AZ

Süni zəka: insanın yaratdığı ən böyük güc, yoxsa ən böyük təhlükə: Rəqəmsal müharibə başlayıb...

Uzman doktorun “təbii zəkası” - “süni intellekt” - ”rəqəmsal Vətən” təması

Müasir dövrdə süni zəka və rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu prosesdə medalın həm açıq iki tərəfi görünür — pozitiv və neqativ — həm də mübahisəli kənarı da mövcuddur.

Rəqəmsallaşma dedikdə informasiya və proseslərin ənənəvi, kağız əsaslı və ya əl üsullarından elektron və rəqəmsal sistemlərə keçirilməsi nəzərdə tutulur. Süni intellekt isə, kompüterlərin insan kimi düşünməsi və öyrənməsi qabiliyyətidir. Yəni kompüterlər məlumatları analiz edib qərar verə, problemləri həll edə və insan kimi öyrənə bilir. Süni intellekti insan yaradır: proqramlar yazır, alqoritmlər hazırlayır, verilənləri sistemə daxil edir və modelin öyrənməsini təmin edir. Kompüter özü “özbaşına” süni zəka yaratmır — o, sadəcə insanın hazırladığı alqoritmləri və verilənləri işləyərək öyrənir və qərar verir.

Süni intellektin bir tərəfdən elm, texnologiya və gündəlik həyat üçün geniş imkanlar yaradır və üstünlük qazandırır, digər tərəfdən isə risklər və təhlükələr doğurur.

İlk öncə qeyd edim ki, tarixi baxış onu göstərir ki, XIX əsr İngiltərəsində tekstil işçiləri işlərini əllərindən alan mexaniki toxuculuq maşınlarını sındıraraq etiraz edirdilər. Lakin bu hərəkat yeni texnologiyaların inkişafını dayandıra bilmədi. Bu, onu göstərir ki, texnologiyaya qarşı mübarizə mənasızdır və onun inkişafını əngəlləyə bilməz; əsas məsələ ona uyğunlaşmaq, xeyrə yönəltmək və etik istifadəsini təmin etməkdir.

Süni zəka elm sahəsində, data analizində, maliyyə sektorunda, jurnalistika və tərcümədə, nəqliyyatın avtomatik idarə edilməsində və yolların tənzimlənməsində, sosial media vasitəsilə mədəniyyətin formalaşmasında və saysız-hesabsız bir çox sahədə mühüm rol oynayır. Lakin mənfi tərəflərin də bəzilərini sadalamaq yerinə düşər. Pis niyyətli insanların əlində süni zəka üz tanıma texnologiyaları və “deepfake” vasitələri ilə saxta videolar yaradaraq informasiya təhlükəsizliyinə, seçkilərdə yalan təbliğat apararaq, habelə saxta dissertasiya və elmi məqalələr yazaraq alim və mütəxəssis imicinə mənfi təsir göstərə bilər. Eyni məntiqlə, müdafiə məqsədilə deyil, sırf aqressiv xarici siyasət və müharibə məqsədləri üçün istifadə edənlər də süni intellektin mənfi imicinin formalaşmasına səbəb olurlar.

Əlavə qeyd edim ki, siyasi və dini mövzularla məlumat əldə etmək üçün süni intellektdən ya istifadə etməmək, ya da çox ehtiyatlı və şübhə ilə istifadə etmək lazımdır. Hər nə qədər bu mövzular üçün dizayn edilmiş xüsusi, ayrı süni zəka motorları olsa da, mövzular çox strateji olduğundan zidd cavablar ala bilərsiniz və səhv yönləndirilə bilərsiniz. Klassik üsullarla araşdırıb məlumatları daim yoxlamaq ən düzgün yanaşmadır.

Bunun xaricində, rəqəmsal süni musiqi və incəsənətdəki rolu da birmənalı deyil. Yəni bir çox insan duyğuları olan əsl rəssamın fırçasından çıxan əsərlərə tamaşa etmək, gerçək yazıçının yazdığı əsərlərdən mənəvi zövq almaq və incə ruhlu bəstəkarın musiqisini dinləmək istəyir, nəinki şablon robot istehsalı ştamp məhsulunu istehlak etmək. Bu da, anlaşılandır.

Dövlətlər bu texnologiyalardan faydalanmaq və riskləri idarə etmək üçün qanunvericilik və etik qaydalar tətbiq edirlər. Cənab Prezident İlham Əliyev ölkəmizin rəqəmsallaşması və süni zəkanın inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmişdir. Bu çərçivədə süni intellekt üzrə 2025–2028-ci illərə dair “milli strategiya” hazırlanmış və təfərrüatlı şəkildə işlənmişdir. Bu “milli strategiyada” dövlət idarəçiliyi, iqtisadiyyat, sosial sahə, təhsil, səhiyyə, müdafiə və təhlükəsizlik kimi istiqamətlərdə süni zəkanın gətirəcəyi dəyişikliklər, eləcə də bu sahədə yaranacaq çağırışlar və təhdidlər nəzərə alınmışdır. Bəli, faydalar əldə edilərkən mümkün mənfi təsirlər də unudulmamışdır. İnternetdə zərərli və əxlaqımıza zidd məzmunun qarşısını almaq üçün qanunlar tətbiq edilmişdir. Həmçinin süni zəka vasitəsilə hazırlanan məhsullar mütləq işarələnməli və saxta videoların hazırlanaraq pis məqsədlərlə istifadə olunması ciddi şəkildə cəzalandırılır.

Beynəlxalq analitiklərin son raportuna görə Azərbaycan süni zəkaya hazırlıq səviyyəsində 111-ci sıradan 70-ci sıraya yüksələrək tarixi bir uğura imza atmışdır. Bu sıçrayış bu il Azərbaycanı dünyada ən böyük artım göstərən ölkə mövqeyinə çıxarmışdır.

Cənab Prezident Recep Tayyip Erdoğan da çoxşaxəli rəqəmsallaşmaya, süni zəka etikası və milli texnologiyanın inkişafına xüsusi önəm verir. Türkiyədə dövlət tərəfindən dəstəklənən milli “Next Sosial” şəbəkəsi və milli “Troy” kredit kartı ödəniş sistemi kimi artıq reallaşmış bir sıra uğurlu rəqəmsallaşma təşəbbüsləri rəqəmsal müstəqilliyi gücləndirir, yerli mütəxəssisləri inkişaf etdirir və məlumatların xarici ölkələrə ötürülməsi riskini azaldır.

Türkiyədə süni zəkanın strateji öncəlik halına gətirildiyi sahələr müdafiə sənayesi, təhsil və tibb sektorudur. Türkiyə istehsal etdiyi raketlər, dronlar və digər “ağıllı mühimmat” sayəsində dünya liderləri arasında yer alır. Bundan əlavə, e-ticarət, maliyyə, nəqliyyat və logistika, kənd təsərrüfatı kimi sektorlara da ciddi fayda verir. Qardaş ölkədə hazırda 500-ə yaxın süni zəka texnologiyalarını inkişaf etdirən şirkətlər, bütün Türk Dünyasının “süni zəka ekosisteminin” qlobal rəqabət gücünü artırır.

Həm Azərbaycanda, həm də Türkiyədə rəqəmsallaşma və süni intellekt xalqın rifahını artırmaq, elmin inkişafına töhfə vermək və digər müsbət məqsədlərə yönəldilmişdir. Bu baxımdan hər iki ölkənin fərdi və həmrəy inkişafı  nümunəvi hesab olunur.

Süni zəka insanı bir çox sahədə əvəz edə bilməz, lakin çox yardımçı ola bilər. Məsələn, tibb sahəsində bilikləri daha rahat əldə etməyimizə, məlumatların analizində  və sistematikləşdirməsində faydalıdır. Fəqət şəfqətli təbib amili, pasiyenti fiziki müayinə edə bilmə imkanları və cərrahi müdaxilənin çoxşaxəli incəlikləri daim mühüm və təməl rol oynayacaq. Robotlar və digər müasir vasitələrlə cərrahi əməliyyat icra etdiyim zaman, onların bizi əvəz edəcəyi hissi məndə qətiyyən yaranmır. Xüsusilə mürəkkəb əməliyyatlar üçün bunun texniki olaraq mümkün olduğunu düşünmürəm; biz onları sadəcə daha az invaziv olmaq üçün istifadə edirik. Ən son model robotik cərrahiyyədə isə təkmilləşmiş süni zəka cərrahın fəaliyyətinə analiz və dəstək sistemi ilə inteqrasiya olunub ki, bu da bir sıra müdaxilələri daha rahat və təhlükəsiz edir.

WhatsApp

Həkim peşəsi aktuallığını heç bir zaman itirməyəcək, sadəcə daha texnolojik və çevik olacaq.

Təbii zəka sahibi olan insan əqidəli, vətənpərvər və məsuliyyətli olmalıdır ki, yaratdığı süni zəka da bu xüsusiyyətləri əks etdirsin.

Milli ideya və dəyərlərimizi qoruyaraq birlik içində olmaq hər birimizin borcudur. Hər nə qədər Milli İdeya haqqında ayrıca təqdimatda təfərrüatlara girmişəmsə də, qısaca deyə bilərəm ki, hazırkı dövrdə “rəqəmsal inqilabı” yox, “rəqəmsal təkamülü” yaşamamız üçün Azərbaycan bayrağı daim gözümüzün önündə olmalıdır. Onun dərin təcəssümünü dərk etmək və mənimsəmək, Milli İdeyamızın dayanıqlı vəziyyətdə olmasına yardımçı olacaq.

Dövlətimiz məni 12 il ölkə xaricində təhsil almağa istiqamətləndirib. Əslində bu, nadir görünən haldır — bu qədər uzun müddət dövlət xəttiylə təhsil almaq. Lakin ixtisaslaşmış yüksək texnolojik tibbi təhsilin minimal müddəti elə 10 ildir. Həmçinin, bu tibbi təhsilin içində 1 il İzmir şəhərində “Türk Dünyası Araşdırmaları İnstitutunda” Türkiyə türkcəsinin incəliklərinə yiyələnməmlə yanaşı ideoloji dayanıqlılıq aşılanmışdır. Bu gün rəqəmsal və qeyri-sabit çağda həmin 1 ilin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayıram və dövlətimə hərtərəfli bir vətəndaş kimi yetişməyimdə fəal rol oynadığı üçün minnətdaram. Bu, əslində ən böyük sərmayənin məhz vətəndaşa qoyulan kapital olduğunu göstərən bariz nümunədir.

Texnologiya çağında dayaq nöqtəmizi itirməməli, milli kimliyimizi və dəyərlərimizi qoruyub saxlamalıyıq.

Bizə “rəqəmsal imperializm” və “rəqəmsal diktatura” lazım deyil; idarə oluna bilən “rəqəmsal dayanıqlı inkişafa”“rəqəmsal müstəqilliyə” ehtiyac vardır. Yalnız bu halda süni zəka və rəqəmsallaşma cəmiyyətin inkişafına müsbət təsir göstərir.

Dövr nə olursa olsun, rabitə, nəqliyyat və texnologiya nə qədər inkişaf edirsə-etsin, Vətənimizin fiziki sərhədlərinin toxunulmazlığı və xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması daim aktual qalacaq. Klassik Vətən məfhumuna bu gün “Rəqəmsal Vətən” anlayışı da əlavə olunur. Biz onu təmiz və düzgün şəkildə inkişaf etdirib qoruyaraq həm öz xeyrimizə, həm də dünyada ədalət və sülhün bərqərar olmasına töhfə verməliyik.

Fürsətdən istifadə edərək, soydaşlarımı müqəddəs Ramazan bayramı və Türkün Ergenekondan çıxışını – Novruz bayramımızla əlaqəli təbrik edirəm və düşünürəm ki, bu gözəl milli-mənəvi həmrəyliyimizi möhkəmləndirən bayramları rəqəmsal dünyadan bir qədər uzaq, ailə üzvlərinizlə birlikdə, əsrarəngiz təbiətimizin qoynunda keçirsəniz, ruhən və fiziki olaraq enerji toplayıb, sonrasında Vətənimiz, Yaşıl və dayanıqlı dünya naminə yeni zirvələr fəth edərsiniz.

WhatsApp

Uzman Dr Aydın Talışinski, PhD

AR Xüsusi Tibb Xidməti nəzdində Xüsusi Müalicə Sağlamlıq Kompleksi

“UİD Azərbaycan” İdarə Heyətinin üzvü

Seçilən
102
musavat.com

1Mənbələr