AZ

SSRİ-ni heyran edən azərbaycanlı admiral kim idi? – FOTOLAR

Azərbaycanın hərb tarixində iz qoymuş, lakin taleyi uzun illər kölgədə qalan simalar da var. Onlardan biri də ölkənin ilk kontr-admiralı Cəlil Cavadovdur. Döyüş meydanlarında göstərdiyi şücaət, qazandığı yüksək rütbələr və dövlət səviyyəsində qiymətləndirilən xidmətlərinə baxmayaraq, onun həyat yolu təkcə uğurlarla deyil, həm də müəmmalı və ağrılı hadisələrlə yadda qalıb.

undefined

NOCOMMENT.az Cəlil Cavadovun həyat hekayəsini təqdim edir.

Azərbaycanın hərb tarixində xüsusi yeri olan ilk kontr-admiral Cəlil Cavadov 1918-ci ilin avqust ayında Bakıda dünyaya gəlib. O, əslən Abşeronun Fatmayı kəndindəndir. Atası Məmmədəli neft sahəsində çalışan zəhmətkeş insan olub və peşəkar bacarığı sayəsində xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birinə rəhbər təyin edilib.

undefined
Cəlil Cavadov ilk təhsilini 1929-cu ildə başa vurduqdan sonra 1930–1935-ci illərdə Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunun kimya fakültəsində oxuyub. Əmək fəaliyyətinə isə “Azərqaz” trestində başlayıb. Lakin onun həyatı tamamilə fərqli istiqamətə yönəlir. 1937-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda təhsil alarkən hərbi sahəyə maraq göstərərək Sevastopoldakı Naximov adına Ali Hərbi Dənizçilik Məktəbinə daxil olur və bununla da ömrünü hərbi xidmətə həsr edir.

undefined

1941-ci ildə məktəbi bitirən Cavadov miçman rütbəsində Dunay hərbi donanmasına göndərilir. Böyük Vətən müharibəsi illərində o, Sevastopol, Qafqaz və Sovet Zapolyaryesinin müdafiəsində fəal iştirak edir. Dunay, Qara dəniz və Şimal donanmalarının tərkibində alman qüvvələrinə qarşı döyüşür, bir sıra mühüm əməliyyatlarda iştirak edir.

Bratislava, Korneyburq, Florisdorf və Vena şəhərlərinin azad edilməsində göstərdiyi igidliyə görə müxtəlif orden və medallarla təltif olunur. Müharibəni baş leytenant rütbəsində başa vurur.

Kontr-admiral

Müharibədən sonra xidmətini Xəzər Hərbi Dəniz Donanmasında davam etdirən Cavadov 1949-cu ildən etibarən Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində fəaliyyətə başlayır. 1954-cü ildən isə bu qurumun Respublika Mərkəzi Komitəsinin sədri olur. Onun rəhbərliyi dövründə Azərbaycanda genişmiqyaslı hərbi-vətənpərvərlik və hərbi-idman hərəkatı formalaşır, təşkilata bir milyondan artıq üzv cəlb edilir.

1959-cu ildə o, Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. 1968-ci ildə isə hərbi xidmətindəki uğurlarına görə kontr-admiral rütbəsinə layiq görülür. Bu münasibətlə SSRİ müdafiə naziri marşal Andrey Qreçko və marşal Semyon Budyonni tərəfindən təbrik olunur.

Cəlil Cavadov təkcə hərbçi deyil, həm də geniş dünyagörüşə malik ziyalı idi. Şərq poeziyasına xüsusi maraq göstərir, Sədi Şirazi, Cəlaləddin Rumi, Ömər Xəyyam və digər klassiklərin əsərlərini toplayır, tərcümə edirdi. Astronomiya və riyaziyyat sahəsində də biliklərə sahib idi. O, marşal Budyonni, admiral Sergey Qorşkov və məşhur pilot Aleksandr Pokrişkin kimi görkəmli hərbi xadimlərlə yazışmalar aparırdı.

Bununla yanaşı, şəxsi həyatında da aktiv və sağlam həyat tərzi keçirən Cavadov yaşlı vaxtlarında belə yaxşı üzgüçü kimi tanınırdı.

undefined

Lakin onun həyatında ağır dönəm də yaşanır. 1971-ci ildə heç bir əsas göstərilmədən tutduğu vəzifədən uzaqlaşdırılır və ordudan xaric edilir. Bu haqsızlıq onun həyatına ciddi təsir göstərir. Bacısının sözlərinə görə, uzun illər etdiyi müraciətlər cavabsız qalır və bu vəziyyət onun səhhətinə mənfi təsir edir.

Cəlil Cavadov 6 fevral 1980-ci ildə Bakıda vəfat edib və burada dəfn olunub. 1992-ci ildə isə yaşadığı binanın divarına xatirə lövhəsi vurularaq onun xatirəsi əbədiləşdirilib.

undefined

Bu gün Cəlil Cavadov Azərbaycan hərb tarixində ilk kontr-admiral kimi, həm də vətənpərvər, savadlı və prinsipial şəxsiyyət olaraq xatırlanır.

Turan
Nocomment.az

Seçilən
133
nocomment.az

1Mənbələr