AZ

Kiçik biznesin böyük qazanc mövsümü

Yaxud, ənənələri gəlirlə birləşdirən Novruz bayramı

Novruz sənayesi, adından da göründüyü kimi, Azərbaycanda Bahar bayramı vaxtı fəallaşaraq şirniyyatlardan tutmuş, dekorasiya əşyalarının (səməni, xonça) hazırlanmasına və məxsusi kənd təsərrüfatı məhsullarının (qoz, fındıq, badam, püstə və s.) satışınacan olan sahələri əhatə edir. 

Novruz ərəfəsində əhalinin istehlak xərcləri xeyli artır. Bayram süfrələrinin hazırlanması, evlərin bəzədilməsi və yaxın, doğma insanlara hədiyyə etmək ənənələri müxtəlif məhsul və xidmətlərə tələbatı yüksəldir. Xüsusilə quru meyvələr, şirniyyatlar, qoz-fındıq məhsulları, un və digər məmulatlar, həmçinin ət və süd məhsulları, eləcə də bayram atributları və dekorasiya əşyalarına olan tələbat kifayət qədər yüksəlir. Nəticədə pərakəndə ticarət sektoru aktivləşir, daxili bazar canlanır, idxal artır. 

Novuz mövsümündə ən çox istehsal olunan və ya bişirilən milli şirniyyatlardır. Şəkərbura, paxlava, badambura, qoğal həm fərdi və kiçik ailə, həm də iri istehsal müəssisələri tərəfindən hazırlanır. Kütləvi istehsal sayəsində bayram öncəsi market və bazarlarda məhsulların çeşidi və miqdarı əhəmiyyətli dərəcədə artır. Çünki Novruz məhsullarının istehsalından sonra növbəti vacib mərhələ onların satışıdır. Bu işdə bayram mövsümü boyunca iri şəhərlər və rayon mərkəzlərindəki bazarlar xüsusi fəallıq göstərir, dükanlar və kiçik mağazalar Novruz "menyu"sinə keçirlər. Son illər onlayn satış platformaları da genişlənib ki, bu da istehsalçılara daha geniş bazara çıxış imkanı yaradır, üstəlik, alıcılara rahatlıq bəxş edir. Xüsusilə kiçik və orta sahibkarlar üçün bu sənaye əlavə məşğulluq və gəlir imkanları deməkdir. 

Novruz ərəfəsində və bayram günlərində bazarlarda və küçə ticarətində aktivlik xeyli artır. Bir çox insan Novruz məhsullarının satışı ilə məşğul olaraq əlavə gəlir əldə edir. Bu fəaliyyətlərə evdə hazırlanan şirniyyatların satışı, bayram atributlarının hazırlanması, küçə və yarmarka ticarəti, eləcə də müxtəlif müvəqqəti xidmətlər daxildir. Nəticədə Novruz bayramı qeyri-formal iqtisadi fəaliyyətin genişlənməsinə və yerli iqtisadiyyatın canlanmasına səbəb olur.

Əvvəlki dövrlərdə Novruz məhsulları əsasən iri şəhər və rayon mərkəzləri bazarlarında, evlərdə və kiçik mağazalarda satılırdı. Alıcılar məhsulları birbaşa satıcının özündən alırdılar. Şirniyyatlar, bayram süfrəsi atributları və dekorativ əşyalar daha çox yerli müştərilərə birbaşa təqdim olunurdu. Məhsulların tanıdılması əsasən ağızdan-ağıza, ənənəvi bazar əlaqələri və şəxsi tövsiyələrlə baş verirdi. Onlayn satış və reklam imkanları olmadığından istehsal və satış regional səviyyədə məhdudlaşırdı, turistlər üçün xüsusi paketlər və suvenir məhsulları isə nadir hallarda hazırlanırdı. Amma indi Novruz sənayesi daha innovativ istiqamətlərə yönəlib. Xüsusən onlayn marketlərdə, çatdırılma xidmətlərində, sosial şəbəkələr üzərindən satış həyata keçirən kiçik sahibkarların fəaliyyətində və hədiyyə-suvenir platformalarında fəallıq müşahidə olunur ki, bu da rəqəmsal iqtisadiyyatın inkişafına əlavə təkan verir. 

Novruz bayramı zamanı insanlar rayonlara səyahətə çıxaraq, qohumlara baş çəkir, dünyasını dəyişmiş əzizlərinin və doğmalarının məzarlarını ziyarət edirlər. Bəzən də xaricdə yaşayan ailə üzvlərini görmək, yaxud bayramı başqa ölkələrdə keçirmək üçün səfərlər edirlər. Bu da dəmir yolu və avtobus daşımaları, hava nəqliyyatı, taksi və şəhərdaxili nəqliyyat xidmətlərinin aktivləşməsi deməkdir. Bayram süfrəsi üçün məhsulların regionlardan böyük şəhərlərə daşınması isə logistikada əlavə iqtisadi dövriyyə yaradır.  

Hotelçilik və restoran sənayesi də bayram günlərində fəallaşır - şəhərlərdə və turizm mərkəzlərində yerləşən hotellər, istirahət mərkəzləri və restoranlar əlavə müştəri axını ilə qarşılaşır. Bu dövrdə qida, xidmət və yerləşdirmə sektoru böyük gəlir əldə edir. Beləliklə, nəqliyyat və turizm sektoru Novruz sənayesinin ayrılmaz hissəsinə çevrilir və həmin günlər iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artırır. Başqa sözlə, Novruz xidmət sektorunda qısamüddətli iqtisadi dinamika yaradır.

Novruz süfrəsi kənd təsərrüfatı məhsulları ilə sıx bağlıdır. Bayram ərəfəsində tərəvəz və göyərti məhsullarına, yumurtaya, süd və süd məhsullarına, eləcə də qoz-fındıq və quru meyvələrə olan tələbat əhəmiyyətli dərəcədə artır. Kənd təsərrüfatı məhsulları istehsalı sayəsində regionlarda yaşayan fermerlər və kiçik sahibkarlar üçün əlavə gəlir mənbəyi yaranır. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsulları Novruz sənayesində əhəmiyyətli rol oynayır, regional iqtisadiyyatın canlanmasına xidmət edir.

Novruz bayramı həm də mədəniyyət iqtisadiyyatının inkişafına töhfə verir. Bayram günləri konsertlər, teatr və folklor proqramları, eləcə də müxtəlif festival və sərgilər təşkil olunur. Bu isə kreativ sənaye, yəni yaradıcılıq, mədəniyyət və intellektual əsaslı məhsul və xidmətlərin təqdimatı ilə məşğul olan insanlar üçün əlavə qazanc mənbəyi yaradır. Beləliklə, Novruz həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan ölkənin həyatında əvəzsiz rol oynayan mövsümi sənaye sahəsi olaraq əhəmiyyətli bir bayramdır. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr