AZ

Natanza növbəti hava zərbəsi: Regionda nüvə təhlükəsi pik həddə çatdı

Bu gün səhər saatlarında ABŞ və İsrail hərbi hava qüvvələri İranın Natanz şəhərində yerləşən strateji nüvə obyektinə növbəti dəfə güclü hava zərbələri endirib.

Son məlumatlara görə, hücum nəticəsində hələlik hər hansı radioaktiv materialın sızması qeydə alınmasa da, regionda nüvə təhlükəsizliyi məsələsi artıq ən kritik səviyyəyə yüksəlib. Beynəlxalq ekspertlər və ekoloqlar xəbərdarlıq edirlər ki, bu cür obyektlərin hədəf alınması təkcə İran üçün deyil, bütün qonşu dövlətlər, xüsusilə Azərbaycan üçün ciddi ekoloji və radiasiya riskləri yaradır. Nüvə infrastrukturunun hər hansı bir hissəsinin zədələnməsi bölgədə onilliklər boyu davam edəcək fəlakətin başlanğıcı ola bilər.

Mələləni NOCOMMENT.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl şərh edib.

Ekspert bildirib ki, Natanz və İsfahan kimi mərkəzlərdə baş verə biləcək hər hansı nüvə sızması birbaşa milli təhlükəsizlik məsələsidir:

“Bu gün Natanza endirilən zərbə regionu uçurumun kənarına gətirib. Hələlik sızmanın olmaması sadəcə bəxtimizdir. Əgər bu obyektlər ciddi zədələnərsə və radioaktiv buludlar yaranarsa, hava axınlarının istiqaməti Azərbaycan üçün həlledici rol oynayacaq. Cənubdan əsən küləklər vasitəsilə radiasiya çox qısa müddətdə bizim sərhədlərimizə çata bilər. Bu, təkcə hava deyil, həm də su mənbələrinin, torpağın çirklənməsi və kütləvi sağlamlıq problemləri deməkdir. Azərbaycan bu təhlükələrə qarşı ən yüksək hazırlıq vəziyyətinə keçməlidir. İlk növbədə, ölkə boyu radiasiya monitorinq şəbəkəsi gücləndirilməli, sərhəd bölgələrində dozimetrik nəzarət postları 24 saatlıq rejimdə işləməlidir. Əhali arasında mülki müdafiə təlimləri intensivləşdirilməli, fərdi mühafizə vasitələri və yod preparatlarının tədarükü artırılmalıdır. Biz artıq bu təhlükənin qapımızda olduğunu dərk etməli və dövlət səviyyəsində çevik reaksiya planlarını yeniləməliyik”.

Ekspertin sözlərinə görə, regionda nüvə obyektlərinin hərbi hədəfə çevrilməsi beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır və bu, gələcəkdə qarşısıalınmaz fəsadlara yol aça bilər:

“Azərbaycanın coğrafi yaxınlığı nəzərə alınarsa, hər hansı nüvə qəzası zamanı ölkəmiz ən çox təsirlənən tərəflərdən biri olacaq. Buna görə də, təkcə hərbi təhlükəsizlik deyil, həm də ekoloji təhlükəsizlik prioritet elan olunmalı, regional səviyyədə nüvə fəlakətlərinin qarşısının alınması üçün diplomatik təzyiqlər artırılmalıdır. Hazırda Natanzda vəziyyət gərgin olaraq qalır və beynəlxalq qurumlar monitorinqlərini davam etdirirlər”.

Tunar
NOCOMMENT.az

Seçilən
124
nocomment.az

1Mənbələr