AZ

Yüksək maaş və vahid tarif sistemi: “Dövlət qulluğunun səmərəliliyini artıracaq

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verildiyi kimi, dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb. 

Ölkə başçısı tərəfindən imzalanan yeni fərman əməkhaqqı sisteminin optimallaşdırılmasını hədəfləyir. Dövlət başçısının imzaladığı sənəd bu qurumlarda maaşların müəyyən edilməsinə vahid yanaşmanın tətbiqini nəzərdə tutur və maliyyə intizamının gücləndirilməsinə xidmət edir. 

Prezident tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. 

Ekspertlər hesab edirlər ki, bunu ölkədə əhalinin maddi rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardan biri hesab etmək olar. 

Məsələ ilə bağlı sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli "Cebheinfo"-a bildirib ki, dövlət qulluqçularının əməkhaqqının artırılması və ödənilməsinin yeni sistemi müəyyən olunur: 

"Bunu müsbət addım kimi qiymətləndirirəm. Birincisi, dövlət qulluqçuları dövlətin vəzifə və funksiyalarını həyata keçirirlər. Bu baxımdan, onlar yaxşı həyat səviyyəsinə malik olmalıdırlar. Qanun onlara təminat kimi nəzərdə tutulub ki, dövlət qulluqçularının sosial mədəni vəziyyəti yuxarı olmalıdır. 

Bu da əsasən əməkhaqqı ilə müəyyən olunur. İndiyə qədər əməkhaqqı sistemi bir qədər mürəkkəb və dolaşıq idi. Bir maaşın baza hissəsi var idi, onun ikiqat misli miqdarında maaşa əlavələr var idi. Sonra iş yerində müxtəlif hallardan asılı olaraq əlavə ödənişlər mövcud idi. Məsələn, iş stajına, daşıdığı ixtisas dərəcəsinə görə və s. ödənişlər olurdu. 

İndi onların hamısı birləşdirilir və vahid ödəniş sistemi müəyyən olunur. Yəni konkret bir maaş olacaq və ona əlavə olmayacaq. Bu, əslində sistemin sadələşdirilməsidir. Sistemin sadələşdirilməsi də dövlət qulluğunun keyfiyyətinin yüksəlməsinə xidmət edir. 

Maaşların baza hissəsi əslində buna görə artır. Prinsip etibarilə dövlət qulluqçuları yüksək maaş almalıdırlar ki, onlar həm qulluq funksiyalarını yerinə yetirsinlər, həm də korrupsiyaya, süründürməçiliyə bir qədər meyilli olmasınlar. 

Mahiyyət bundan ibarətdir ki, dövlət qulluqçularının vahid maaş sisteminə keçilməsi və maaşların yüksəldilməsi bütövlükdə dövlət qulluqçularının həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq". 

Müsahibimiz hesab edib ki, bu addım gələcəkdə dövlət büdcəsindən maliyyələşən digər qurumların da işinin yaxşılaşmasına, müəllimlərin, həkimlərin, digər müəssisələrdə muzdla çalışanların əməkhaqqının artırılmasına gətirib çıxaracaq: 

"Dövlət qulluğu ilə özəl sahə arasında müəyyən bir rəqabət gedirdi. İndiyə qədər özəl sahə mütəxəssislərə daha çox maaş verirdi. Bir çox hallarda dövlət qurumlarında işləmək vətəndaşlara sərf etmirdi. 

Hesab edirəm ki, yüksək maaş, vahid tarif sistemi ilə işləmək həm də dövlət qulluğunun bir növ səmərəliliyinin, cəlbediciliyinin artmasına gətirib çıxaracaq". 

Nigar Abdullayeva 

"Cebheinfo.az"

Açar sözlər:

dövlət qulluqçuları Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr