu üçün xalq inancları ilə də zəngindir. Bu inanclar insanların gələcəyə ümidini, arzularını və daxili dünyasını əks etdirir. “Qulaq falı” ən məşhur ənənələrdən biridir. İnsan ürəyində arzu tutur və təsadüfən eşitdiyi sözləri öz niyyətinə uyğun yozur. Bu, həm də insanların bir-birinə xoş söz deməsinə səbəb olur. “Üzük falı” daha çox gənc qızlar arasında yayılıb. Su qabına salınan üzük və müxtəlif işarələr vasitəsilə niyyətlər simvolik şəkildə “yoxlanılır”. Müstəqillik dövründə Novruz daha geniş və təntənəli şəkildə qeyd olunur. Şəhərlərdə böyük tədbirlər keçirilir, tonqallar qalanır, süfrələr açılır. Bu bayram həm də dünya miqyasında tanınır və Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul olunur. Novruz hər il baharla birlikdə yenilənmə, sevinc və birlik gətirir. Bu bayram təbiəti oyatdığı kimi, insanın daxilində də yeni başlanğıclar üçün yer açır. Novruz bayramınız mübarək! Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

Seçilən
77
metbuat.az

1Mənbələr