AZ

Yazıçının etirafı: “Ədəbiyyat oğullarımın vecinə də deyil”

Bu dəfəki müsahibimlə görüşə gedərkən öz-özümə düşünürdüm ki, deyəsən, çox dəqiq adamdır. Çünki müsahibə ilə bağlı zəng vuranda bildirdi ki, saat 14:00-da AYB-də olum. “Bir dəqiqə də gecikmə”.

Nə yalan deyim, dəqiq insanları sevirəm. Ona görə də təyin olunan vaxtda Azərbaycan Yazıçılar Birliyinə çatdım. İkinci mərtəbəyə qalxıb yazıçı Seyran Səxavətin otağına tərəf gedirdim ki, dəhlizdə özü ilə qarşılaşdım. Mənimlə salamlaşıb otaqda 2 dəqiqə onu gözləməyimi söylədi…

“Yeni Sabah” bu gün 80 yaşı tamam olan yazıçı, dramaturq Seyran Səxavətlə müsahibəni təqdim edir.

– Bu gün 80 yaşınız tamam olur, sizi təbrik edirəm. Özünüzü necə hiss edirsiniz?

– Yaxşıyam. 80 yaşlı adamlar özlərini necə hiss edirsə, mən onlardan bir az daha yaxşıyam. Elə bil çətinliyim yoxdur. Əsas məsələ yaş deyil, insanın ruhudur.

– Bəs ruhunuzun yaşı neçədir?

– Təxminən 40-45 arası.

– Ad gününüzü necə keçirəcəksiniz? Yubileylə bağlı planlarınız nədən ibarətdir?

– Ailəmlə qeyd edəcəyəm. Ailəmiz də böyükdür. Bir günü də dostlara ayıracağam. Bir gün də hamı üçün böyük tədbir təşkil olunacaq.

– “Ailəmiz böyükdür” deyirsiniz. Neçə övladınız var?

– 5 övladım, 2 qız, 3 oğlan, 18 nəvəm, 6 nəticəm var. Təsərrüfatım böyükdür. Özümü o baxımdan böyük kişi hesab edirəm. Onların sayı qədər, hətta iki qat artıq da kitablarım var. Çalışırıq ki, bir-birimizi yola verək. İndiki dövrdə adamların bir-birinə qarşı sevgisi yoxdur. Bu gedişlə axırımız axıra oxşar vəziyyətə düşəcək. Millətindən, kimliyindən asılı olmayaraq, dünyanın iri dövlət başçılarının günahı ucbatından 1 nəfər uşaq həlak olursa, o, sivil deyil, zibil bəşəriyyətdir.

Bir dəfə demişdim ki, dünyanı ağıllı adamlardan qorumaq lazımdır. Onlar dünyaya istədikləri qədər pislik edə bilərlər. Adi bir dəmir və ya maşın ustası dünyaya nə edə bilər? Bütün ağıllı adamların hamısı yaxşı deyil. Bəşər övladı sürüşkən məxluqdur.

– Dəyişmək üçün nə etmək lazımdır?

– Bunun üçün çox şeylər etməliyik. Başlıcası da odur ki, nəfs bizi yox, biz nəfsimizi idarə etməyi bacaraq. Dünyanı idarə edən nəfsdir. İnsanın qarnı 15 dəqiqəyə doyur, gözü isə 80 ilə də doymur. Adamlar artıq heyvaniləşir. Əvvəllər hamı bir-birinin qayğısına qalır, əl uzadırdı. Ən pisi odur ki, insanlarda mərhəmət hissi yoxdur.

– Bəlkə də insanların şəhərlərə kütləvi axını, burada gördükləri şeylər bir az onları dəyişir. Ümumiyyətlə, şəhər və kənd adamları arasında hansısa fərqlər varmı?

– Dünyanın ilkin yaşayış maketi kənddir. Şəhər isə bir az bic və saxta yerdir. Bəlkə də kəndlilər çətinlikdən qaçaraq şəhərlərə üz tutur. Torpaq dəmirdən də ağırdır. Onunla işləmək üçün gərək o ağırlıqda adam olasan. Artıq Azərbaycanda kənd yoxdur. Adamlar isə daha saf deyillər, saf idilər. Valideyn iki nəfər olur: ata və ana. Mərhəmətin olmadığı bir mühitə iki nəfər necə təsir edə bilər? Ona görə övladları da daha tərbiyə edə bilmirik. Tərəziyə qoyanda mühit daha ağır gəlir. Həzrəti Əli deyib ki, uşaqlar öz valideynlərindən çox mühitlərinə oxşayırlar.

– Övladlarınız nə işlə məşğuldurlar? İçərilərində ədəbiyyata marağı olanlar varmı?

– Bu sahədə tək özüməm. Oğlanlarımın isə ədəbiyyat vecinə də deyil. Digərləri isə demək olar ki, işsizdir. Çünki iş yoxdur. Qızımın yaxşı qələmi var. Vaxtilə “525-ci qəzet”də “Allahla söhbət” adlı essesi yayımlanmışdı. Rəhmətlik şairimiz Fikrət Qoca onu oxuyub bəyənmiş və bir esse ilə qızımı AYB-yə üzv götürmüşdülər. Təxminən 25 il əvvəl bir qəzet var idi. Orada məşhur sənət adamlarının övladlarından müsahibə alırdılar. Həmin vaxt bizə də gəlmişdilər. Oğlumdan soruşdular ki, danışmaq istəyərsən? O da bildirdi ki, yox, bir o qalıb ki, qəzetdə şəklim çıxsın. Qızım onda 8-ci sinifdə oxuyurdu, dedi ki, mən danışaram. Müxbir orada Ləmana sual vermişdi ki, qardaşlarınla necə dolanırsan? Demişdi ki, itlə-pişik kimi, amma bir-birimizi çox istəyirik. Jurnalist qız çıxanda qayıtdı ki, Orxan, müsahibə vermirsən, heç olmasa Seyran Səxavətin əsərlərini oxumusan? Oğlum dedi ki, mən heç Məhəmməd Füzulini oxumuram, Seyran Səxavəti oxuyacağam?!

– Nə hisslər keçirdiniz o sözü eşidəndə?

– Heç kimi günahlandırmadım. Hər şeyi mühitin boynuna qoydum.

– Qızınızdan danışdınız, AYB-yə üzv olubmuş, bəs davamı niyə gəlmədi?

– Çox həssas uşaqdır, mərhəmətlidir. Bir sözlə, yükü ağırdır. Bir əlində mərhəmət, bir əlində həssaslıqla yaşamaq çox çətindir.

– AYB-ni ən çox tənqid edənlər əsasən gənc yazıçılardır. Sizin onlarla münasibətiniz necədir?

– Çox yaxşı.

– Ən çox kimi bəyənirsiniz?

– Qan Turalı, Aqşin Yenisey, Seymur Baycan, Mirmehdi Ağaoğlu və s. Kəramət Böyükçöl isə sadaladıqlarımın içində ən istedadlısıdır. Mənə çox yaxındır. Bir dəfə demişdi ki, kimsə mənə sual versə ki, böyüyəndə kim olacaqsan, deyərdim ki, Seyran Səxavət olacağam. Özünü də çox sevirəm. Əsərlərini də məmnuniyyətlə oxuyuram. “Çöl” romanında bir hissə var: arvad çoban olan ərinə deyir ki, məni həkimə, aborta apar. Kişi də deyir ki, həkim nədir, çıx oradan, pəyənin üstünə atlan, özü düşəcək. Çox təbiidir. Təbiilik isə ən gözəl silahdır.

Qadın yazıçılar arasında da sevdiklərim var. 20-ci əsr qadın ədəbiyyatı indikilərin yanında çox solğundur. Təranə Turan var onların içində. Filologiya elmləri doktorudur. Onun şeirindən iki misranı demək istəyirəm:

“Elə susdum, daş bildilər,

Hördülər divara məni.”

Əfşan Yusifqızı, Samirə Əşrəf, Ülkər Nicatlı, Arzu Nehrəmli də yaxşı yazıçı və şairlərdir. Qızlar çox yaxşı işləyirlər. Mən hər zaman sözlə dost olmuşam. Heç kəsin qara qaşına, qara gözünə aşiq deyiləm.

–Yaşla bağlı sizin dövrün yazıçıları çox tənqid olunur. Ən çox da Anar Rzayev. Deyirlər ki, yerlərini heç kəsə vermirlər…

– Anar futbolçu deyil axı, yazıçıdır. Futbolçuya yaş qoyarlar. Danışanlar da gedib öz başlarına ağıl qoysunlar. Tənqid özü düzgün ifadə deyil. Danışılanlar, yazılanlar hamısı fikirdir. İndiki tənqidçilər də hamısı günəmuzddur. Yazıçı haqqında ən yaxşı sözü ancaq başqa bir yazıçı deyə bilər.

– Sovet dövründə Şərqşünaslıq fakültəsinə qəbul olmaq çətin imiş. Necə olub ora daxil ola bilmisiniz?

– Elədir. Həmin dövrdə şərqşünaslıq və hüquqşünaslıq fakültələrinə qəbul olmaq çətin idi. Orada katiblərin və rəhbər şəxslərin övladları təhsil alırdı. Bizi 2-ci, ya da 3-cü kursdan xaricə praktikaya göndərirdilər. 1 il işləyəndə “Moskviç-412” alıb gəlirdin. 3 şöbədə cəmi 25 nəfər oxuyurdu: 12 ərəb, 7 fars, 6 nəfər isə türk qrupunda idi. Ora Mərkəzi Komitənin, Nazirlər Sovetinin, Ali Sovetin balaları üçün “bron” idi. Bəzən onlar uğursuz olanda, mənim kimi kənd uşaqları savadı ilə həmin fakültəyə daxil ola bilirdi. Fars bölməsini bitirmişəm.

– İndi necə, fars dilini bilirsiniz?

– Əlbəttə. Tum kimi çırtlayıram. Çünki işləmişəm.

– Nə qədər vaxt işləmisiniz?

– İki il işlədim. O vaxt təyinatımı SSRİ Müdafiə Nazirliyi vermişdi. Rusdan-farsa, farsdan da rusa sinxron tərcümə edirdim. Qayıdandan sonra “Ədəbiyyat qəzeti”ndə işə başladım. İran şahının vaxtında oraya getdim. İki il işlədim, amma müddətimi uzatmadım. Bakının çayxanaları və dostlarım üçün darıxdım. Azərbaycansız qala bilmirəm.

– Siz necə, rus dilini bilirdiniz?

– Belə də. Anam müəllimə idi, həm rusca, həm də ermənicə bilirdi. O öyrədirdi məni. Kənddən gələn saf uşaq idim. Bunları görüb əsəbiləşirdim. Hamı adını belə rusca deyirdi. Ramiz Rövşən şahiddir, çox dava edirdik, amma yaxın dost olmuşuq.

– “Qızıl teşt” tamaşanızda baş rolu ifa edən qadın obrazı real şəxsə aid edirlər. Doğrudur?

– Azərbaycan xalqı istedadlıdır, amma şayiə yaymaqda da istedadlıdır. Deyirdilər ki, obraz Təranə Musayevadır. Amma bu, ümumiləşdirilmiş obrazdır. Heç kimə ithaf etməmişəm. Tamaşa o vaxt böyük rezonans doğurmuşdu. Hətta İsmayıl Şıxlı yazmışdı ki, səhnənin sonunda tamaşaçılar yarım saat ayaq üstə alqışladı.

– Vəzirovla bağlı deyilənlərə münasibətiniz?

– Onunla şəxsi tanışlığım olmayıb. Mənim üçün o, sadəcə tamaşaçıdır. “Qızıl teşt”i siyasiləşdirmək istəyənlər onu oraya gətirmişdilər.

– Sonda, yubileyinizlə bağlı gözlədiyiniz xüsusi hədiyyə varmı?

– Məni tanıyanlar bilir ki, əlim heç vaxt yuxarıların ətəyində olmayıb. Bir az da yuxarıda – Allahın ətəyində olub. Dövlətdən isə gözlədiyimi almışam. Ata və anamın qəbrini görmək istəyirdim. Torpaqlarımız qayıdandan sonra kəndimizə getmək qismət oldu. Ondan böyük mükafat yoxdur mənim üçün. Artıq 80 yaşım var, xalq məni tanıyır, başqa heç bir istəyim yoxdur.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
61
50
yenisabah.az

10Mənbələr