AZ

Culi Kozak inflyasiya ilə bağlı xəbərdarlıq edir

Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak Yaxın Şərqdəki gərginliyin qlobal iqtisadiyyata təsirinin əsasən münaqişənin müddətindən və intensivliyindən asılı olacağını bildirib və əlavə edib ki, neft qiymətlərinin artması uzun müddət davam edərsə, qlobal inflyasiya arta və istehsal azala bilər.

"Cebheinfo.az" xəbər verir ki, Kozak bu sözləri qlobal iqtisadiyyatdakı inkişaflarla bağlı mətbuat konfransında deyib. 

Jurnalistlərin Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirləri ilə bağlı suallarını cavablandıran Kozak, artıq ciddi pozuntular gördüklərini, Hörmüz boğazının bağlanmasının dünyanın neft və dəniz yolu ilə mayeləşdirilmiş təbii qaz təchizatının təxminən 20 faizinə çıxışı kəsdiyini qeyd edib. Kozak, Körfəz bölgəsində və İranda enerji infrastrukturunun zədələndiyini, neft və təbii qaz istehsalının pozulduğunu qeyd edib.

O qeyd edib ki, bu pozuntuların qlobal iqtisadiyyata, regional iqtisadiyyatlara və milli iqtisadiyyatlara təsirini qiymətləndirərkən izlədikləri üç əsas kanal var: əmtəə qiymətləri, inflyasiya və maliyyə vəziyyəti.

Onun sözlərinən görə, əmtəə qiymətlərinə təsir Hörmüz boğazının nə qədər bağlı qalmasından və bölgədəki karbohidrogen istehsalı müəssisələrinə dəyən ziyanın dərəcəsindən asılı olacaq.

O, son bir ayda neft və təbii qaz qiymətlərinin 50 faizdən çox artdığını və gübrə daşınmalarının da pozulduğunu, nəqliyyatın pozulması ilə yanaşı, ərzaq qiymətlərinin artması riskini artırdığını qeyd edib.

Kozak vurğulyıb ki, əmtəə qiymətlərinin artımının təsirləri hər bir ölkənin spesifik şəraitindən asılı olacaq. İnflyasiya gözləntilərinə gəldikdə, Kozak bildirib ki, enerji qiymətlərinin uzun müddət yüksək olması ümumi inflyasiyanı yuxarı qaldıracaq və bu, BVF və mərkəzi bankların daha geniş inflyasiyaya "ikinci mərhələ təsirlərinin" olub-olmaması baxımından yaxından izləyəcəkləri məsələdir.

Kozak bildirib ki, "Tarixən qlobal iqtisadiyyatda enerji qiymətlərinə təsirlərə nəzər salsaq, ümumi bir qayda olaraq, neft qiymətlərindəki hər 10 faiz artım, əgər bu ilin qalan hissəsində davam edərsə, qlobal ümumi inflyasiyanın 40 baza bəndi artmasına və qlobal istehsalın 0,1-0,2 faiz azalmasına səbəb ola bilər".

Maliyyə vəziyyətinə toxunan Kozak, qlobal bazarlarda reaksiyalar gördüklərini, ABŞ, Böyük Britaniya və Avropa kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil olmaqla bir çox ölkədə səhm qiymətlərinin düşdüyünü və istiqraz gəlirlərinin artdığını söyləyib.

O, oxşar tendensiyaların inkişaf etməkdə olan ölkələrdə də müşahidə olunduğunu, bir sıra inkişaf etməkdə olan ölkələrdə dəyişkənliyin artdığını, ABŞ dollarının möhkəmləndiyini və valyutaların zəiflədiyini qeyd edib.

Kozak aprel ayında dərc olunacaq BVF-nin Dünya İqtisadi Perspektivləri hesabatının həm ölkə, həm də qlobal və regional iqtisadiyyatlar haqqında hərtərəfli yeniləmə təqdim edəcəyini bildirib:

"Əlbəttə ki, ümumi təsir əsasən münaqişənin müddətindən və intensivliyindən asılı olacaq".

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr