AZ

Yeni cərimə qanunu: Uşaqları qoruyacaq, bəs ailələri? 

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.

Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Deputat Nigar Arpadari tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnməsini özündə əks etdirən “İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə” layihəsinə qarşı çıxıb. O qeyd edib ki, müzakirə edilən dəyişiklik ölkə üçün təhlükəlidir:

“Bu maddə faktiki olaraq Pandora qutusunu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır. Daha da dərinləşdirmək yox. Bəli, deyə bilərsiniz ki, 80 -ci illərdən etibarən Avropada və bir sıra Qərb ölkələrində bu qanunlar qəbul olunur və bir çox ölkələr qoşulubdur.

Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyət ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var. Bu proses qonşulara, müəllimlərə, uzaq qohumlara, valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə polisə, sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb”. 

Bu dəyişikliklər cəmiyyətdə fərqli reaksiyalar doğurur. Bir tərəfdən, uşaqlara qarşı fiziki və psixoloji zorakılığın qarşısının alınması məqsədi ön plana çəkilir, digər tərəfdən isə bu cür müdaxilələrin ailə institutuna təsiri suallar yaradır. Xarici ölkələrdə tətbiq olunan oxşar təcrübələr nümunə kimi göstərilsə də, həmin ölkələrdə dövlətin uşaqlar üçün geniş sosial təminat sistemi qurduğu da diqqətdən kənarda qalmır.

Bir çox Avropa ölkələrində uşaqlara aylıq müavinətlər verilir, təhsil və səhiyyə xərclərinin böyük hissəsi dövlət tərəfindən qarşılanır, sosial xidmətlər ailələrlə davamlı işləyir və risk qruplarına daxil olan uşaqlar xüsusi nəzarətdə saxlanılır. Bu ölkələrdə dövlət yalnız nəzarət edən tərəf kimi deyil, eyni zamanda uşağın rifahını təmin edən əsas dayaqlardan biri kimi çıxış edir.

Azərbaycanda isə sosial təminat mexanizmlərinin eyni səviyyədə olmadığı barədə fikirlər səslənir. Dövlətin uşaqların sosial rifahını tam təmin etmədiyi halda, ailədaxili münasibətlərə bu dərəcədə müdaxilə etməsinin nə dərəcədə doğru olduğu müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı “Cümhuriyyət”-ə açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, uşağa qarşı fiziki təzyiq göstərmək, ona toxunmaq və ya zor tətbiq etmək doğru deyil:

“Fiziki zorakılığın hər bir forması zərərli və qəbuledilməzdir. Bu mənada uşaqların hər hansı formada təsirə məruz qalması, valideynlərin uşaqları danlaması və ya qısa müddətli məhdudiyyətlər tətbiq etməsi normal qəbul edilə bilər. Ümumilikdə uşağa qarşı fiziki təzyiq göstərmək, ona toxunmaq və ya zor tətbiq etmək doğru deyil. Bununla belə, bəzi hallarda müəyyən tərbiyəvi təsirlər və tədbirlər qaçılmaz ola bilər. Lakin döymək, xəsarət yetirmək və bunu bir norma halına gətirmək qəbuledilməzdir.

Belə hallarda inzibati məsuliyyətin, o cümlədən cərimələrin tətbiqi də normal hesab olunur. Sosial xidmətlərin ailələrlə işləməsi məqsədəuyğundur. Sosial xidmətlər ailə həyatına ictimai sferada nüfuz edir və sosial-psixoloji dəstəyin xüsusi forması kimi çıxış edir. Azərbaycanda sosial təminat mexanizmləri çərçivəsində uşaqların müdafiəsinə yönəlmiş bu cür qaydaların tətbiqi məqsədəuyğundur”. 

Onun sözlərinə görə, bu tədbirlərlə yanaşı, uşaqların fərdi rifahını təmin edə biləcək əlavə mexanizmlərin qəbulu arzuolunandır:

“ Hazırda müəyyən səviyyədə belə mexanizmlər var. Məsələn, valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi zamanı dövlət tərəfindən bəzi imtiyaz və güzəştlər tətbiq olunur və həmin himayədar ailələr bu imkanlardan yararlana bilir. Lakin daha məqsədəuyğun olardı ki, uşaqların ailə vəziyyətindən asılı olmayaraq, dövlət himayəsinə götürülməsi müqabilində ilkin təminatın formalaşdırılması üçün vahid mexanizm işlənib hazırlansın.

Bu, uşaqların həyatının düzgün qurulması və “sağlam ailə – sağlam vətəndaş” prinsipinin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sosial xidmətlər istənilən halda ailələrlə müxtəlif formalarda işləyir. Sosial təminat sistemi uşaq pulu və digər sosial müavinətlər bir çox ölkələr üçün xarakterikdir. Bu təcrübə təkcə Avropa ölkələrində deyil, həm də inkişaf etmiş Şərq ölkələrində, məsələn, Yaponiyada və Cənubi Koreyada da tətbiq olunur. Hər bir halda uşaqların cəzalandırılması deyil, onların düzgün tərbiyə olunması istiqamətində addımlar atılmalıdır. Valideynlər uşağı tərbiyə edərkən diqqətli olmalıdırlar.

Fiziki təsir bəzi hallarda ola bilsə də, bu, uşağa qarşı zorakılıq və ya incitmə mənasına gəlməməlidir. Bu məsələ qanunvericilikdə də öz əksini tapır və uşaq hüquqlarının qorunması istiqamətində hüquqi mexanizmlər mövcuddur. Fiziki zorakılıqla bağlı uşağın şikayət edib-etməməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanları tərəfindən tədbir görülə bilər”. 

Sosioloq qeyd edib ki, inzibati məhdudiyyətlərlə yanaşı, sosial maarifləndirmə tədbirləri və sosial müdaxilə imkanları da ciddi şəkildə nəzərdən keçirilməlidir:

“Uşağı döymək olmaz, tərbiyə heç vaxt zorakılığa çevrilməməlidir. Buna qarşı həm inzibati, həm də hüquqi sanksiyaların tətbiqi labüddür. Fiziki zorakılıq tərbiyə vasitəsi deyil, qanunun pozulmasıdır və ağır hallarda cinayət məsuliyyəti də yarada bilər. Lazım gəldikdə cərimələrin artırılması və cinayət işinin başlanılması da mümkündür. Uşaqların hüquqları ilə yanaşı, məsuliyyəti də var. Onların tərbiyəsi zamanı davranış qaydalarının həm yazılı, həm də hüquqi mexanizmlərlə aydın şəkildə izah olunması daha məqsədəuyğundur”. 

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr