ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Turan Tovuz” Misli Premyer Liqasının XXV turunda “Qəbələ”ni məğlub edib – 3:2.
Qələbə sayəsində xallarını 48-ə çatdıran tovuzlular 4-cü pillədəki “Zirə” ilə 6 xallıq fərqi qorudu. Kurban Berdıyevin yetirmələri milli fasiləyə müsbət ab-havada yollandı.
“Qəbələ” isə “Kəpəz”in qazandığı turda vacib xallar itirdi. Artıq komandalar arasındakı xal fərqi 6-ya yüksəlib və Gəncə təmsilçisi liqada qalmaq yolunda böyük addım atıb. “Kəpəz” turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”ı da 13 xal qabaqlayır və autsayderin qarşıdakı müddətdə bu fərqi qapaması inandırıcı deyil. Həm nəticələr, həm komandanın sərgilədiyi oyun buna ümid vermir.
“Qəbələ” isə son turlarda eniş yaşayır. “Sabah”a 1:7 hesablı məğlubiyyətdən sonra “Neftçi”yə 1:3 uduzan “qırmızı-qaralar” Tovuz təmsilçisindən də 3 qol buraxıb. Kaxaber Sxadadzenin ardıcıl üçüncü məğlubiyyəti yaşaması, komandanın “qara zolağ”a düşməsi azarkeşlərin də narazılığına səbəb olur. Son turlardakı matçlarda mütəxəssisi istefaya səsləyən fanatlar haqlı etirazlarını bildirir.
Hər bir halda, qarşıda 9 tur var və “aşağı”da liqada qalmaq yarışı fərqli mənzərəyə çevrilə bilər.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.