AZ

Publik hüquqi şəxslərdə maaşlara vahid qayda tətbiq olunacaq - ŞƏRH

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxslərin fəaliyyətində mühüm dəyişikliklərə yol açan yeni fərman əməkhaqqı sisteminin optimallaşdırılmasını hədəfləyir. Dövlət başçısının imzaladığı sənəd bu qurumlarda maaşların müəyyən edilməsinə vahid yanaşmanın tətbiqini nəzərdə tutur və maliyyə intizamının gücləndirilməsinə xidmət edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədov dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə şərh edərkən deyib.

Onun sözlərinə görə, fərmana əsasən, publik hüquqi şəxslərdə çalışan işçilərin aylıq vəzifə maaşlarının yuxarı həddi artıq sərbəst şəkildə deyil, dövlət qulluğunda analoji vəzifələr üzrə müəyyən edilmiş baza maaşlarla əlaqələndiriləcək: “Belə ki, müxtəlif səviyyələr üzrə bu məbləğ müvafiq dövlət orqanlarında tətbiq olunan baza aylıq maaşın 90 faizi həcmində müəyyən edilir. Bu yanaşma həm tabeliyi olmayan publik qurumlara, həm də dövlət orqanlarının və digər publik hüquqi şəxslərin tabeliyində fəaliyyət göstərən strukturlara şamil olunur.

Yeni mexanizm əməkhaqqı sistemində uzun müddətdir müşahidə olunan qeyri-bərabərliyin aradan qaldırılmasına yönəlib. İndiyədək bəzi publik hüquqi şəxslərdə əməkhaqqı səviyyəsinin dövlət orqanları ilə müqayisədə daha yüksək olması fiskal yük və idarəetmə baxımından müəyyən suallar doğururdu. Tətbiq edilən 90 faizlik limit bu fərqləri minimuma endirməklə, dövlət və publik sektor arasında balansın təmin olunmasına şərait yaradır.

Fərmanda Nazirlər Kabinetinə də mühüm vəzifələr həvalə olunur. Üç ay müddətində mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmalı, publik hüquqi şəxslərdəki vəzifələr dövlət qulluğu vəzifələri ilə uyğunlaşdırılmalıdır. Eyni zamanda, bəzi rəhbər vəzifələr üzrə əməkhaqqı məbləğinin ayrıca müəyyən edilməsi də nəzərdə tutulur.

Publik hüquqi şəxslərin özlərinə isə altı ay müddətində əməkhaqqı sistemini yeni qaydalara uyğunlaşdırmaq tapşırılıb. Bu proses Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcək. Bundan əlavə, qurumlar öz strukturları, işçi sayı və əməkhaqqı fondu barədə məlumatları müntəzəm şəkildə təqdim etməlidirlər ki, bu da şəffaflığın artırılmasına xidmət edir”, - deyə Zahid Məmmədov əlavə edib.

Ekspert bu fərmanı dövlət maliyyəsinin daha səmərəli idarə olunması istiqamətində atılmış mühüm addım hesab edir.

“Eyni zamanda, publik hüquqi şəxslərin fəaliyyətində vahid standartların tətbiqi institusional idarəetməni gücləndirə bilər. Bununla belə, bəzi hallarda yüksək ixtisaslı kadrların cəlb olunması və saxlanılması məsələsi yeni yanaşmanın praktik nəticələrindən asılı olacaq.

Ümumilikdə, qəbul edilən qərar yalnız əməkhaqqı mexanizminin dəyişdirilməsi ilə məhdudlaşmır. Bu, dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi, fiskal intizamın gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində kompleks islahatın tərkib hissəsi kimi qiymətləndirilir”, - deyə Zahid Məmmədov vurğulayıb.

Seçilən
50
1
azertag.az

2Mənbələr