Xəbər verdiyimiz kimi, əməkdar artist, xanəndə Raziyyə Şirinova 86 yaşında vəfat edib.
Sənətkarın qızı, pianoçu Sevinc Sultanova Moderator.az-a özəl açıqlamasında bildirib ki, anası martın 15-i tarixində qəflətən vəfat edib:
“Anam qəflətən vəfat etdi. Martın 15-də evdə iş görüb. Peraşki üçün xəmir yoğurub, balığı təmizləyib qoyub kənara. Qardaşıma deyib ki, ürəyim sıxılır. Dərman gətirib veriblər. 10 dəqiqə keçməyib ki, dünyasını dəyişib. Həyətdə iki gün əvvəl gilas ağacı əkmişdi. Çox həyatsevər insan idi. Başım elə qarışıq oldu ki, mediaya da xəbər verə bilmədim. Sənət yoldaşları gəlib yas mərasimində iştirak etdilər. Anam Opera və Balet teatrının aparıcı solistlərindən biri olub. Baş rolları oynayıb. Onun xətrini hamı çox istəyirdi. Gələ bilməyən sənət yoldaşları da telefonla zəng edib başsağlığı verdilər. Niyaməddin Musayevə, Mənsum İbrahimova, Bilal Əliyeva, Təranə Vəlizadəyə, Gülyaz və Gülyanaq Məmmədovaya, Gövhər Rzayevaya, Mənzurə Musayevaya, Fəzail Miskinliyə, Aqşin Tariyeloğluna və digər sənət yoldaşlarına təşəkkür edirəm ki, bizi bu ağır gündə tək buraxmadılar. Biz hələ də onun ölümünü qəbul edə bilmirik”.
Sevinc xanım anasının həyata keçməyən arzusundan danışıb:
“Noyabr ayında anamın 85 yaşı tamam oldu. Səhhəti ilə əlaqədar olaraq yubiley qeyd etmədi. Həm də atam dünyasını dəyişmişdi. Özünə yubiley keçirmək istəyirdi. Mən onun bu həyata keçməyən arzusunu reallaşdıracam. Sonuncu verilişi də “O üz” verilişi oldu. Həvəsdən düşmüşdü, heç yerə getmək istəmirdi. Bu verilişə də güc-bəla ilə onu apardım. Bir müddət Türkiyədə bacımın yanında qaldı, müalicə aldı. Həkim demişdi ki, dərmanı saxlama. Dərmanı saxlayan kimi tromblaşma baş verdi. İki aydan bir həkim nəzarətində olurdu. Allah bütün sənətkarları qorusun. Onlar bir tarixdir və hər zaman da tarixdə qalacaqlar”, - deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. “Lalə” qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilib, 2005-ci ilə kimi teatrda çalışıb. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib. 2005-ci ildə Azərbaycanın mədəni həyatında böyük xidmətlərinə görə “Prezidentin fərdi təqaüdünə” layiq görülüb. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.