Mövsümün ortalarında “Sabah” “Qarabağ”ı qabaqlasa da, “köhlən atlar”ın avrokubok macərası başa çatandan sonra çempionata köklənib rahat çempion olacağı düşünülürdü. Bunun üçün ilk missiya 2-ci dövrədə “Sabah”ı məğlub etmək idi. Amma iş elə gətirdi ki, “Qarabağ” uduzmadığına görə təriflər “eşitdi”, paytaxt təmsilçisi də qalib gəlmədiyi üçün tənqidlərə məruz qaldı. Axı 3:0 irəlidə olduqları oyunu əldən verib, meydandan 1 xalla ayrılmışdılar.
“Qarabağ”ın apreldəki təqvimi “göz qamaşdırır”. Rəqiblərin ardıcıllığı belədi: “Sabah”, “Karvan-Yevlax”, “Şamaxı”, “Sabah”, “Sabah”, “Neftçi”, “Neftçi”. Avrokubokda oynayanda 8 oyuna çıxırdılar, indi də belədi. Rəqiblərdən münasib olan “Şamaxı”, bir də “Karvan-Yevlax”dı. Üç dəfə “Sabah”a, iki dəfə “Neftçi”yə qarşı oynamaq həm fiziki yorğunluq yaradacaq, həm də bu oyunlara hazırlaşmaq çətin olacaq. Çempionat oyunlarında mümkün məğlubiyyət “Qarabağ”ı bəlkə də çempionluqdan edəcək.
Bəs Qurban Qurbanov və komandası nəyin hesabına bu çətinlikdən qurtula bilər? Hansı komandanın – “Qarabağ”ın, yoxsa “Sabah”ın təqvimi daha ağırdı?
Bu sualları Vaqif Sadıqova ünvanladıq:
“Məncə, hər komanda üçün şərait eynidi. Çempionluq uğrunda oynayırlar. “Qarabağ”ın təcrübəsini də nəzərə alaq. Uzun illərdi ki, müntəzəm avrokubokların əsas mərhələsidə oynayırlar, Azərbaycanı təmsil edirlər. Hər mövsüm çempionatda da uğurlu olurlar. Təcrübə baxımından “Qarabağ” üstündü. Bu komandalar arasında keçirilən son oyunda “Sabah” 3:0 irəlidə olduğu halda, qələbəni əldən verdi. “Sabah”da təcrübəsizlik hiss olunur. Amma “Sabah” da çempionatın ilk oyunundan iddialı olduğunu göstərir, hədəfləri var. Məncə, təkcə “Qarabağ”ın yox, hər iki komandanın təqvimi ağırdı. Göstərdikləri oyun azarkeşləri tribunalara qaytarmağa başlayıb. Ən böyük uğur elə məhz budu. Azarkeşlər çempionata da maraq göstərir. İnşallah, ayrı-ayrı bölgələrdə də bunun şahidi olarıq. Çempionluğa gəlincə, şanslar bərabərdi. Təcrübəli “Qarabağ” bu yolu bir neçə dəfə keçib. Çempionluğu əldə etmək üçün şanslarından tam istifadə etməyə çalışacaq, əlindən gələni edəcək. Mən deyərdim ki, çempionatda intriqa təkcə apreldə yox, mövsümün son anına qədər olacaq”.
Belə fikirlər var ki, “Sabah” çempion olsa, gələn mövsüm avrokubokların liqa mərhələsində ölkəmizi iki klub təmsil edə bilər. “Sabah” Çempionlar Liqasından yola çıxıb, minimum Konfrans Liqasında oynaya bilər. “Qarabağ” üçün fərqi yoxdu, necə olur-olsun, axırda əsas liqada oynayacaq. Vaqif Sadıqov da belə düşünürmü?
“Hesab edirəm ki, öncədən plan qurmaq düzgün olmaz. Bu idmandı. Sonluq çempionu göstərəcək. Əsas odu ki, ildən-ilə çempionatımızın səviyyəsi artır. Gələn mövsüm də klublarımızdan istənilən liqada uğur gözləyirik. İlklər də ola bilər, yeni uğurlara imza atmaları da mümkündü. Əsas odu ki, ölkəmizi uğurla təmsil etsinlər”.
MÜZƏFFƏR QULUZADƏ