Kardioloq Aşiş Agarval bildirib ki, qəfil ayağa qalxarkən yaranan başgicəllənmə qan dövranı və təzyiq problemlərinin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bədən vəziyyəti dəyişərkən qan təzyiqi kəskin düşə və beyinə gedən oksigen azalaraq tarazlıq itkisinə səbəb ola bilər.
Mütəxəssis izah edib ki, belə hallarda qan əsasən ayaqlara yönəlir və bu da beyində müvəqqəti oksigen çatışmazlığı yaradır. Əgər qan axını tez bərpa olunmazsa, insan huşunu itirə bilər.
Agarval qeyd edib ki, susuzlaşma, yorğunluq, yuxusuzluq və uzun müddət ac qalmaq bu vəziyyəti daha da ağırlaşdıra bilər. Bu amillər orqanizmin dəyişikliklərə uyğunlaşma qabiliyyətini zəiflədir.
Həkimin sözlərinə görə, nadir hallarda baş verən başgicəllənmə adətən təhlükəli deyil. Lakin bu hal tez-tez təkrarlanırsa və huşunu itirmə, sinədə narahatlıq və ya bulanıq görmə ilə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc
E-saglam.az