AZ

Əli Səlimov: Yaxın Şərq ölkələrinin enerji ixracında azalmalar Rusiyanın enerji resurslarına olan tələbin yenidən artmasına səbəb olacaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda Yaxın Şərqdə davam edən müharibə beynəlxalq iqtisadiyyat üçün çoxşaxəli risklər yaratmağa davam edir. Müharibə başladıqdan sonra enerji bazarında neft qiymətlərində təxminən 40–50% artım qeydə alınıb. Münaqişənin uzanması və enerji qiymətlərindəki dəyişkənliyin dərinləşməsi, xüsusilə enerji idxalçısı olan ölkələr üçün mənfi nəticələr ortaya çıxarır. Bu proses həmin ölkələrdə inflyasiya təzyiqlərini artırmaqla yanaşı, iqtisadi sabitliyi də zəiflədir. Digər tərəfdən, enerji ixracatçısı ölkələr üçün isə qısa müddətdə qiymət artımları müəyyən üstünlüklər yaratsa da, uzunmüddətli perspektivdə bu cür dalğalanmalar iqtisadi planlaşdırmanı çətinləşdirəcək.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzun illərdir Qərbin sanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı mövcud şəraitdə enerji bazarındakı qiymət artımlarından müəyyən dərəcədə faydalana bilər: “Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, ölkənin enerji ixracı və maliyyə sisteminə ciddi məhdudiyyətlər qoyulmuşdur. Buna baxmayaraq, Rusiya alternativ bazarlara yönəlməklə və ixrac marşrutlarını diversifikasiya etməklə bu təzyiqləri qismən kompensasiya etməyə çalışır. Hərçənd, Avropa ölkələrinin Rusiya qazından asılılığı əvvəlki illərlə müqayisədə azalsa da, bu asılılıq hələ də tam aradan qalxmayıb. Eyni zamanda, Hörmüz boğazında yaranmış məhdudiyyətlər və bəzi Yaxın Şərq ölkələrinin enerji ixracında azalmalar Rusiyanın enerji resurslarına olan tələbin yenidən artmasına səbəb olacaq”.

Əli Səlimov

“İranla müharibənin qısa müddətdə başa çatmaması enerji bazarında yüksək qiymətlərin bir müddət daha davam etməsinə səbəb olacaq. ABŞ Prezidenti Donald Trampın müharibə davam edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müvəqqəti olaraq yumşaldıla biləcəyinə dair açıqlamaları beynəlxalq enerji bazarında risklərin daha da dərinləşəcəyi ehtimalını göstərir. İlk növbədə, belə bir addımın atılması Rusiyanın enerji ixracını qismən artıraraq bazarda təklifin genişlənməsinə səbəb olacaq. Bu da qısa müddətdə neft qiymətlərinin sabitləşməsi və ya artım tempinin zəifləməsi ilə nəticələnəcək”-deyə iqtisadçı qeyd edib.

Əli Səlimov vurğulayıb k, Rusiya enerji ixracı strategiyasında getdikcə daha çox Asiya bazarına yönəltməkdədir: “Hazırda ölkənin neft və qaz ixracının əhəmiyyətli hissəsi Çin bazarına istiqamətlənib və bu istiqamətdə enerji əməkdaşlığı təkcə mövcud tədarüklərlə məhdudlaşmır. Xüsusilə, “Power of Siberia” qaz kəməri vasitəsilə Çinə təbii qaz ixracı artıq strateji əhəmiyyət kəsb edir və tərəflər bu layihənin ötürmə gücünün artırılması üzərində işləyirlər. Bununla yanaşı, “Power of Siberia 2” layihəsi üzrə aparılan danışıqlar Rusiyanın Qərb bazarlarında itirdiyi mövqeləri Asiya istiqamətində kompensasiya etmək niyyətini açıq şəkildə göstərir. Bu layihənin reallaşması Rusiya qazının böyük həcmdə Monqolustan üzərindən Çinə nəqlini təmin edərək uzunmüddətli enerji əməkdaşlığını daha da dərinləşdirəcək. Rusiyanın iqtisadi vəziyyəti qısamüddətli perspektivdə müəyyən üstünlüklər əldə etsə də, uzunmüddətli baxışda enerji bazarındakı qeyri-müəyyənlik və sanksiya təzyiqləri risk amili olaraq qalmağa davam edəcək”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
bizimyol.info

1Mənbələr