AZ

Həbsdəki Karapetyan üçün Putindən qoşun istədilər

Dövlət Dumasına xaricdə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edilməsi erməni müxalifətini həvəsləndirdi

Xəbər verdiyimiz kimi, Dövlət Dumasına məhkəmələr tərəfindən xaricdə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təqdim etdiyi layihəyə əsasən, Rusiya prezidenti xaricdə məhkəmələrin qərarı ilə həbs olunan və ya mühakimə edilən ölkə vətəndaşlarını müdafiə etmək üçün ordudan istifadə edə bilər.


Dövlət Dumasına təqdim olunan sənəd prezidentə və digər dövlət orqanlarına belə səlahiyyət verir: əgər Rusiya vətəndaşları Moskvanın qanunsuz saydığı məhkəmələrin qərarı ilə xaricdə həbs olunarsa, onların müdafiəsi üçün istənilən tədbirlər görülə bilər. Duma sədri Vyaçeslav Volodin bildirib ki, təşəbbüsdə məqsəd “dost olmayan dövlətlərin hərəkətlərindən vətəndaşların hüquqlarını qorumaqdır”.

Dövlət orqanları prezidentin qərarı ilə xaricdə həbs olunmuş vətəndaşların müdafiəsi üçün tədbirlər görməyə borclu olacaq. Sənəddə Rusiya Silahlı Qüvvələrinin “eksterritorial istifadəsi” mümkünlüyü də vurğulanır.

”Doqquz aydır Ermənistanda həbsdə olan və azadlıqdan məhrum olan Samvel Karapetyanın Rusiya vətəndaşı olduğu heç kimə sirr deyil. Karapetyanın həbsinə qərar verən məhkəmələrin yurisdiksiyası Rusiya Federasiyası ilə bağlanmış müqavilələrə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmır. Bundan əlavə, çoxsaylı Rusiya rəsmiləri Karapetyanın həbsini qanunsuz hesab etdiklərini və ona konsulluq dəstəyinin göstərildiyini bildiriblər”. Musavat.com xəbərt verir ki, bunu “Hrparak” nəşri yazır.

Nəşr sual edir ki, bu qanun layihəsinin qəbulundan sonra Rusiya Prezidenti Vladimir Putin öz səlahiyyətlərini həyata keçirə və vətəndaşı Samvel Karapetyanı qorumaq üçün Rusiya silahlı qüvvələrinə belə bir göstəriş verə bilərmi? Nəşr yazır ki, nəzəri olaraq, Putin belə göstəriş verə bilər: “ Prezidentin bunu praktikada edib-etməyəcəyini demək çətindir. Lakin bu suala cavab verərkən nəzərə alınmalıdır ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası qanuni olaraq Ermənistan ərazisində yerləşir. Bazada yerləşən xüsusi təyinatlı qüvvələr, əmr verilsə, Karapetyanı qorumaq üçün xüsusi əməliyyat keçirə bilərlər. Əlbəttə ki, Ermənistanın Rusiya Silahlı Qüvvələri ilə qarşılaşa bilən xüsusi təyinatlı qüvvələri də daxil olmaqla silahlı qüvvələri var. Lakin belə bir halda, misli görünməmiş bir vəziyyətin - Ermənistan-Rusiya hərbi toqquşmasının şahidi olardıq ki, bu da erməni xalqının tarixində misli görünməmiş bir şeydir. Digər tərəfdən, bu, Paşinyan tərəfindən şişirdilən "sülh köpüyünü" partlada bilər”.

“Hraparak” yazır ki, bu, sırf nəzəri vəziyyət deyil: “Böyük dövlətlər bu cür qanunları qəbul edərkən, adətən, konkret hərəkətlər üçün planlaşdırma və hazırlıqla dəstəklənirlər. Buna görə də heç nəyi istisna etmək olmaz”.

Ekspertlər isə hesab edirlər ki, bu sənədin məqsədi hüquqi deyil, daha çox psixolojidir. Hüquqşünaslar bu təşəbbüsü “informasiya səs-küyü” adlandırır. Ekspertlərə görə, bu, daha çox formal xarakter daşıyan və real tətbiq üçün nəzərdə tutulmayan qanundur. Hüquqşünaslar bildirir ki, belə qanunlar çox vaxt praktik mexanizm deyil, daha çox təzyiq alətidir.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr