AZ

Rusiyada heyvan qırğını: Gizli saxlanılan xəstəlik nədir?

ain.az bildirir, Azvision portalına istinadən.

Bəzi yerlərdə hətta yolları bağlamaqla etiraz aksiyası keçirməyə də cəhdlər edilib. Həmin bölgədən olan müharibə iştirakçıları prezident Vladimir Putinə videomüraciət ediblər. Amma ciddi dəyişiklik yoxdur: Baytarlıq xidmətinin əməkdaşları səbəbini izah etmədən “OMON” dəstələrinin müşayiətilə heyvanları yığmaqda davam edirlər. Bu zaman onların sahiblərinə heç bir qərar və ya digər sənəd göstərilmir. Bəzi bölgələrdə karantin elan olunub, ət və süd məhsullarının satışına qadağa qoyulub. Vəziyyətin nə vaxt aydınlaşacağı bəlli deyil. Rəsmi orqanlar da heç nə demir. Bəzi ehtimallara görə səbəb pasterellaza xəstəliyinin yayılması ola bilər. Amma bu xəstəlik çox təhlükəli sayılmır və antibiotiklərlə müalicəsi mümkündür. Digər versiyaya görə, söhbət daha ciddi xəstəliyin – dabağın yayılmasından gedir. Bu xəstəliyin müalicəsi yoxdur, peyvənd də çox effekt vermir. Onun qarşısını almağın yeganə yolu heyvanları məhv etməkdir. Novosibirskdən olan bloger, “Yutub”dakı "Sibir xalqının televiziyası” kanalının müəllifi İvan Forolov çəkdiyi videoda məhz dabaq versiyasının üzərində təkid etmişdi. Lakin tezliklə Frolov həbs olunub, video isə silinib. Dabaq insanlara nadir hallarda keçir. Heyvanlarda isə yoluxmanın 5%-i ölümlə nəticələnir. Problem ondadır ki, heyvan heç vaxt tam bərpa olunmur və uzun müddət virusun daşıyıcısı qalır. Dabaq xəstəliyi qeydə alınan ölkələr mütləq Dünya Baytarlıq Təşkilatına bununla bağlı məlumat verməlidir. Amma çox vaxt ət və süd məhsullarının ixracına məhdudiyyət qoyulmaması üçün bunu etmirlər. Üstəlik, Rusiya dünyada dabaq əleyhinə peyvəndin əsas ixracatçılarındandır. Əgər ölkədə dabaq epidemiyasının olduğu meydana çıxsa, onun peyvəndlərinin qeyri-effektiv olduğu meydana çıxacaq və alıcılarını itirəcək. Görünür, buna görə heyvanların müsadirə və məhv edilməsi əməliyyatı az qala məxfi əməliyyata yaxın şərtlərlə keçirilir. Yada salaq ki, ötən ilin payızında Azərbaycanda da heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar paylaşılırdı. Kənd Təsərrüfatı Nazirliyi bəzi regionlarda dabaq xəstəliyinin aşkarlandığını təsdiqləsə də, narahatedici səviyyədə olmadığını bildirmişdi. İndi Rusiyada yaranan vəziyyət bizi də ehtiyatlı olmağa vadar etməlidir. Vüsal Məmmədov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
1
azvision.az

2Mənbələr