Novruz – Qarabağ dirçəlişinin simvolu
Novruz bayramı Azərbaycan xalqının minillik tarixindən süzülüb gələn və zamanla bəşəri dəyər səviyyəsinə yüksəlmiş nadir mədəni irs nümunələrindən biridir. Təbiətin oyanışı ilə bağlı bu bayram insanla torpaq arasında harmoniyanı, yenilənməni və həyata bağlılığı təcəssüm etdirir. Novruzun fəlsəfəsində zorakılıq yox, barış; dağıdıcılıq yox, quruculuq; nifrət yox, ümid var. Məhz bu universal məzmun onun beynəlxalq miqyasda qəbul olunmasını şərtləndirmişdir.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ardıcıl fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, daha sonra isə BMT Baş Assambleyası tərəfindən 21 mart “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Bu qərarlar Novruzun yalnız regional yox, qlobal mədəni irs statusunu təsdiqləmişdir. Azərbaycan bu prosesdə milli dəyərlərini dünyaya təqdim edən, mədəni diplomatiyanı uğurla həyata keçirən ölkə kimi çıxış etmişdir.
Novruzun fəlsəfəsi təkcə mərasimlərdə deyil, real ictimai təşəbbüslərdə də öz əksini tapır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək” kampaniyası Novruzun yenilənmə ideyasını ekoloji məsuliyyət və sosial həmrəyliklə birləşdirmişdir. Yüz minlərlə ağacın əkilməsi, yeni park və yaşıllıqların salınması bayramın rəmzi məzmununu konkret əmələ çevirərək, Novruzu gələcək nəsillərə yönəlmiş mesaj kimi təqdim edir.
Xüsusi vurğulanmalı olan daha bir məqam ondan ibarətdir ki, Novruz bu gün azad edilmiş Qarabağda dirçəlişin və qayıdışın rəmzinə çevrilmişdir. 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə Xankəndində bayram tonqalının qalanması Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu və həyatın bu torpaqlara qayıtdığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu torpaqlarda artıq quruculuq, abadlıq və məskunlaşma prosesi dönməz xarakter alıb.
Novruzun Qarabağda qeyd olunması eyni zamanda tarixi ədalətin bərpasının mənəvi təsdiqidir. Bu torpaqlarda səməni cücərir, bayram süfrələri açılır, uşaqlar tonqal ətrafında sevinir. Bu mənzərə göstərir ki, Azərbaycan dövləti yalnız torpaqlarını deyil, öz mədəni həyatını, ruhunu da geri qaytarıb. Beləliklə, Novruz bu gün Azərbaycan üçün keçmişin irsi, bu günün qüruru və gələcəyin yol xəritəsidir. O, milli kimliyi qoruyur, bəşəri dəyərləri təbliğ edir və Qarabağda yeni həyatın başlanğıcını simvolizə edir.
İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının
Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi,
YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.