BAKI, 23 mart. TELEQRAF
Rusiyanın Primorsk şəhərində yerləşən neft terminalı PUA hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Baltik dənizində ən böyük neft ixrac terminallarından biri olan Primorsk limanını vurub.
Hücumdan sonra limanda yanğın başlayıb.
Leninqrad vilayətinin rəhbərliyi hücum faktını təsdiqləyərək bəyan edib ki, region üzərində 50-yə yaxın PUA məhv edilib. Hücum zamanı limanda yanacaq saxlanılan çənlərdən biri zədələnib və yanğın baş verib. Yanğının söndürülməsi üzərində iş getdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi də açıqlayıb ki, gecə saatlarında ölkənin regionları üzərində ümumilikdə 249 Ukrayna PUA-sı vurulub. Dronların 128-i Bryansk, 50-si isə Leninqrad vilayəti üzərində məhv edilib.