AZ

Qalib Rəhimli: YURDUN NƏFƏSİ, SÖZÜN SƏSİ



(Şair Kamil Carçallının yurd sevgisindən
doğulan sözü və yaddaşın poetik ifadəsi)


Müasir Azərbaycan poeziyasında yurd həsrəti, təbiət sevgisi və milli ruhu özündə birləşdirən şairlər arasında Kamil Carçallının yaradıcılığı xüsusi diqqət çəkir. Yurdun nəfəsi, sözün səsi onun yaradıcılığında aydın görünür. Filoloq təhsili almış müəllifin poeziyaya gəlişi təsadüfi deyil. Sözə məhəbbət, dilin incəliklərinə bələdlik və xalq ruhuna bağlılıq onun şeirlərində aydın hiss olunur. Qazağın Kəməri kəndində – İncə dərəsinin qoynunda doğulması şairin poetik dünyasını formalaşdıran əsas qaynaqlardan biri olub. Bu torpağın nəfəsi, çayı, dağı, kənd adları, elin yaddaşı onun misralarında yaşayan canlı obrazlara çevrilir.
Azərbaycan ədəbiyyatında elə söz adamları var ki, onların yaradıcılığı kitab səhifələrinə sığmır. Yaratdlğı sözlər torpaqdan boy alır, yurdun nəfəsi ilə yaşayır, xalqın yaddaşı ilə danışır. Şair Kamil Carçallı da məhz belə qələm sahiblərindəndir. Onun poeziyası yalnız bədii nümunə deyil, həm də bir ömrün, bir yurdun və bir xalqın duyğular toplusudur. Bu səbəbdən onun şeirləri süni bəzəkdən uzaq, səmimi və təsirli görünür. Kamil Carçallının yaradıcılığında sözə sədaqət və mənəvi dürüstlük əsas xətt kimi keçir. “Gözəlləşər” şeirində şair həyatın fəlsəfəsini sadə, lakin dərin mənalı misralarla ifadə edir:

“Ürəyi mərd olan durar qabaqda,
Ortadan yeyənlər gəzər qıraqda.
Qurunun oduna yanan ocaqda,
Alovun qoynunda köz gözəlləşər.”


Bu misralarda yalnız poetik fikir yox, həm də həyat təcrübəsinin süzgəcindən keçmiş bir həqiqət var. Şair üçün gözəllik zahirdə deyil, mənəviyyatda, sınaqlardan çıxan insanın daxili bütövlüyündədir. Onun poeziyasında yurd sevgisi yalnız bir mövzu deyil, əsas ideya xəttidir. “Dağlar bizdən inciyəcək” şeirində bu hiss ağrı və məsuliyyət çaları ilə təqdim olunur:

“Yurdun bizdən üzü döndü,
Binələrdə ocaq söndü.
Qaytarmadıq ‘Qılınc kəndi’,
Dağlar bizdən inciyəcək.”


Burada dağlar sadəcə təbiət elementi deyil. Dağlar yaddaşdır, vicdandır, itirilmiş yurd yerlərinin canlı simvoludur. Şairin yurd adlarını sadalaması isə coğrafi təsvir yox, milli yaddaşın poetik xəritəsidir. Kamil Carçallının yaradıcılığında Vətən sevgisi və şəhidlik mövzusu xüsusi həssaslıqla işlənir. “Üşümürəm, ay ana...” və “Son laylamı de, gedirəm, ay ana!” şeirləri bu baxımdan oxucunu dərindən sarsıdır:
“Qar torpağın, torpaq mənim yorğanım,
Üşümürəm, ay ana...”

“Ölümün gözünə baxan oğlanam,
Bayrağı Şuşaya taxan oğlanam...”


Bu misralarda qəhrəmanlıq pafosdan uzaq, səmimi və kövrək bir tonla təqdim olunur. Ana ilə oğul arasında qurulan mənəvi körpü şeirlərə xüsusi emosional güc verir. Sevgi lirikasında isə şair daha sakit, lakin dərin bir ton seçir. “Bir sevda ağlayır könlündə sənin” şeirində məhəbbət ağrı ilə yoğrulmuş taleyə çevrilir:

“Ayrılıq ömrünə sancılan oxdu,
Tüstüsüz alovu, kədəri çoxdu.
Nakam məhəbbətin vüsalı yoxdu,
Bir sevda ağlayır könlündə sənin.”


Bu şeirdə hisslərin təbii axını qorunur, şair süni dramatizmdən qaçaraq oxucunun qəlbinə birbaşa yol tapır. Kamil Carçallının poeziyasında xalq ruhu, aşıq ənənəsi və folklor nəfəsi də aydın duyulur. “Aşıq Fariz oxuyanda”, “İncə dərəsində”, “Dağlar” kimi şeirlərdə sazın səsi, yurd xatirələri və keçmişin kövrək izləri canlanır:

“Qönçəsində açar güllər,
Aşıq Fariz oxuyanda.”
“Elim İncə dərəsində.”


Bu misralar oxucuya yalnız poetik zövq vermir, həm də onu keçmişə aparır, doğma yerlərin ruhunu yaşadır. Şairin dil üslubu sadə və axıcıdır. Bu sadəlik onun poeziyasının gücünü azaldan yox, əksinə, artıran əsas amildir. O, mürəkkəb ifadələrə yox, səmimi sözə üstünlük verir və bu səbəbdən oxucu ilə arasında təbii bir bağ yaranır.

Kamil Carçallının poeziyası xalq ruhuna bağlı, yurd sevgisi ilə yoğrulmuş və duyğusal səmimiyyəti ilə seçilən bir yaradıcılıqdır. Onun şeirlərində həm aşıq poeziyasının təsiri, həm də klassik Azərbaycan lirikasının nəfəsi duyulur. Dağlar, kəndlər, yurd yolları, ana laylası və əsgər andı – bütün bunlar şairin söz dünyasında bir bütöv mənəvi xəritəyə çevrilir. Kamil Carçallı addım-addım söz zirvəsinə doğru gedən, büdrəsə də sözə sədaqətindən dönməyən şairlərdəndir. Onun poeziyası oxucunu həm düşündürür, həm kövrəldir, həm də doğma torpağın qoxusunu xatırladır. Elə buna görə də bu şeirlər sadəcə misralar deyil, yurdun yaddaşı, insanın qəlb səsi və zamanın içindən gələn bir çağırışdır.
Kamil Carçallının poeziyası hm də yurdun nəfəsindən doğulan, sözün səsinə çevrilən bir mənəvi dünyadır. Bu şeirlərdə torpaq sevgisi, Vətən ağrısı, ana kövrəkliyi və insan qəlbinin ən incə duyğuları bir araya gəlir. Onun yaradıcılığı oxucunu yalnız düşündürmür, həm də hiss etdirir, yaşadır və yaddaşla bağlayır. Belə şairlər söz yazmır, sözü yaşayır. Kamil Carçallı da məhz bu yaşayan sözün, bu nəfəs alan poeziyanın şairidir. Onun yaradıcılığı səmimiyyəti, milli ruhu və mənəvi dərinliyi ilə ədəbi mühitdə özünəməxsus yer tutur və bu söz yolu onu hələ uzun müddət oxucu qəlbində saxlayacaq, uğurla sözün zirvə ömrünə aparacaq.





Seçilən
48
aia.az

1Mənbələr