AZ

Novruz bayramı: birlik, bərəkət və yenilənmə ənənəsi - REPORTAJ

Ağstafa, 20 mart, AZƏRTAC

Baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz bayramı Azərbaycanda əsrlərdir böyük coşqu ilə qeyd olunur. Bu qədim bayram təkcə təqvim dəyişimi deyil, həm də insanların ruhən yenilənməsi, təmizlənməsi, birlik və bərəkət arzularının ifadəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunun Gürcüstanla sərhəddə yerləşən ucqar Sadıqlı kəndində Novruz bayramı xüsusi təmtəraqla qeyd edilir. Kənddə yaşayan ailələr bu bayramı yalnız bir gün deyil, həftələrlə davam edən hazırlıq və mərasimlərlə qarşılayırlar. Sadıqlı sakinləri üçün Novruz həm ənənə, həm də həyat tərzidir.

Bayrama hazırlıq günlər öncədən başlayır. Evlərdə təmizlik işləri aparılır, həyət-bacalar səliqəyə salınır. Ailələr süfrələrini bəzəmək üçün milli mətbəxin ən ləziz təamlarını hazırlayır. Plov, dolma, müxtəlif şirniyyatlar – şəkərbura, paxlava, qoğal hər evdə bişirilir. Süfrələrin baş tacı isə bolluq və həyat rəmzi olan səmənidir.

Sadıqlı kəndində yaşayan ailələrdə Novruzun hər bir ənənəsi qorunaraq yaşadılır. Ömrünü müəllimlik peşəsinə həsr edən, hazırda təqaüddə olan Xəzəngül Musayeva deyir ki, kənddə Novruza hazırlıq ilk olaraq təmizlik işləri ilə başlayır. Bayramda artıq təbiətin oyanması nəzərə alınaraq həyət-bacada təsərrüfat işləri görülür: “Kəndimiz Qarayazı meşəsinin kənarında, Kür çayı sahilində, Gürcüstanla sərhəddə yerləşir. Novruzun əsas hazırlıqları biz xanımların üzərinə düşür. Evdə nə varsa, öncədən çölə çıxarılır, yorğan,döşək, xalça, palaz - hamısı təmizlənir. Novruz bayramı günlərində isə süfrənin bəzədilməsinə diqqət yetiririk. İlk növbədə milli yeməklərin hazırlanmasına çalışılır”.

Xəzəngül Musayeva deyir ki, bayram günü ailə bir yerə yığışır, qohum-əqrəba arasında küsülülüyə son qoyulmağa çalışılır: “Ağsaqallar bu işdə xüsusi fəal olurlar. Kənddə hər bir evdə ağsaqqal xeyir-duası ilə Novruz süfrəsində bir araya gələn ailələr bu qədim bayramın işığında bir-biri ilə mehriban söhbətlər edir, bayram süfrəsində dadlı təamlardan dadırlar”.

Xəzəngül nənənin sözlərinə görə, Novruzun çox gözəl adət-ənənələri var: “Gərək, bu adətlər nəsildən-nəslə ötürülsün. Necə ki, min illərdir bu bayram yaşadılır. Bu adətlər indən sonra da heç vaxt unudulmamalıdır. Bu günlərdə birlik və mehribanlıq daha da güclənir”.

Novruzun ən maraqlı və sevilən adətlərindən biri də uşaqların papaq atmasıdır. Sadıqlı kəndində uşaqlar məhz Novruz bayramı günü papaqatdıya gəlirlər. Axşam düşən kimi kənd uşaqları evlərin qapısına papaq atır, ev sahibləri isə onları bayram sovqatı ilə sevindirirlər. Qapı pusma, qulaq falı kimi qədim inanclar da bu kənddə indiyə qədər yaşadılır.

Bayram axşamı tonqallar qalanır. İnsanlar tonqal ətrafına toplaşaraq “ağırlığım odda yansın” deyib alovun üzərindən atlanırlar. Bu, köhnə ilin bütün çətinliklərindən xilas olub, yeni ilə təmiz ruhla başlamağın rəmzi sayılır.

Kənd ağsaqqalı Fərhad Hacıyev deyir ki, Sadıqlı əhalisi təsərrüfatın müxtəlif sahələri ilə məşğuldur: “Heyvandarlıq, arıçılıq, əkinçiliklə məşğul olan sakinlər üçün təbiətin oyanışı həm də aktiv yaz işlərinə start vermək deməkdir. Novruzun gəlişi ilə yaz mövsümü üçün xarakterik işlərə də başlanıılr. “Novruz həm də torpağın oyanışı, həyatın yenidən başlaması deməkdir. Sadıqlı kəndində yaşayanlar bu günlərdə torpaqla daha çox təmasda olur, əkinçilik mövsümünə hazırlaşırlar. Təbiətdə baş verən dəyişikliklər – tumurcuqlayan ağaclar, açan çiçəklər baharın gəlişindən xəbər verir. Bu bayram günlərində insanlar yalnız şənlənmir, həm də dünyasını dəyişən yaxınlarını yad edir, məzarlarını ziyarət edirlər. Keçmişlə gələcəyin qovuşduğu bu ənənə Novruzun mənəvi dəyərini daha da artırır”- deyə F.Hacıyev əlavə edib.

Sadıqlı kəndində qeyd olunan Novruz bir daha göstərir ki, bu bayram sadəcə təqvim hadisəsi deyil. Bu, xalqın yaddaşı, milli kimliyi və əsrlər boyu qorunub saxlanılan mənəvi sərvətidir. Novruz – birlik, bərəkət və yenilənmə bayramı olaraq hər il insanların qəlbində yeni ümidlər oyadır. Sadıqlı kimi kəndlərdə isə bu ümidlər ənənələrin işığında daha parlaq görünür.

Müxbir – Ruslan Novruzoğlu

 

Seçilən
63
1
azertag.az

2Mənbələr