AZ

Qlobal enerji düyünü: ABŞ-ın yüksək riskli planı

Bu barədə Axios məlumat yayıb.

Məlumata görə, Vaşinqton Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpasına nail olmaq məqsədilə Xark adasının ələ keçirilməsi və ya blokadaya alınması variantlarını müzakirə edir. Mənbələrin bildirdiyinə görə, belə əməliyyatın həyata keçirilməsi üçün əvvəlcə İranın bölgədəki hərbi imkanlarının əlavə zərbələrlə zəiflədilməsi planlaşdırıla bilər.

Qeyd olunur ki, Xark adası İranın xam neft ixracının böyük hissəsinin həyata keçirildiyi strateji obyektdir. Odur ki, mümkün əməliyyat böyük risk daşıyır. Bu ssenari ABŞ hərbi qüvvələrinin birbaşa qarşıdurmaya cəlb olunması ehtimalını artırır.

Məlumatda həmçinin bildirilir ki, artıq ABŞ dəniz piyadalarının bölmələri regiona göndərilir, əlavə qüvvələrin yerləşdirilməsi isə müzakirə mərhələsindədir. Alternativ variant kimi boğazda gəmiçiliyin hərbi müşayiətlə təmin olunması və ya dəniz blokadasının tətbiqi də nəzərdən keçirilir.

ABŞ rəsmiləri yekun qərarın hələ qəbul edilmədiyini vurğulasa da, əsas məqsədin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin fasiləsizliyini təmin etmək olduğu bildirilir. SenatorTom Cotton isə quru əməliyyatı variantının gündəmdə saxlanılmasını məqsədəuyğun hesab edib.

Ekspertlər belə bir addımın İranı geri çəkilməyə məcbur edəcəyinə dair qəti zəmanətin olmadığını, eyni zamanda risklərin yüksək olaraq qaldığını qeyd edirlər.

Xatırladaq ki, ABŞ qüvvələri daha əvvəl Xark adasında yerləşən obyektlərə hava zərbələri endirib. Bu addım həm təzyiq vasitəsi, həm də mümkün əməliyyat üçün ilkin hazırlıq kimi qiymətləndirilir.

Məhəmmədəli Həsənli
AzVision.az

Seçilən
60
azvision.az

1Mənbələr