AZ

İranın mini sualtı qayıqları Hörmüz boğazında “görünməz blokada” yaradıb

Britaniya KİV-i əsas təhlükənin raketlər deyil, gizli fəaliyyət göstərən sualtı donanma olduğunu vurğulayır...

Poliqon xəbər verir ki, bu barədə Britaniya mediasına istinadən israilli jurnalist Mixail Qureviç məlumat yayıb.

Aparılan təhlillərə əsasən, Hörmüz boğazında gəmiçiliyə yönələn əsas risk İranın hava və raket imkanlarından deyil, onun mini sualtı qayıqlardan ibarət donanmasından qaynaqlanır.

Bildirilir ki, İranın sualtı qüvvələrinin əsasını “Qədir” sinifinə aid mini-submarinlər təşkil edir. Təxminən 120 ton ağırlığında və 29 metr uzunluğunda olan bu qayıqlar xüsusi olaraq Fars körfəzinin dayaz və bulanıq sularında fəaliyyət üçün layihələndirilib. Onların kompakt ölçüləri 30 metrədək dərinlikdə effektiv manevr etməyə imkan verir, bu isə iri hücum sualtı qayıqları üçün əlverişsiz və asan aşkarlanan mühit hesab olunur.

Ekspertlərin qiymətləndirməsinə görə, Tehran bu tipdən təxminən on ədəd sualtı qayığa malikdir. Onların əsas vəzifəsi gecə saatlarında gizli şəkildə dəniz minalarının yerləşdirilməsi və tanker gəmilərinə qarşı torpedo hücumlarının həyata keçirilməsidir. Qeyd olunur ki, boğazın spesifik şəraiti, o cümlədən neft hasilatı ilə bağlı yüksək səs-küy və mürəkkəb sualtı relyef müasir sualtı qayıq əleyhinə sistemlərin belə bu vasitələri aşkar etməsini son dərəcə çətinləşdirir.

Bununla yanaşı, İranın arsenalında digər dəniz vasitələri də mövcuddur. “Fateh” sinifinə aid təxminən 600 tonluq daha müasir sensor sistemləri ilə təchiz olunmuş sualtı qayıqlar, həmçinin Rusiya istehsalı olan və 3000 tonluq “Kilo” sinifli dizel-elektrik sualtı gəmilər donanmanın tərkib hissəsidir. Lakin bu ağır platformalar dayaz sularda effektivliyini qismən itirir.

Eyni zamanda, İran diversiya məqsədli vasitələrə də malikdir. Bunlara döyüş üzgüçülərinin daşınması üçün xüsusi aparat və partlayıcı ilə yüklənmiş kamikadze qayıqları daxildir. Bu vasitələr asimmetrik dəniz müharibəsi strategiyasının mühüm elementi kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, İranın əsas strategiyası ABŞ-nin aviadaşıyıcılarını məhv etməkdən çox, qlobal neft ticarətini iflic vəziyyətinə salmaqdır. Hörmüz boğazının kütləvi şəkildə minalanması enerji daşıyıcılarının tədarükünü həftələrlə dayandıra bilər. Belə şəraitdə mina təmizləmə əməliyyatlarının həyata keçirilməsi isə son dərəcə mürəkkəb, uzunmüddətli və təhlükəli proses hesab olunur.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr