AZ

Şəkinin Gəncəli məhəlləsində yaşadılan milli dəyərlər dünyaya səs salır

Şəki, 22 mart, AZƏRTAC

Ötən əsrdə, sovet dövründə respublikamızda Novruz bayramı qadağan edilsə də, Şəkinin məşhur Gəncəli məhəlləsində camaat xalq oyunlarını təşkil edib, uşaqlar qapı-qapı gəzərək papaq atıb, ən sonda mərkəzi meydanda tonqal alovlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün də Gəncəli məhəlləsində Novruz bayramı coşqu ilə qeyd olunur.

Şəhərin tarixi mərkəzinə tərəf addımladıqca bayram əhvali-ruhiyyəsi hiss olunmağa başlayır. “Yuxarı karvansaray”a çatıb küçəni sağa dönəndə qarşımızda tamam fərqli bir mənzərə açılır. Azərbaycan və qardaş Türkiyənin bayraqlarının dalğalandığı küçənin girişində qonaqları “Novruz bayramınız mübarək” və “Bayrama xoş gəldiniz” sözləri salamlayır. Bəli, bura Şəkinin ən qədim və adət-ənənələri ilə tanınan Gəncəli məhəlləsidir.

Elə bu anlarda avtomobil karvanı şəhəri dövrə vurub geri qayıdır. Zurnanın sədaları altında avtomobillərdən enən gənclər rəqs edə-edə meydana daxil olurlar. Musiqi sədaları, cəngi və yallı bir-birini əvəz edir.

Meydanın bir tərəfində xalq oyunlarını yaşadan pəhləvanlar, digərində isə kəndirbazlar öz məharətlərini göstərirlər.

Keçmişdə olduğu kimi bu gün də Gəncəli məhəlləsinin bir kənarında xeyriyyə süfrəsi açılıb. Gələn qonaqlar Şəki şirniyyatlarına və çaya qonaq edilir.

Məhəllə sakini Pərviz Zeynalov deyir ki, bu qədim el bayramı bir əsrdən çoxdur geniş qeyd olunur. Sovet totalitar rejiminin ən kəskin dövrlərində belə Novruz bayramı məhəllənin şimal hissəsində - müsəlla deyilən ərazidə qeyd olunurmuş ki, buradan səs Şəkinin hər tərəfinə yayılar, qalanmış tonqalı isə şəhərin istənilən yerindən müşahidə etmək olurmuş. Ötən əsrin 70-ci illərindən başlayaraq məhəllə sakinləri bayram tonqalını şəhərə daha yaxın, yəni indiki yerdə qururlar ki, istəyən hər kəs və qonaqlar buraya gələ bilsinlər.

Pərviz Zeynalov bir məsələni də qürurla diqqətə çatdırır: “Artıq 6 ildir xalqımızın bayram tonqalları Ali Baş Komandanımızın sarsılmaz iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində işğaldan azad edilən torpaqlarımızda qalanır. Əlbəttə ki, bu gün qalanan tonqallar şəhid və qazilərimizin qanı bahasına başa gəlib və Gəncəli məhəlləsində qeyd edilən bu el bayramında onlar dərin ehtiramla anılır”.

El bayramında olduğumuz müddətdə söhbət etdiyimiz ziyalılar bu gün ölkəmizdəki sabitliyin memarı Prezident İlham Əliyevin olduğunu xüsusi qeyd edirlər. Vurğulanır ki, dünyanın bir çox ölkələrində müharibələrin yaşandığı bu günlərdə Ali Baş Komandanımız Azərbaycanı təhlükəsizlik adası kimi qoruyur.

Müxbir - Rasim İslamoğlu

Seçilən
115
1
azertag.az

2Mənbələr