AZ

İranın Dieqo Qarsiyaya raket hücumundan sonra Böyük Britaniya ehtiyatsız təhdidləri pisləyib

London, 22 mart, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri İranın Hind okeanında yerləşən Çaqos arxipelaqındakı Dieqo Qarsiya adasında yerləşən ABŞ–Böyük Britaniya birgə hərbi bazasını hədəfə alması ilə bağlı xəbərlərdən sonra Tehranın ehtiyatsız təhdidlərini pisləyib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri İvett Kuper açıqlama verib. O bildirib ki, Böyük Britaniya ballistik raket təhdidlərinə qarşı müdafiə xarakterli dəstək göstərməyə davam edəcək, lakin Yaxın Şərqdə daha geniş münaqişəyə cəlb olunmaq niyyətində deyil.

Məlumata görə, İran tərəfindən Dieqo Qarsiya istiqamətində iki ballistik raket buraxılıb. “The Wall Street Journal” və CNN nəşrlərinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərlərə əsasən, raketlər hədəfə çatmayıb. Bildirilir ki, raketlərdən biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən zərərsizləşdirilib. BBC bu məlumatların doğru olduğunu qeyd edir.

Xarici işlər naziri vurğulayıb ki, Böyük Britaniya yalnız müdafiə xarakterli addımlar atır: “Baş nazirin də qeyd etdiyi kimi, biz bu ehtiyatsız İran təhdidlərinə qarşı müdafiə dəstəyi göstərəcəyik. Lakin biz hücum əməliyyatlarında iştirak etmirik və etməyəcəyik”.

O, həmçinin bildirib ki, ölkəsi daha geniş münaqişəyə cəlb olunmaq istəmir və əsas məqsəd milli maraqları qorumaqla yanaşı, regionda sabitliyi təmin etməkdir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
151
1
azertag.az

10Mənbələr