AZ

Tokio Hörmüz boğazına qoşun göndərməklə bağlı Vaşinqtona söz verməyib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Yaponiya hökuməti bəyan edib ki, ölkənin Baş naziri Sanao Takaçi 19 martda Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirilən görüşdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün qoşun göndərilməsi ilə bağlı heç bir konkret öhdəlik götürməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

O bildirib ki, görüş zamanı Donald Tramp Tokionu Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırsa da, “Yaponiya bu məsələ ilə bağlı heç bir konkret vəd verməyib, belə bir fakt yoxdur”. Kihara əlavə edib ki, atəşkəs əldə edildikdən sonra da ölkənin Hərbi Dəniz Qüvvələrinin həmin bölgəyə göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb.

Yaponiyanın xarici işlər naziri Toşimicu Moteqi isə televiziya çıxışında ehtimal variant kimi bildirib ki, ölkənin silahlı qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi üçün göndərilə bilər. Onun sözlərinə görə, belə bir addım yalnız atəşkəs rejimi bərqərar olunduqdan sonra nəzərdən keçirilə bilər.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi vasitəsilə açıq okeanla birləşdirir və dünya üzrə neft ixracının təxminən beşdə biri məhz bu marşrutdan keçir.

Bundan əvvəl "CBS News" telekanalının müxbiri ABŞ kəşfiyyatının İranın Hörmüz boğazını minalaması ilə bağlı məlumat əldə etdiyini iddia etmişdi. ABŞ prezidenti Donald Tramp isə bu xəbərə münasibət bildirərkən belə məlumatın onda olmadığını deyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
bizimyol.info

1Mənbələr