AZ

Dövlət qulluqçularının əməkhaqqı sistemində əsaslı dəyişikliklər gözlənilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının əməyinin ödənilməsi sahəsində mühüm dəyişiklikləri nəzərdə tutan fərmanlar imzalayıb.

 

QHT.az xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov musavat.com-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, qəbul edilən yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların davamıdır və dövlət qulluğunda əməkhaqqı sisteminin daha sabit və effektiv modelə keçirilməsinə şərait yaradır.

 

Ekspert qeyd edib ki, əvvəlki sistemdə dövlət qulluqçularının əməkhaqqının əsas hissəsi müxtəlif mükafat və əlavə ödənişlərdən ibarət olurdu. Bu isə əməkhaqqının sabitliyini zəiflədir, eyni zamanda gənc və peşəkar kadrların dövlət sektorunda fəaliyyətə marağını azaldırdı.

 

F.Yusifovun sözlərinə görə, mövcud uyğunsuzluqlar səbəbindən dövlət qurumlarında yetişmiş gənc mütəxəssislər daha yüksək əməkhaqqı təklif edən özəl sektora üz tuturdu ki, bu da dövlət sektorunda kadr axınına səbəb olurdu.

 

Ekspert vurğulayıb ki, yeni sistemdə əvvəl mükafat və digər əlavələr kimi verilən ödənişlər əməkhaqqının baza hissəsinə daxil ediləcək. Bu dəyişiklik nəticəsində əməkhaqqının baza hissəsinin 90-95%-ə qədər artırılması nəzərdə tutulur ki, bu da daha sabit maaş sisteminin formalaşmasına imkan verəcək.

 

Onun fikrincə, yeni model dövlət qulluğuna daha peşəkar və bacarıqlı kadrların cəlb olunmasına şərait yaradacaq. Eyni zamanda, gələcəkdə dövlət qulluqçularının pensiya təminatının hesablanmasında da qeyri-müəyyənliklər aradan qalxacaq.

 

Qeyd edək ki, bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Seçilən
33
qht.az

1Mənbələr