Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Ramazan ayı müsəlmanın həyatında təkcə ibadət ayı deyil, həm də insanın öz həyat tərzini yenidən düşünməsi, bədəni və ruhu ilə bağlı məsuliyyət hissini dərk etməsi üçün bir fürsətdir. Quran-i Kərimdə oruc ibadəti barədə danışılarkən bu ibadətin insanı çətinliyə salmaq üçün yox, onu tərbiyə etmək üçün vacib edildiyi açıq şəkildə bildirilir. Allah buyurur ki, "Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, bu ayə Bəqərə surəsinin 183-cü ayəsində yer alır və orucun mahiyyətini çox aydın göstərir: “Məqsəd sadəcə ac qalmaq deyil, insanın daxilində məsuliyyət və mənəvi nəzarət hissinin formalaşmasıdır. Bu baxımdan İslam hüququ oruc ibadətini həyatın müxtəlif vəziyyətləri ilə əlaqələndirərək müəyyən güzəştlər də nəzərdə tutmuşdur. Ramazan ayında səfərə çıxmaq məsələsi də bu mövzulardan biridir. Quranda açıq şəkildə deyilir ki, Sizdən kim xəstə olsa və ya səfərdə olsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutar. Bu ayə Bəqərə surəsinin 185-ci ayəsində qeyd olunur. Bu ayə göstərir ki, səfər insan üçün müəyyən çətinlik yarada biləcəyi üçün Allah bu halda insana seçim hüququ vermişdir.
Məhəmməd peyğəmbərin (s.ə.s) həyatına baxdıqda görürük ki, səfərdə həm oruc tutduğu, həm də tutmadığı vaxtlar olmuşdur. Səhih hədislərdə rəvayət olunur ki, səhabələr səfər zamanı bəzən oruc tuturdular, bəzən də tutmurdular və Peyğəmbər (s.ə.s) bu məsələdə onları qınamırdı. İmam Buxari və Müslimin rəvayət etdiyi bir hədisdə səhabələrdən Cabir ibn Abdullah bildirir ki, səfərdə olanlar arasında həm oruc tutan, həm də tutmayan olurdu və heç kim digərini qınamırdı. Bütün bunlar göstərir ki, səfərdə oruc tutmaq və ya tutmamaq insanın vəziyyətindən asılı olaraq dəyişə bilər”.
Əkrəm Həsənov qeyd edib ki, İslam hüququnda səfərin müəyyən ölçüsü də göstərilib: “Klassik fiqh alimlərinin çoxuna görə səfər məsafəsi təxminən 80–90 kilometrdən artıq olduqda səfər hökmü tətbiq olunur: “İmam Əbu Hənifə, İmam Şafii, İmam Malik və İmam Əhməd ibn Hənbəl bu məsələdə ümumi şəkildə eyni mövqeni bölüşürlər. Onların fikrincə belə məsafədə səfərdə olan insan üçün həm namaz qısaldıla bilər, həm də oruc məsələsində güzəşt tətbiq olunur”.
İlahiyyatçı bildirib ki, səfərdə olan insan oruc tutmaq istəsə bu ibadət etibarlıdır, lakin səfər insanı ciddi şəkildə yorursa və ya sağlamlığına zərər verirsə, bu halda orucu açmaq daha məqsədəuyğun sayılmışdır: “Bəzi hədislərdə Peyğəmbər (s.ə.s) səfərdə oruc tutmağın insanı həddindən artıq zəiflətməsi halında bunun doğru olmadığını bildirmişdir. Bir səfər zamanı çox yorulan bir nəfəri görən Peyğəmbər (s.ə.s) buyurmuşdur ki, səfərdə bu cür özünü çətinliyə salmaq yaxşı əməl deyil. Bu hədis Səhih Buxaridə rəvayət olunur.
Səfərdə orucun pozulmasına gəldikdə, burada əsas məsələ niyyətlə bağlıdır. Əgər insan səfərdə olduğu üçün oruc tutmamağa qərar verərsə, bu günləri Ramazandan sonra qəza etməlidir. Quranda da məhz bu göstərilir. Belə halda insan günah qazanmır, sadəcə tutmadığı günlərin əvəzini başqa vaxt tutmalıdır. Əgər insan səfərdə olarkən qəsdən orucu pozarsa, lakin bu pozma səfər halına görə olarsa, yalnız qəza kifayət edir”.
İlahiyyatçının sözlərinə görə, Ramazan orucunu heç bir üzr olmadan qəsdən pozan insan üçün fiqh alimləri həm qəza, həm də kəffarə hökmünün tətbiq ediləcəyini qeyd etmişlər: “Kəffarə məsələsi hədislərdə də qeyd olunmuşdur. Peyğəmbərin (s.ə.s) yanına gəlib orucunu bilərəkdən pozduğunu deyən bir səhabəyə əvvəlcə bir qul azad etməsi, buna gücü çatmazsa iki ay ardıcıl oruc tutması, buna da gücü çatmazsa altmış kasıbı doyurması tövsiyə edilmişdir”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.