ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Uzun illər bizim zövqümüzü özümüz deyil, özgələr formalaşdırdı
Son günlər bir neçə televiziya verilişinin bağlanması cəmiyyətdə, sanki bir rahatlama yaratdı. Hamı eyni fikirdədir: “Gec də olsa, doğru qərardır”.
Bəli, gec idi. Amma bu, problemin həlli deyil. Sadəcə nəticəsidir. Əsas məsələ hələ də yerində qalır: bu zövq bizə necə “öyrədildi”?
Televiziyalar illərdir eyni cümləni deyir: “Xalq bunu istəyir”. Amma kim deyir bunu? Kim ölçür bu istəyi?
Fransız sosioloq Pyer Burdye yazırdı: “Zövq təbii deyil, sosial olaraq formalaşdırılır”.
Yəni sən tamaşaçıya illərlə nə göstərirsənsə, o da onu “istəməyə” başlayır. Bu, seçim deyil - bu, alışdırmadır.
Reytinq məsələsi: sadə ölçü deyil
Bütün qərarlar bir rəqəmin üzərində qurulur — reytinq. Amma o rəqəm haradan gəlir?
Türkiyədə 2012-ci ildə reytinq sistemi ilə bağlı böyük qalmaqal yaşandı. Ölçmə mexanizminə müdaxilə iddiaları ortaya çıxdı və sistem dəyişdirildi.
Ukraynada da oxşar müzakirələr uzun müddət davam etdi — reklam bazarının reytinq vasitəsilə yönləndirildiyi iddiaları gündəmə gəldi.
Bu faktlar göstərir ki, reytinq sadəcə ölçü vasitəsi deyil, eyni zamanda bazarı formalaşdıran alətə çevrilə bilər.
Azərbaycanın reklam bazarı: görünən və görünməyən
Bu gün Azərbaycanın televiziya və radio reklam bazarında qiymətlər, region ölkələri ilə müqayisədə aşağıdır.
Maraqlıdır ki:
- Gürcüstanda reklam qiymətləri daha yüksəkdir;
- Ermənistanda belə, bəzi seqmentlərdə TV reklamı daha baha satılır.
Əhalisi Azərbaycana yaxın olan ölkələrdə media daha yüksək dəyərləndirilir. Bu artıq təsadüf deyil. Əgər bazarın var, amma qiymətin aşağıdırsa, deməli, ya səni aşağı göstərirlər, ya da sən özünü düzgün ölçə bilmirsən.
Kim maraqlıdır ki, sən kiçik görünəsən?
- Böyük qlobal reklam verənlər;
- “Coca-Cola”, “Procter & Gamble” kimi şirkətlər.
Reklam büdcəsini planlayarkən auditoriya ölçülərinə əsaslanır. Auditoriya nə qədər kiçik göstərilirsə, ayrılan büdcə də bir o qədər azalır. Bu, açıq iqtisadi məntiqdir.
Rəqəmsal nəhənglərin səssiz üstünlüyü
Son illərdə “Meta” və “Google” kimi platformalar reklam bazarının böyük hissəsini özlərinə çəkib.
Onlar:
- daha ucuz reklam təklif edir,
- daha geniş çatım iddiası ilə çıxış edir
- və ən əsası: yerli media ilə eyni şərtlərdə fəaliyyət göstərmir.
Bu şirkətlər:
- ölkədə real ofis şəbəkəsi qurmur,
- yerli iqtisadiyyatda məhdud iştirak edir,
- çox vaxt yerli media kimi vergi yükü daşımır.
Amma reklam pullarının böyük hissəsini götürürlər. Bu, artıq təkcə bazar yox, ədalətli rəqabət məsələsidir.
Televiziya niyə bu vəziyyətə düşdü? Uzun illər ərzində paralel bir proses getdi:
- reytinq sistemi televiziyanı zəif göstərdi,
- reklam pulları digital platformalara axdı,
- televiziya maliyyə baxımından zəiflədi.
Maliyyəsi zəifləyən media isə ya keyfiyyət istehsal edir, ya da ucuz kontentə yönəlir. Bizdə ikinci baş verdi.
Çıxış yolu: sistemli yanaşma
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu məsələ ilə bağlı çox konkret təklif irəli sürüb: “Maarifləndirici və ictimai faydalı kontent istehsal edən layihələrə dəstək verən şirkətlər üçün vergi güzəştləri tətbiq olunmalıdır”.
Bu, sadəcə təklif deyil — işləyən modeldir.
Dünyada:
- Fransa mədəni kontenti subsidiyalaşdırır,
- Cənubi Koreya dövlət və biznes əməkdaşlığı ilə media gücünü qurdu.
Bu model bizdə də işləyə bilər.
Son söz
Bu gün bağlanan verilişlər bir nəticədir. Əsas məsələ isə budur: biz uzun illər öz auditoriyamızı, öz zövqümüzü, öz media məkanımızı başqalarının ölçməsinə buraxdıq.
İndi isə seçim qarşısındayıq: ya bu sistemi dəyişəcəyik, ya da sadəcə aparıcıların adını dəyişib eyni verilişləri izləməyə davam edəcəyik.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.