AZ

Milli təhlükəsizliyin keşiyində- Azərbaycan təhlükəsizlik orqanları - 107 il

                            
"Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir".
Heydər ƏLİYEV 
Azərbaycan xalqının ümummilli lideri 

xxx

 "Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük, - bu, yüksək qiymətə layiq olmalıdır". 
    İlham ƏLİYEV
                                                                             Azərbaycan Respublikasının Prezidenti

Şanlı dövlətçilik ənənələrinə malik xalqımızın tarixində müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının önəmli yeri vardır. Həmin dövrdə hökumətin gördüyü mühüm işlərdən biri milli xüsusi xidmət orqanlarının təsis edilməsi idi. Hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə fəaliyyətə başlayan Azərbaycanın ilk xüsusi xidmət orqanları təşəkkül yolunu çox çətin və ağır bir şəraitdə keçsə də, müstəqil dövlətçiliyin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynadı. 
Azərbaycan Xalq Cümhuriyyətinin daxilində və sərhədlərində həmin dövrdə vəziyyət daha da gərginləşdiyindən 1919-cu ilin iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan edildi və elə o tarixdə müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan təhlükəsizlik orqanı - Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı və qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi fəaliyyətə başladı. Vaxtilə bu təşkilatın rəisi olmuş, lakin sonradan Türkiyəyə mühacirət etməyə məcbur qalmış Nağı Şeyxzamanlı "Azərbaycanın istiqlal mücadiləsinin xatirələri" kitabında yazırdı: "Əksinqilabla Mübarizə Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə məclisdə böyük səs çoxluğu ilə qəbul olundu". 
Erməni millətçi siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları respublikanın müstəqilliyinə qarşı aramsız təxribatlar törətdiyindən Təşkilat onlara qarşı davamlı mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və müstəqilliyini yenicə əldə etmiş gənc respublikada sabitliyi pozmaq məqsədi ilə müxtəlif yerlərdə toplantılar keçirərək, daim Azərbaycan əleyhinə təxribat və təbliğat-təşviqat işi aparırdılar. Ona görə də ermənilərin bu qurumları Əksinqilabla Mübarizə Təşkilatının nəzarət etdiyi əsas obyektlər olmuşdur. Maraqlıdır ki, Denikinin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar Əksinqilabla Mübarizə Təşkilatı tərəfindən saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi. Erməni casusları əldə etdiyi məlumatları həm denikinçilərə, həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər. 
Göründüyü kimi, Azərbaycan milli dövlətçiliyinə qarşı daha bir qorxulu qüvvə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti daha da gücləndi. Azərbaycan Xalq Cümhuriyyəti adından bolşevik təbliğatının qarşısını almaq məqsədi ilə 1919-cu il noyabrın 23 də bolşevik yönümlü nəşrlərin dayandırılması haqqında bütün mətbəələrdən iltizam alınması barədə göstəriş verilərək bildirildi ki, tapşırığı yerinə yetirməyən mətbəələr müsadirə ediləcək, sahibləri isə həbs olunacaqdır. 
Bolşevizmlə mücadilə Azərbaycan xüsusi xidmət orqanlarının da əsas fəaliyyət istiqamətlərindən idi. Azərbaycan Silahlı Qüvvələrinin sıralarına gizlicə soxulmağa çalışan bolşeviklərin antidövlət fəaliyyəti ilə mübarizə gücləndirilsə də, bu işin öhdəsindən yetərincə gəlmək mümkün olmurdu. Bu barədə S.Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşeviklərlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz...". 
1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları kimi, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Sovetləşmə illərində Təşkilatın bütün əməkdaşları sovet-bolşevik totalitar rejimi tərəfindən repressiyalara məruz qaldı. Milli xüsusi xidmət orqanının yaradılmasında müstəsna xidmətləri olan Məmmədbağır Şeyxzamanlı həbs edilərək sorğu-sualsız güllələndi. Qardaşı Nağı Şeyxzamanlı isə Türkiyəyə getməyə məcbur oldu və ömrünün axırına kimi mühacirətdə yaşadı. Öz həyatlarını Azərbaycanın müstəqilliyə qovuşması və qorunması uğrunda mübarizəyə həsr etmiş xalqımızın fədakar qurucu övladları və onların yaxınları da imperiyanın cəza maşınından yaxalarını qurtara bilmədilər. 
Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".  Bu gün milli təhlükəsizlik orqanlarının şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə ehtiramla yanaşır, sələflərinin keçdiyi çətin və şanlı mübarizə yolunu inamla davam etdirirlər. Ulu Öndər Heydər Əliyev: "Bugünkü müstәqil Azәrbaycan Respublikasının tәhlükәsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illәrdә yaşamış ilk Azәrbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmәk doğru, düzgün vә mәqsәdәuyğun qәrardır...".  
XX əsrin 50-ci illərinin sonlarından etibarən Azərbaycanın görkəmli alim və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, həmçinin respublika təhlükəsizlik orqanının milliləşdirilməsi istiqamətində fəaliyyətə başlanılır. Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış həmin proses ömrünün 25 ilə yaxın bir dövrünü bu orqanlarda xalqın mənafelərinə həsr etmiş görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 
Azərbaycan təhlükəsizlik sistemində əsaslı dönüşün yarandığı bu dövrdən xüsusi xidmət orqanları milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başladı. Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət və prinsipiallıq göstərdi. Heydər Əliyevin rəhbər vəzifələr¬də işlədiyi dövr¬lər-də bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsin¬də çox bacarıqlı, savadlı azər-baycanlı kadrlar yetişdi. Həmin vaxtadək isə burada çalışan əməkdaşların 80-90 faizini başqa millətlərin nümayəndələri təşkil edirdi. Ulu Öndər deyirdi: "...O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".
Sovet dönəmində İkinci Dünya müharibəsində əsir düşənlərə, xüsusilə də legionerlərə "Sovet İttifaqı Qəhrəmanı" adı verdirmək olduqca çətin idi. Çünki onların hamısına bir nəfər kimi "vətən xaini" adı verilmişdi. Hamının "Mixaylo" kimi tanıdığı Mehdi Hüseynzadə dahi rəhbər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldü və Bakıda onun möhtəşəm abidəsi ucaldıldı. Sonradan M.Hüseynzadənin qəhrəmanlıqlarını əks etdirən bədii əsərlər yazıldı və film çəkildi. Belə misallar yetərincədir. 
Ulu Öndər Heydər Əliyevin təhlükəsizliyin keşiyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq idi. Ümummilli Lider qeyd edirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın başçısı olduğum zaman vә ondan sonra Azәrbaycan Respublikasının başçısı olduğum zaman Azәrbaycan xalqının milli mәnafeyinә әks olan heç bir addım atılmamışdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi". 
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı digər orqanlarda olduğu kimi, təhlükəsizlik orqanlarının  fəaliyyətində də mühüm dönüş mərhələsi oldu. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətimizin təhlükəsizliyinin qorunması tələblərinə cavab verə biləcək səviyyədə quruldu. 
Siyasət dahisi Heydər Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilir. 
Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması isə müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni mərhələnin başlanğıcı, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından xüsusi xidmətin yeni tələblər səviyyəsində təşkilinə yönəlmiş müdrik bir addım idi. 
Eyni zamanda, Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, terrorçuluğa, transmilli cinayətkarlığa qarşı mübarizədə konkret nəticələrin əldə edilməsi, həm də təhlükəsizliyin təmin olunmasında qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyyəyə qalxması idi. 
Müasir beynəlxalq təcrübə əsasında təkmilləşərək, peşəkar, çevik və güclü bir struktura çevrilən Azərbaycan təhlükəsizlik orqanlarının son illər əldə etdiyi uğurlu nəticələr cəmiyyətdə böyük rəğbətlə qarşılanaraq, bu quruma olan inamı daha da artırdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı. 
Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi bu əzəmətli Qələbənin əldə olunmasında Ali Baş Komandan, xalqımızın ona olan inamı, sıx milli birliyimiz və güclü Azərbaycan dövləti əsas rol oynadı. Bu müqəddəs mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimiz xalqımız tərəfindən heç vaxt unudulmayacaq.
Vətən müharibəsinin getdiyi günlərdə Ermənistanın ölkəmizdə ictimai-siyasi sabitliyin və daxili təhlükəsizliyin pozulmasına yönəlmiş kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərini və planlarını daha da artırmasına baxmayaraq, bu mənfur fəaliyyətin qarşısı Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla və qətiyyətlə alındı. Azərbaycan xüsusi xidmət orqanları bununla da düşmənin və ya istənilən rəqib dövlətin təhdidinə cavab verə biləcək qüvvə, vasitə və potensiala malik olduqlarını bir daha əyani surətdə sübut etdilər. 
Dövlətimizin başçısı İlham Əliyevin təhlükəsizlik orqanlarının əməkdaşlarına xitabən: "Sizin fəaliyyətiniz geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyildir. Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyük zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar. Son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə Azərbaycan dövləti və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilmişdir" fikri Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə verilən dəyərli qiymətin bariz nümunəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 23 mart 1997-ci il ta¬rixli sərəncamı ilə təsis edilən təhlükəsizlik orqanlarının peşə bayramı günü Dövlət  Təhlükəsizliyi Xidmətinin əməkdaşları üçün tarixi bir gündür. Xalqımız əmindir ki, yaranmasının 107-ci ildönümünü əldə etdiyi yüksək nailiyyətlər, xidməti uğurlar və ən əsası dövlətin və vətəndaşın etimadı, etibarı və inamı işığında qeyd edən Azərbaycan təhlükəsizlik orqanları bundan sonra da ölkəmizin suverenliyi və təhlükəsizliyinin təmin olunması və daha da qüdrətlənməsi naminə daim peşəkarlıqla çalışacaq, sələflərinin keçdiyi çətin mübarizə yolunu əzmlə və fədakarlıqla davam etdirəcəklər. 

H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr