AZ

Bölgələrdə qiymət kəskin dəyişdi Bakıda bahalığı yaradan kimlərdir?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər bölgələrdə kənd təsərrüfatı məhsullarının kəskin ucuzlaşması və satışda yaranan çətinliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə Tovuz  rayonunda soğanın demək olar ki, maya dəyərindən də aşağı qiymətə təklif olunması, bəzi hallarda isə məhsulun anbarlarda və həyətlərdə qalması diqqət çəkir. Belə ki, Tovuzda soğan 7 qəpiyə təklif olunur. Bu vəziyyət həm fermerlərin zərərə düşməsini, həm də bölgələrlə paytaxt arasında qiymət fərqinin kəskin olduğunu göstərir. Halbuki gömrük və başqa xərc tələb olunmur. Bir tək yolxərcidir ki, o da qiymətə ciddi təsir edəcək qədər baha deyil.

Bölgələrdə məhsulun bu qədər ucuzlaşmasının əsas səbəbi nədir? Fermerlərin məhsulu sata bilməməsinin arxasında hansı problemlər dayanır? Rayonlarda ucuz olan məhsulun Bakıda baha satılmasının səbəbi nədir?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova qeyd edib ki, hər hansı bir məhsulun bölgələrdə birdən ucuzlaşması, kənd təsərrüfatı bazarında ciddi struktur probleminin olduğunun göstəricisidir:

“Qiymət çox vaxt təklif və tələbin balansından asılı olur. Məsələn, bu il bir çox rayonda soğan əkini genişləndiyi üçün bazarda məhsul bolluğu yaranıb. Yəni “təklif şoku” yaşanıb. Tələb isə eyni səviyyədə qaldığına görə qiymət kəskin aşağı düşüb”. İqtisadçı deyib ki, fermerlər çox vaxt bazarın nə qədər məhsula ehtiyacı olduğunu bilmədən eyni məhsulu kütləvi şəkildə əkirlər:

Kənd təsərrüfatında istehsal planlaşdırması güclü olsaydı, fermerlər bazarın nə qədər məhsula ehtiyacı olduğunu əvvəlcədən bilərdi. Və buna uyğun olaraq da, məsələn, bir il kartof, digər il isə soğan əkilərdi. Onu da qeyd edim ki, soyuducu anbarlar və emal müəssisələrinin azlığı səbəbindən də fermerlər məhsulu uzun müddət saxlaya bilmirlər. Nəticədə, məhsulu tarladan çıxan kimi satmaq məcburiyyətində qalırlar. Bu isə qiymətin düşməsinə gətirib çıxaran digər amildir. Əgər saxlanma və emal imkanları geniş olsaydı, fermer məhsulunu daha uyğun vaxtda bazara çıxarardı”.

Vüsalə Əhmədova

Rayonlarda ucuz olan məhsulun Bakı bazarlarında baha satılması məsələsinə gəlincə, Vüsalə Əhmədova bildirib ki, bu, əsasən, vasitəçi zəncirinin uzunluğu ilə bağlıdır:

“Satış infrastrukturunun zəif olması səbəbindən bir çox fermer məhsulunu birbaşa böyük bazarlara çıxara bilmir. Fermerlər topladıqları məhsulu tarladan birbaşa yerli toplayıcılara satırlar və bu məhsullar daha sonra Bakı və regional topdansatış bazalarına gətirilir. Buradan isə daşıyıcılar vasitəsilə pərakəndə satış mərkəzlərinə çatdırılır. Hər mərhələdə məhsulun üzərinə əlavə marja qoyulduğu üçün qiymət bir neçə dəfə artır. Ayrıca, paytaxtda bazar və market icarə xərcləri, vergilər, daşınma və s. xərclər də qiymətə əlavə olunur. Əsasən də, iri topdansatış bazaları və yerli toplayıcılar qiyməti müəyyən edirlər, məhsulu ucuz alıb, baha satırlar. Beləcə, bölgədə 7 qəpik olan soğan Bakı kimi böyük şəhərlərdə bir neçə dəfə baha olur”.

Vüsalə Əhmədova əlavə edib ki, supermarket şəbəkələri və böyük bazarlar fermerlərlə birbaşa işləməkdə maraqlı olsaydı və ya stabil təchizat problemi olmasaydı nəticə fərqli ola bilərdi:

“Burada, standartlaşdırma problemi də əhəmiyyət kəsb edir. Bəzi hallarda məhsulun ölçü, qablaşdırma və keyfiyyət standartları market tələblərinə uyğun olmur. Bu və digər problemlər aradan qaldırılmadıqca rayonlarda məhsul ucuz, paytaxt bazarlarında isə qiymət yüksək olaraq qalacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
globalinfo.az

1Mənbələr