BAKI, TurkicWorld
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi strategiyası ilə bağlı növbəti sərt bəyanatını verib. Baş nazir vurğulayıb ki, İsrail ordusu qarşıya qoyulan məqsədlərə çatmaq və milli maraqları təmin etmək üçün həm İranda, həm də Livanda hərbi əməliyyatları dayandırmayacaq.
TurkicWorld xəbər verir ki, Netanyahunun sözlərinə görə, hücumların əsas hədəfi düşmənin strateji imkanlarını tamamilə sıradan çıxarmaqdır: "Biz İran və Livanda zərbələr endirməyə davam edəcəyik ki, raket proqramını, nüvə infrastrukturunu və Hizbullahın rəhbərliyini tamamilə məhv edək."
Baş nazir İsrailin döyüş meydanında əldə etdiyi uğurların diplomatik müstəvidə də rıçaq rolunu oynadığını qeyd edib. O, ABŞ Prezidenti Donald Trampın bu nailiyyətlərə münasibətinə də toxunub:
"Prezident Tramp inanır ki, bizim əldə etdiyimiz hərbi nailiyyətləri müharibənin məqsədlərinə xidmət edən və maraqlarımızı qoruyan bir sazişdə istifadə etmək ehtimalı mövcuddur. Biz öz maraqlarımızı hər bir yolla qorumağa davam edəcəyik."
Netanyahunun bu çıxışı Vaşinqtonun 5 günlük "atəşkəs" və ya zərbələri təxirə salma təşəbbüsü fonunda Təl-Əvivin öz müstəqil hərbi xəttini qoruyacağını nümayiş etdirir. İsrail hökuməti İranın nüvə təhdidi və Hizbullahın raket arsenalı tam zərərsizləşdirilmədən əməliyyatların bitməyəcəyinə dair qətiyyətli mövqe nümayiş etdirir.