Britaniyanın nüfuzlu "Daily Mail" nəşri Rusiya ordusunun Ukrayna cəbhəsindəki fəlakətli vəziyyəti və şəxsi heyətə qarşı tətbiq edilən sistemli işgəncələrlə bağlı şok təhqiqat dərc edib.
Musavat.com xəbər verir ki, əsgərlərin özləri tərəfindən gizli çəkilmiş video görüntülər orduda deqradasiyanın və qeyri-insani rəftarın dəhşətli miqyasını üzə çıxarıb. Təhqiqat materiallarında qeyd olunur ki, sıravi əsgərlər komandirləri tərəfindən vəhşicəsinə döyülür, elektroşokla işgəncəyə məruz qalır və palçığın içində sürünməyə məcbur edilirlər.
"Cəza" üsulu kimi günahkar sayılan əsgərlər mənfi dərəcəli şaxtada çılpaq şəkildə ağaclara bağlanır və ya günlərlə torpaq quyularda ac-susuz saxlanılır. Xüsusilə sarsıdıcı məqam isə komandirlərin acından ölən əsgərləri bir parça yemək üçün bir-biri ilə vuruşdurması və ya cəza olaraq ölümünə döyüşə məcbur etməsidir.
Ərzaq təminatı olmayan döyüşçülər sağ qalmaq üçün ətraf kəndlərdən kartof oğurlamağa məcbur qalıblar. Hətta qoltuq ağacında olan yaralıların belə məcburi şəkildə intihar hücumlarına göndərildiyi, əmrdən imtina edənlərin isə yerindəcə güllələndiyi və ya "yenidən tərbiyə" üçün ölüm quyularına atıldığı bildirilir. Bu faktlar Rusiya ordusunun daxilində nizam-intizamın tamamilə çökdüyünü və insan resursundan sadəcə "istifadə materialı" kimi istifadə edildiyini növbəti dəfə təsdiqləyir.
Musavat.com