BAKI, TurkicWorld, Orxan Qədirzadə
İslam elm və texnologiya tarixi sahəsində apardığı araşdırmalarla dünya şərqşünaslıq elmində inqilab edib, 27 dil bilən türkiyəli akademik Fuat Sezginin irsi bu gün də elmlər tarixi üçün xüsusi əhəmiyyət daşıyır.
24 oktyabr 1924-cü ildə Türkiyənin Bitlis şəhərində doğulan Fuat Sezgin müasir elmin təməllərinin 9-13-cü əsrlər arasında yaşamış İslam alimləri tərəfindən qoyulduğunu sübut edən ən mühüm simadır.
Elmi fəaliyyəti və Avropa mərkəzli fikirlərə zərbə
İstanbul Universitetində alman şərqşünas Hellmut Ritterin tələbəsi olan Sezgin, 1950-ci ildə tamamladığı "Buxarinin qaynaqları" adlı doktorluq tezi ilə elmdə böyük səs-küyə səbəb olub. O, İslam mədəniyyətinin ən mötəbər hədis qaynaqlarının şifahi deyil, 7-ci əsrə qədər uzanan yazılı sənədlərə əsaslandığını isbat edərək, Avropa mərkəzli bir çox stereotipləri alt-üst edib.
Sürgün həyatı və Almaniya dövrü
1954-cü ildə dosent olan Sezgin, Zəki Vəlidi Toqan ilə birgə çalışıb. Lakin 27 may 1960-cı il hərbi çevrilişi zamanı universitetdən uzaqlaşdırılan "147-lər" qrupuna daxil edilib. Bir çamadanla ölkəni tərk etmək məcburiyyətində qalan alim, 1961-ci ildə Almaniyaya gedərək Frankfurt Universitetində fəaliyyətə başlayıb və 1965-ci ildə professor adını alıb.
Şah əsəri: "Geschichte des Arabischen Schrifttums" (GAS)
Fuat Sezginin ən böyük elmi nailiyyəti 13 cildlik (hazırda davam etdirilən 17 cildlik) "Arap-İslam Edebiyatı Tarihi" ensiklopediyasıdır. İlk cildi 1967, sonuncusu 2000-ci ildə çap olunan bu əsər Quran elmlərindən astronomiyaya, tibbdən riyaziyyat və xəritəçiliyə qədər bütün sahələri əhatə edib. Bu işinə görə 1978-ci ildə Kral Feysəl Mükafatını alan ilk şəxs olub.
Yaradılan institutlar və muzeylər
Alim İslam mədəniyyət dairəsində ixtira edilmiş alətlərin yazılı qaynaqlar əsasında nüsxələrini hazırlatdırıb. Bu məqsədlə:
1982-ci ildə Frankfurtda Ərəb-İslam Elmləri Tarixi İnstitutunu;
1983-cü ildə həmin institutun muzeyini qurub;
2008-ci ildə İstanbulda İslam Elm və Texnologiya Tarixi Muzeyinin açılışına rəhbərlik edib.
Mükafatları və vəfatı
Alim fəaliyyəti dövründə Kral Feysəl Mükafatı (1978), Almaniyanın 1-ci dərəcəli Federal Xidmət Ordeni və Türkiyə Respublikası Prezidentinin Mədəniyyət və İncəsənət Böyük Mükafatı (2013) daxil olmaqla onlarla beynəlxalq mükafata layiq görülüb.
Professor Fuat Sezgin 30 iyun 2018-ci ildə, 93 yaşında İstanbulda vəfat edib və Gülhanə parkındakı muzeyin qarşısında dəfn olunub. Türkiyədə 2019-cu il onun xatirəsinə "Fuat Sezgin ili" elan edilib.