AZ

Novruzun ilıq nəfəsi, Ramazanın ilahi sevgisi

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalqımız bu il Novruz və Ramazan bayramlarını eyni vaxtda qeyd edir. Dünya müsəlmanlarının müqəddəs saydıqları Ramazan ayının budəfəki gəlişi xoş müjdəli, gedişi isə çal-çağırlıdır. Ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, kimsəsizlərə yardım etmək savab əməllərdəndir. Əslində, milli mentalitetimizin ayrılmaz atributları hesab edilən bu əməllər mahiyyət etibarilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Ramazan ayı boyu açılan iftar süfrələri ilahi duyğularla süslənmiş bir ayrı ab-hava yaradır.

Bu il Novruzun ilıq nəfəsinin gətirdiyi rahatlıqla, eyni zamanda, Ramazanın iman dolu könüllərə çəkdiyi sığalı ilə yadda qalacaq. Qurani-Kərimin ilk ayələrinin nazil olduğu bu mübarək ay özünün ali xilqətində Allaha təmənnasız ibadət, sosial ədalət və bərabərlik, bütün umu-küsülərin unudulması, imkansızlara əl tutulması kimi inanca, bəşəri dəyərlərə söykənir. Bolluq və firavanlığın qaranquşu hesab olunan Novruz isə bütün bu savab əməllərin əvəzi kimi, insanlara ruzisini Tanrının lütfü ilə ərmağan edir.

2026-cı ildə Ramazanı da, Novruzu da daha böyük coşqu, qürur hissi ilə qarşılayırıq. Bu, Vətən müharibəsində qazandığımız şanlı Zəfərin altıncı ildönümünün sevincinin, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalanmasının gətirdiyi iftixar hissidir. Budəfəki Ramazan bayramında məhz həmin qürurdan yoğrulmuş xeyirxahlıq duyğusu ilə, fitrəmizlə və Novruz təamları ilə yoxsulları sevindirir, eləcə də şəhidlərimizin xatirəsini anır, qazilərimizə Yaradandan şəfalar diləyirik.

Tanrı bu iki müqəddəs bayramın qədəmlərini xalqımız, dövlətimiz, ümumən Türk dünyası üçün düşərli eləsin.

İmran BƏDİRXANLI

“Xalq qəzeti”

20 mart 2026-cı il

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
100
reyting.az

1Mənbələr