AZ

“Ay bədbəxtlər və yaxud yarımbədbəxtlər, Anar yazıçıdır e, futbolçu deyil...” – 80 yaşlı Seyran Səxavətdən hadisə kimi MÜSAHİBƏ

Martın 23-də Azərbaycan ədəbiyyatının dəyərli simalarından biri, şair, yazıçı, dramaturq, tərcüməçi, publisist Seyran Səxavətin doğum günü, 80 illik yubileyidir. Aprelin 2-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley təntənəsi olacaq. Əslində yubiley tədbirləri öncədən başlayıb, sosial şəbəkədə, mediada böyük yazıçımıza təbriklər ünvanlanır, yubilyarla görüşlər keçirilir. Ədəbi mühitin layiqli təmsilçilərindən birinə belə yüksək diqqət məmnunluq doğurur: Seyran Səxavət imzası, adı hər cür hörmətə layiqdir axı...Elə biz də Musavat.com olaraq böyük yazıçımızla yubiley söhbəti etmək istədik.

Salaməleykdən, təbriklərdən sonra başladıq...

- Seyran müəllim, sosial şəbəkədə, mətbuatda izləyən hər kəs sizin xatirələrinizi izlədikcə, dopdolu həyat yaşadığınıza əmin olur. Hələ sandıq ədəbiyyatınızda nələr var, elə deyilmi?

- Mən çox zəngin yaşamışam, heç kəs mənim kimi yaşamayıb. Özü də bu, mənim öz qabiliyyətim, istedadım sayəsində deyil ha, sadəcə belə alınıb, bunu təşkil eləmək olmaz. Belə alınıb məndə, başa düşdün, Elşad?

- Bəli.

WhatsApp

- Yəni bu, təşkil olunmuş şey deyil, bunu təşkil etmək olmaz. Yaxşıdır ki, bu barədə mənim kefim kökdür, zənginəm. (Ürəkdən gülür)

- Doğrudan da elədir, maşallah olsun. Özü də bu zənginliyi, xatirələr toplusunu ömrün 80-dək qoruyub-saxlamaq, olduğu kimi təqdim etmək də hər kəsə nəsib olmur. Ömrün stenoqramını danışırsınız, özü də Seyran Səxavət dili ilə...Bunun özü də Allahın lütfüdür, məncə.

- Mənə də elə gəlir. Düzdür. 

- Ani olaraq düşündüm ki, bu qədər işıqlı xatirələriniz var ikən siz bəlkə anadan olduğunuz günü də xatırlayırsınız. Tarixin o qədər incəliklərinə gedirsiniz, xatirələrinizdə işıqlı insanları yaşadırsınız...

- (Gülür) Maraqlıdır.

- Bu qeyri-adilik nəsildə yalnız sizə məxsusdur, yoxsa digərlərində var, biz hələ onu kəşf etməmişik?

- Vallah, düzü bilmirəm. Öz həyatımdan 2 cilddə roman yazdım: “Qaçaqaç” romanı. Hərəsi 500-600 səhifə. Doğulduğum gündən ta 15-20 il bundan qabağa qədər mənim keçdiyim adamlar və məndən keçən adamlar... Onun içində müxtəlif adamlar var, tanınmışlar da var, tanınmamışlar da var, rus da var. Hamısı bir yerdə mənim tərcümeyi-halım, həyatım, mənim ömrümdür.

- Əsl ömrü nə zamandan sayırsınız, ilk dəfə mətbuatda dərc olunandan, 60-cı illərdən?

- Yox, elə şey yoxdur. Ömür yazıdan, pozudan, yaradıcılıqdan çox-çox bahalı bir şey olduğuna görə, mən elə doğulduğum gündən hesab edirəm onu. Düzdür, sənin dediyin kimi, doğum günümü xatırlamıram. (Gülür) Amma o vaxtdan da xatırlayanlar, onu qeyd edənlər, kağıza yazanlar var da, 23 martdan başlayaraq... Elə yavaş-yavaş gözümü açanda ilk dəfə evdə, qucağında olduğum anamı görmüşəm. Sonra, nə bilim, o otaqdakı dörd divarı görmüşəm. Sonra onun tamamını görmüşəm. Sonra çölə çıxmışam, görmüşəm ki, bizim evdən başqa da, sən demə, dünya - kənddə evlər varmış, onları görmüşəm. Onları görəndən sonra bilmişən ki, sən demə, bizim kənddən başqa da dünyada kəndlər varmış. Onları gördüm. Rayonu gördüm. Nə bilim, Bakını gördüm. Azərbaycanı gördüm. Və yavaş-yavaş, demək olar ki, Şimal Buzlu Okeanından başqa bütün dünyanı gördüm. Amerikası, Avropası, Avstriyası, nə bilim, hamısı da, Afrika, o qaralar - başqaları. Beləcə gəzmişəm, tapdalamışam. Dünyanın bütün gözəl şəhərlərinin hamısında olmuşam: Paris, London, Barselona, Tehran, nə bilim, Milan, Neapol, Qahirə…Nə bilim, daha hamısını saymaq olmur.

- Paralel şəkildə həm də sizin əsərlərinizin tərcüməsi yayılıb. Yəni sizinlə bərabər əsərləriniz də dünyanı gəzib. Bunun özü də xoşbəxtlikdir, elə deyilmi?

- Hə, gəzib, əlbəttə. Elşad, indi mən çıxış etmirəm ki, özümü tərifləyim, amma belə demək olar. Demək olar ki, dünyanın aparıcı dilləri var; istəsək də, istəməsək də belədir. Yapon dilindən başqa, mən demək olar, dünyanın bütün dillərinə tərcümə olunmuşam: ingilis, alman, fransız, ispan, italyan… Gələk bu tərəfə, keçmiş SSRİ məkanında, o cümlədən rus, belarus, ukraynca...

- Hətta erməni dili də var sırada…

- Elə deyəcəkdim. Hətta erməni dili. Levon Adyan adlı erməni dostum var idi, boynuma alıram. (Gülümsəyir) O, əsərlərimdən tərcümə etmişdi. Hə, əsərlərim yayılıb. Mənim bir hekayəm var: “İt intervüsü”. Sən jurnalistsən. Mən də jurnalistəm. İtdən də intervü almışam. O hekayə 20 il qabaq Amerikada iki dəfə çap olunmuşdu. Hətta mənə üst-üstə 3 min dollar pul da göndərmişdilər. Bu yaxınlarda ABŞ-də fəaliyyət göstərən beynəlxalq onlayn media platforması “Maskomania News” da mənim 80 illiyimlə bağlı “Səksən yaşında: Azərbaycan yazıçısı Seyran Səxavət — Azərbaycan ədəbiyyatının əyilməz səsi” sərlövhəli böyük bir məqalə çap edib. Məlumat verdilər ki, mənim “Alça çiçəyi” adlı hekayəm var, çoxdan yazmışam e, 1977-də…Bəlkə artıq onu da çap ediblər. Yəni beləcə yayılır, şükür Allaha, gedir öz başına, öz sürətilə. Mənə qalsa, edə bilmərəm, nəsə bir dalğadır, yayılır.

- Sovetlər zamanı kitabınızın Rusiyada 100 min tirajla çap olunduğu vaxtlar da olub...

- Hə, olub. SSRİ-nin ən böyük nəşriyyatı idi, “Sovetkiy pisatel” – “Sovet yazıçısı”. Hətta onunla bağlı “Qaçhaqaç”da bir şey də yazmışdım. Mən Azərbaycanımızın və dünyanın ən böyük yazıçılarından biri ilə işləmişəm - Yusif Səmədoğlu ilə… “Ulduz”da o, baş redaktor idi, mən də şöbə müdiri. İndi mənə Moskvadan teleqram gəlib, o vaxt Rusiyanın məşhur tatar yazıçısı var idi, Yamin Mustafa. Yazmışdı ki, “Seyran, təcili gəl, qol çək, kitabın çapa gedir”. Allah rəhmət eləsin Yusif Səmədoğluna, bizə o qədər azadlıq vermişdi ki… Bu da işə gəlmə, tapılmır, qardaş, evlə getdim, evdə də yox. İstəyirdim icazə alım, gedim Moskvaya…Amma icazəsiz lap iki ay da gəlməyə bilərdim.

- Söhbət 80-ci illərdən gedir, eləmi?

- Ay sağ ol. Mən də soruşuram, hamı bilir ki, Yusiflə yaxınam, deyirlər bizə lazım olanda səndən soruşuruq, vallah görməmişik. Nə isə, oturdum təyyarəyə getdim SSRİ Yazıçılar İttifaqına. İttifaq da İkinci Aleksandrın malikanəsində yerləşirdi. Təsəvvür elə, paradoksa bax, deməli, 2-ci Aleksandrın at tövləsində “Drujba narodov” jurnalının redaksiyası yerləşirdi. Necədir səninçün?

Beləcə, getdim “bron”umu aldım “Moskva” mehmanxanasına. Hava da soyuq idi, dedim, bir “sup” içim, sonra gedim işlərimin dalınca. Girdim restorana, gördüm Yusif qağam oturub yuxarı başda, Azər Mustafazadə də yanında. İttifaqda Azərbaycan ədəbiyyatı üzrə məsləhətçiydi. Sonra bizdə Mərkəz Komitənin şöbə müdirü, Şəkinin katibi oldu. Sonda da “Azərnəşr”in direktoru. Başını çox ağrıtmayım, gəldim, yaxınlaşdım. Yusif ciddiləşdi: “oraları sənə arxayın olub gəlmişəm, bəs sən burda nağayrırsan?” Dedim qağa, Azərittifaq deyil, anbar deyil, nə var orda? Qısası, dedim qağa, teleqram gəlib ki, gəl, qol çək, kitabın çapa gedir. Səni Bakıda çox axtardım, tapmadım ki, icazə alım. Eşitdim ki, Moskvadasan, uçdum, gəldim Moskvaya ki, səndən icazə alım, Moskvaya gəlim, gəlməyib? Moskvadayam e…(Ürəkdən gülür) Azərə qayıtdı ki, Azər görürsən də, mən kimlərlə işləyirəm…

Gülərək bir az pauza verdikdən sonra davam edir:

- Çox danışdım. Bilirsən niyə çox danışdım? Nə isə, hiss elədim ki…Mənim çox güclü hissiyyatım var. Bəlkə də səhv edirəm. Nəsə hiss etdim ki, deyəsən, sən bu adla məndən intervü alırsan, ona görə belə ətraflı danışdım.

- Seyran müəllim, sizin hər xatirəniz çox qiymətlidir və bütün bunları yazmamaq olmaz. Müsahibə məsələsində də yanılmamısız…Daha geniş auditoriyanın sizi oxuması üçün deyilən kəlmələr şübhəsiz ki, yazılmalıdır. Şəxsən mən Seyran Səxavət imzasını 16-17 yaşında tanımağa başlamışam, “Qızıl teşt” pyesinizlə…Qiymətli poeziya nümunələrindən tutmuş, nəsr əsərlərinə, tərcümələrə qədər ədəbiyyatımıza saysız ədəbi nümunələr bəxş etmiş yazıçımız hazırda nə yazır?

- Bu dəqiqə heç nə yazmıram. Çünki bu yaxınlarda 7 hekayəm birdən-birdən çap olundu. Bu yaxınlarda deyəndə, keçən ilin axırında, “Azərbaycan” jurnalında. Şabrandakı Yaradıcılıq Evinə getdim, orada iki hekayə yazmaq istəyirdim, bir də gördüm 7-sini yazıb qoymuşam qırağa. Sən demə, ürəyim dolu imiş.

WhatsApp

- Maşallah! Yazıçılar Birliyinin sədri Anar müəllim də eyni vaxtda 5 kitab üzərində işləyirdi. Sizin nümunəniz bir daha təsdiqləyir ki, yaşın yaradıcılığa heç bir aidiyyəti yoxdur. Razılaşırsınız?

- Əlbəttə, yoxdur. Yeri gəlmişkən, bir söz deyim, yerindən duran yazır - pozur ki, Anar 40 ildir orada işləyir, çıxsın, getsin, filan. Mənə də 2-3 dəfə müraciət ediblər ki, Anar çox qaldı orada, qocalıb – filan. Mən də hamısına eyni cavab vermişəm ki, ay bədbəxtlər və yaxud yarımbədbəxtlər, Anar yazıçıdır e, futbolçu deyil ki, qocalıb, çıxsın, getsin, başqa oyunçu gəlsin! Yazıçıya nə yaş? Futbolçu deyil ki. Əlbəttə, bu, hamıya aid deyil, təcrübə hər bir insana etibar etmir, ağıllı adama etibar edir. Təcrübənin verdiyini heç nə verməz. Həyatımızın bütün sahələrində, o cümlədən bir nömrəli yaradıcılıq aləmində təcrübə başqa bir şeydir. Həyatdan doğan təcrübə e…Biri var təşkil olunmuş təcrübə. Adamı təcrübəyə aparırlar e, ruslar demişkən, “praktika”ya, o, elə-belə, fuflo bir şeydir. Biri də var diş-dırnağınla, dizin qanayır, dırnaqların qopur, təcrübə qazanırsan. O təcrübə hara, təşkil olunmuş təcrübə hara? Bunların yerlə göy qədər fərqi var, qəribə paralellikdir. Azərbaycanda bir qisim elə şair və yazıçılar var ki, onlar elə bir mühitdə, elə bir şəraitdə, elə imkanlar daxilində doğulublar ki, doğulmamışdan qabaq artıq onların tərcümeyi-halı yazılmışdı. Buna deyirlər təşkil olunmuş tərcümeyi-hal. Bu, həyatımızın bütün sahələrində var, o cümlədən də yazıçılar arasında. Biri də var ki, onun tərcümeyi-halını Allah yazır desəm, yekə çıxar, elə özü yazır. Dediyim ki, dişi ilə, dırnağı ilə, istedadı ilə, səbri ilə, dözümü, əziyyətləri ilə...

- Bütün bunlar Seyran Səxavətə də aiddir, yəqin razılaşarsınız…

- Əgər imkan olsa, özümü ikincilərdən hesab edərəm. Çünki mən Qarabağın uzaq kəndindən gəlmiş bir uşaq idim, Bakıda kimim var idi ki, mənimçün nə isə etsin. -Amma həmişə qabağıma yaxşı insanlar çıxıb, bu da təsadüf deyil e. Təsadüf adlı şey yoxdur. O deyirlər e, gedirdim, təsadüfən Seyran çıxdı qabağıma. Təsadüf nədir a kişi? Seyran çıxmalı idi sənin qabağına, çıxdı da, nə təsadüf?

- Sizin “Nekroloq” romanınız Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatını qazanıb. Bir də AYB-nin Nizami Gəncəvi mükafatına layiq görülmüsünüz. Tərcümeyi-halınızda başqa mükafatları görmürük, bu qədər fəaliyyətinizə rəğmən. Mükafatlara çox da önəm verməyən aydınlarımızdansınız. Amma nədənsə intuisiya deyir ki, 80 illik yubileyinizdə bütün bu illərin bəhrəsi olaraq yüksək səviyyədə qiymətləndiriləcəksiniz. Bu gözləntiyə sizin münasibətiniz necədir?

- Vallah, mən sənə qardaş kimi deyirəm. Onsuz da mən qeyri-səmimi ola bilmirəm. Uzaqbaşı 5-6 dəqiqə olaram, sonra yenə qayıdıb, oluram anadangəlmə Seyran. Deməli, mən o mükafatları ki sənin ürəyindən keçir, əvvəla, çox sağ ol. Bax, elə ürəyindən keçirsə, deməli, o mükafatı mən almışam. Çox adamların ürəyindən keçir ki, mən sənin ürəyindən keçənləri alım. Ürəkdən keçirsə, deməli, artıq almışam, qalanı formal şeydir. Yəni mən o mükafatı, məsələn, istərdim 40 yaşında, 45 yaşında, forslanmaq üçün. İndi açığı, mən heç nə gözləmirəm. Mükafatı yuxarıdan verirlər də, elə deyil?

- Bəli.

- Mənim yuxarıdan həmişə gözləntim olub. Uzun illər ərzində gözlədiyim bir şey olub. Onu da mən almışam, mənə veriblər onu. Deməli, onun heç qiyməti yoxdur bu dünyada.

- Mən də söhbəti elə ora gətirmək istəyirdim, dünyanın ən böyük mükafatı azad Yağlıvənd, azad Füzuli, Qarabağ…

- Ay yaşa! Bəli, bəli. Mənə bir dəfə televiziyada demişdilər ki, Seyran müəllim, siz həm də qarabağlısınız. Yəqin sizin nəzərinizdə də Azərbaycanın bir nömrəli problemi Qarabağdır. Dedim, yox, Azərbaycanın Qarabağdan da başqa problemi var: Azərbaycan dili reanimasiya vəziyyətindədir, ölür Azərbaycan dili! Dedim, sabah Qarabağı aldıq, gedib orada hansı Azərbaycan dilində danışacaq? Azərbaycan dilində, yoxsa televiziya məkanının zəlil günə qoyduğu, anlaşılmayan, bir “moltanı dili”ndə? Mən bir az kənara çıxdım. Əslində yaxşı etdim, mən bütün intervülərimdə dil məsələsindən danışıram, 20 ildir. Mənim yuxarıdan ən böyük gözləntim var idi ki, Qarabağım alınsın. Hətta bir dəfə televiziya verilişlərinin birində, canlı yayımda dedilər, Seyran müəllim, efiri siz yekunlaşdırın. Azərbaycan, vətənpərvərlik, Qarabağla bağlı veriliş idi. Mən çox qısaca yekunlaşdırdım. Dedim, nə qədər ki, Azərbaycan torpağı erməni işğalı altındadır, lap aşağıdan, lap yuxarıya qədər, kim özünü kişi hesab edir-etsin, mən özümü kişi saymıram və bu gündən kişilikdən istefa verirəm.

WhatsApp

- Yadımdadır, o, çox dəhşətli bir fikir idi…Demək, bütün bunlardan sonra bütün mükafatlar Qarabağın azadlığının kölgəsində qalır…

- Bəli. Əsas torpaqdır, əsas mənim atamın, anamın qəbridir. Bu torpağı da qiymətli edən mənə elə gəlir, o torpağın qoynunda yatanlarımızdır, onların sümükləridir, başa düşürsən... Əslində torpaq adamı yetirən bir mənbədir. Ondan sonra ona Vətən deyirlər, ölkə deyirlər, olsun. Torpaqda dəfn olunuruq. Torpaq onda qiymətlidir. Ölməz Musa Yaqubun nəhəng bir sözü var idi, deyirdi ki, “Öləndə qoynunda ölüm ki, Vətən, bir ovuc torpağın artsın!” Musanın nəzərdə tutduğu torpağın keyfiyyətinə bax e, dədə vay! İnsan sümükləri ilə qarışmayan torpaq, mənim üçün torpaq deyil, nə isə alayi bir şeydir.

- Üstəlik, Qarabağ və Şərqi Zəngəzur həm də şəhid qanı ilə suvarılıb…

- Ay sağ ol, yaxşı əlavə etdin. Məşhur deyim var: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Elə mənim deyimimdir. Gəldik, ora çıxdıq, özümüzdən asılı olmayaraq. Yoxsa onun uğrunda ölən yoxdursa, qan tökülməyibsə, orada dəfn olunan yoxdursa, o, nədir, bilmirəm. Yəni torpağı da hörmətə mindirən yenə də insanın təri, qanı, sümükləridir.

(Davamı olacaq)

Elşad Paşasoy,
Musavat.com

Seçilən
52
2
musavat.com

3Mənbələr